"Bəda" nədir və nə üçün ona inanırsınız?
“Bəda” kəlməsi ərəb dilində “aşkar” və “zahir” olmaq, şiə alimlərinin istilahında isə bəyənilən və saleh əməllər nəticəsində bir insanın taleyinin təbii yolunun dəyişməsinə deyilir.
"Bəda" məsələsi mütərəqqi şiə ideologiyasının yüksək təfəkküründən biridir, özü də əql və vəhy məntiqindən qaynaqlanır. Quran baxımından insan öz taleyi və müqəddəratı qarşısında həmişə məcbur (əli bağlı) deyildir, əksinə səadət yolu onun üçün açıqdır, o, haqq yolunda layiqli rəftarlara malik olmaqla öz həyatının axır-aqibətini dəyişdirə bilər. Buna görə də bu həqiqəti ümumi və daimi bir prinsip kimi belə bəyan edir: اِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّي يُغَيِّرُواْ مَا بِاَنْفُسِهِمْ “Həqiqətən Allah heç bir qövmü, onların özləri öz vəziyyətlərini dəyişməyincə, dəyişməz.” (Rəd surəsi, ayə-11) وَلَوْ اَنَّ اَهْلَ الْقُرَي آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاء وَالآَرْض “Əgər qəryələrin (abadlıqların) əhalisi iman gətirib pərhizkar (təqvalı) olsaydılar asimanın və yerin bərəkət qapılarını onların üzərinə açardıq.” (Əraf surəsi, ayə-96) Həzrəti Yunisin (ə) taleyinin dəyişdirilməsi barəsində buyurulur: فَلَوْلَا اَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ اِلَي يَوْمِ يُبْعَثُونَ “Əgər o, təsbih deyənlərdən olmasaydı qiyamət gününə qədər onun (balığın) qarnında qalardı.” (Saffat surəsi, ayə:143-144) Sonuncu ayədən məlum olur ki, hadisələrin zahiri gedişatı Yunis peyğəmbərin qiyamətə qədər o xüsusi bir “zindanda” qalmasını tələb edirdi, lakin o həzrətin layiqli əməli (yəni təsbih deməsi) onun həyat yolunu, müqəddəratını tamamilə dəyişdirdi və ona nicat verdi. Bu həqiqət islami rəvayətlərdə də bəyan edilmişdir. Peyğəmbəri Əkrəm (s) buyurur: اِنَّ الرَّجُلَ ليَحْرُمُ الرِّزْقَ بِالذَّنْبِ يُصِيبُهُ وَ لَا يَرُدُّ الْقَدرَ اِلاَّ الدُّعَاءُ وَ لَا يَزِيدُ فِي الْعُمْرِ اِلاَّ البِّرُّ “Bir insan günah səbəbi ilə ruzidən məhrum olur, dua etməkdən başqa heç bir şey onun təqdirini və taleyini dəyişdirə bilməz. Onun ömrünü yaxşılıq və ehsan etməkdən başqa bir şey də uzada bilməz.” ("Müsnədi Əhməd”, 5-ci cild, səh.277æ “Müstədrək” (Hakim), 1-ci cild, səh.493æ bunun oxşarı “Əttacul-camiu lil-üsul” kitabının 5-ci cildinin 111-ci səhifəsində gəlmişdir.) Bu və bu kimi sair rəvayətlərdə bəyan olunur ki, insan Allahın əmr və fərmanlarına qarşı üsyankarlıq və günah edərək ruzidən məhrum olunmağa məhkum olunur. Lakin layiqli rəftar və əməllərlə, o cümlədən dua etməklə öz taleyini, müqəddəratını dəyişdirə bilər, başqalarına yaxşılıq etməklə ömrünü uzada bilər. NƏTİCƏ Quran ayələrindən və Peyğəmbər (s) sünnəsindən aydın olur ki, insan çox vaxt özünün adi rəftarları çərçivəsində təbii səbəblər nəzərindən, eləcə də işlərin adi gedişatının əksül-əməli ilə xüsusi bir taleyə məhkum olunur və ya bəzən Allah övliyalarından biri - Peyğəmbər və imam ona xəbər verib deyir ki, əgər onun bu rəftar tərzi davam edərsə filan taleyə düçar olacaqdır. Lakin gözlənilməz bir dəyişiklik nəticəsində əvvəlkindən tamamilə fərqlənən rəftara malik olar və bu yolla öz axır-aqibətini dəyişdirə bilir. Vəhy məntiqindən, Peyğəmbər (s) sünnəsindən və sağlam əqldən qaynaqlanan bu həqiqət şiə alimlərinin istilahında “bəda” adlanır. “Bəda” təbiri şiəyə xas olan istilah deyil, əksinə sünnülərin mənbələrində və Peyğəmbərin (s) sözlərində də gözə dəyir. Məsələn, Peyğəmbər (s) yuxarıda qeyd olunan hədisdə bəda kəlməsindən istifadə etmişdir: بَدَاَ اللّه عَزَّ وَ جَلَّ اَنْ يَبْتَلِيَهُمْ Qeyd olunmalıdır ki, bəda məsələsi Allahın müqəddəs dərgahında, Onun elmində dəyişiklik mənasına deyil, çünki Allah əzəldən insanların rəftarının təbii gedişatından, eləcə də bu gedişatı dəyişdirə biləcək amillərin təsirindən agahdır (bu amillər bədaya səbəb olur). Quranın özü də bəda barəsində xəbər verərək buyurur: يَمْحُو اللّهُ مَا يَشَاءُ وَ يُثْبِتُ وَ عِنْدَهُ اُمُّ الْكِتَابِ “Allah istədiyi şeyi məhv edir, istədiyi şeyi saxlayır və Ümmül-kitab (Lövhi-məhfuz) Onun yanındadır.” (Rəd surəsi, ayə:39) Deməli bəda baş verən zaman Mütəal-Allah sadəcə olaraq Öz yanında əvvəlcədən məlum olan bir həqiqəti bizə aşkar edir. Buna görə də imam Sadiq (ə) buyurur: مَا بَدا اللّهُ فِي شَيْءٍ اِلاَّ كَانَ فِي عِلْمِهِ قَبْلَ اَنْ يَبْدُوَ لَهُ “Allah üçün bəda baş verən elə bir şey yoxdur ki, (Allah) əzəldən ona agah olmamış olsun.” (Üsuli-Kafi, 1-ci cild, kitabi-tovhid, babul-bəda, hədis:9) Ahlibeyt.ge Oxşar xəbərlər
|