Anasını incidən şərabxorun əhvalatı
Malik ibn Dinar deyir:
Həcc səfərinə getmişdim. Ərəfatda bir dəstə adamı gördüm. Özlüyümdə düşündüm: - Kaş, bunların hansının həccinin qəbul olduğunu biləydim. Bunu bilsəydim həcci qəbul olmuş şəxsi təbrik edərdim, həcci qəbul olmayana isə başsağlığı verərdim. Mən bir gecə yuxuda gördüm ki, bir səs belə deyir: - Allah bu camaatın hamısını öz məğfirət və bağışlama neməti ilə uca tutmuşdur. Yalnız Məhəmməd ibn Harun Bəlxinin həcci qəbul olmamışdır. Səhər açılan kimi Xorasandan gəlmiş zəvvarların yanına gəlib onlardan Məhəmməd ibn Harunu soruşdum. Dedilər: - O, arif və zahid adamdır. Onu Məkkənin xarabalıqlarında tapa bilərsən. Çox axtarandan sonra Məhəmmədi bir xarabalıqda tapdım. Onun əli boynuna bağlanmış, ayaqlarında zəncir var idi və o vəziyyətdə namaz qılırdı. Namazdan sonra məni görüb soruşdu: - Kimsən? Dedim: - Malik ibn Dinar. - Yuxu görmüsən? - Bəli. - Hər il sənin kimi saleh bir şəxs mənim barəmdə yuxu görür. - Bu işin səbəbi nədir? Məhəmməd ibn Harun dedi: - Mən şərab içirdim. Anam mənim bu işimə mane olurdu. Bir gün məst halında onu çox incitdim. Məstlikdən ayıldıqdan sonra yoldaşım anama qarşı etdiyim pis hərəkətlərimi mənə xəbər verdi. Öz əməlimdən bərk peşman oldum. Anamı incitdiyim əlimi kəsdim. Ayağımı da zəncirlə bağladım. Hər il həcc ziyarəti edirəm, dua və istiğasə edib Allaha yalvarıb deyirəm: - Ey qəm və kədərləri açan! Mənim qəm və kədərimi aç, anamı məndən razı et ki, mənim günahlarımı bağışlasın. Ey Malik! Bu qədər bil ki, mən öz çirkin əməlimdən əl çəkdim, iyirmi altı qulam və kənizimi Allah yolunda azad etdim. Malik deyir: - Ona dedim ki, sən bu əməlinlə bütün yer üzünü az qala yandıracaqmışsan. Sonra onun yanından qayıtdım. Həmin gecə həzrət Rəsulullahı (s) yuxuda gödüm. Peyğəmbər (s) buyurdu: - Ey Malik! İnsanları Allahın rəhmətindən məyus etmə. Bil ki, Allah Taala Məhəmməd ibn Haruna rəhm edərək onun duasını qəbul etdi və günahlarını bağışladı. Bu məsələni ona xəbər ver və de ki, dünya günləri ilə üç gün odda qalacaq. Allah anasının ürəyini ona qarşı yönəldəcək və rəhmə gətirəcək. Beləliklə, anası onu halal edəcək. Bundan sonra ana və övladı hər ikisi birlikdə cənnətə daxil olacaq. Mən Məhəmmədin yanına gəlib öz yuxumu ona danışdım. O, mənim müjdəmi eşidən kimi ruhu bədənindən ayrıldı. Ona qüsl verdim, kəfənə bükdüm, cənazə namazı qıldım və dəfn etdim. Qaynaq: Əli Əkbər İmad, “Rəngarəng”, c. 2, səh. 63. Hazırladı: Seyid Zahir Oxşar xəbərlər
|