HƏZRƏT MUSANIN (Ə) QÖVMÜNƏ NAZİL OLAN BEŞ BƏLA
Mьəllif: admin1
Tarix: 19-04-2017, 10:34
HƏZRƏT MUSANIN (Ə) QÖVMÜNƏ NAZİL OLAN BEŞ BƏLA
Qurani-Kərimdə bizə Musa peyğəmbərlə Fironun əhvalatından gözəl nümunələr çəkilir. “Yunus” surəsinin 75-ci ayəsində buyurulur:

ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَى وَهَارُونَ إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا مُّجْرِمِينَ


“Sonra biz Musa və Harunu öz ayələrimizlə Fironun və qövm başçılarının yanına göndərdik. Amma onlar təkəbbürlük etdilər (haqqı qəbul etmədilər). Onlar günahkar bir dəstə idi.”

Bu ayəyə əsasən, Firon və tərəfdarlarının həzrət Musaya (ə) qarşı çıxmalarına təkəbbür bais olub. Təkəbbür və qürur isə insanı inadkarlığa vadar edir, Allahdan uzaqlaşdırır və heç vaxt Allaha və haqqa təslim olmağa icazə vermir. Allah-Taala bunu “Əraf” surəsinin 132-136-cı ayələrində belə buyurur:

وَقَالُواْ مَهْمَا تَأْتِنَا بِهِ مِن آيَةٍ لِّتَسْحَرَنَا بِهَا فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ


“Onlar (Fironun qövmü) dedilər: “(Ey Musa,) bizi sehrləmək üçün hər nə nişanə və möcüzə gətirsən də, əsla iman gətirən deyilik.”

Qurani-Kərimə əsasən, həzrət Musa (ə) onları doğru yola yönəltməkdən ümidini üzmədi, ayrı-ayrı nişanə, aydın dəlil və möcüzələrdən sonra qəflət yuxusundan ayılmaları, inadkarlıqlarından əl çəkmələri üçün Allahdan bəla göndərməsini istədi. Onların başına gələn bəlalardan beşini qeyd edirik:

فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُّفَصَّلاَتٍ فَاسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا مُّجْرِمِينَ


“Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtkə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idi.”

1. فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ – Bu ayədə buyurulduğu kimi, Fironun qövmünün mübtəla olduğu ilk bəla “tufan” idi. Tufan dilimizdə şiddətli küləyə, ərəb dilində isə şiddətli təlatüm və fırtınaya deyilir. Nuh peyğəmbərin əhvalatında da şiddətli külək yox, fırtına nəzərdə tutulur. Allahın əmri ilə rəhmət və bərəkət sayılan yağış bəzən fəlakətə çevrilir. Hər halda, tufan və şiddətli fırtınalar Firon qövmünə həyatı daraltdı. Onlar bunun səmavi bəla olduğunu anladıqdan sonra həzrət Musanın (ə) hüzuruna gəlib, onun aradan qalxmasını istəyərək Allaha iman gətirəcəklərinə söz verdilər. Həzrət Musanın (ə) duası ilə bəla aradan qalxdı və camaat adi yaşayışına qayıtdı. Firon və tərəfdarları əhd-peymanlarını pozaraq iman gətirmədilər. Nəhayət, yeni bəla nazil oldu.

2.وَالْجَرَادَ – Allahın əmri ilə o məntəqədə qeyri-adi şəkildə çəyirtkə artmağa başladı. Milyonlarla çəyirtkə böyük bir ordu kimi, tez bir zamanda əkin sahələri və yaşıllıqları məhv etdi. Onlar bütün təkəbbür və qürurları ilə Rəbbin müti əsgərləri olan kiçik həşəratlar müqabilində aciz olduqlarını gördükdə, Allahın peyğəmbərinin hüzuruna gedib, bəlanın aradan qalxdığı təqdirdə iman gətirəcəklərini söz verdilər. İnsanların hidayətindən başqa məqsədi olmayan həzrət Musa (ə) onların haqqı qəbul etməyə meyilli olduqlarını gördükdə, dua etdi və bəla aradan qalxdı. Onlar isə, yenə iman gətirmədi, təkəbbür və qürurdan əl çəkmədilər!

3. وَالْقُمَّلَ – Üçüncü dəfə Allah-Taala o inandkar qövmün canına “qümməl”i saldı. Məlum nəzərə əsasən, “qümməl” gənə növündəndir. Lakin bəzi lüğət kitablarında əkin məhsullarına düşən və onları məhv edən kiçik həşərata deyilir. Bu məna o zamanla daha münasibdir. Çünki onların dolanışığı daha çox əkinçiliklə təmin olunurdu. Onlar yenidən bu bəla ilə iqtisadi böhrana düşdülər. Bu dəfə də iman vədələri və həzrət Musanın (ə) duasından sonra əhd-peymanın pozulması təkrarlandı.

4. وَالضَّفَادِعَ – Firon qövmü yenidən ilahi bəlaya düçar oldu. Bu zaman adi vaxtlarda insana zərərsiz olan heyvanlar ilahi əzabın məmuru oldular. Allahın əmri ilə sürətlə qurbağalar törəməyə başladı. Xalq qurbağa sürüsünün qəfil hücumları ilə üzləşdi. Qısa müddət ərzində qurbağalar onların yaşayış mühitlərini işğal etdi; evləri, mətbəxləri, yemək və su qabları bütünlüklə qurbağaların məskəninə çevrildi. Fironun qövmü zahirdə zərərsiz və sakit görünən heyvanlar müqabilində aciz qaldıqda, yenə bəlanın aradan qalxması istəyi və iman vədəsi, həzrət Musanın (ə) duası, bəlanın aradan qalxması və onların vədələrinə xilaf çıxması təkrarlandı.

5. وَالدَّمَ – Allah-Taala onları beşinci bəlaya düçar etdi və insan həyatında ən mühüm rol oynayan qan vasitəsilə cəzalandırdı. Təfsirçilər arasında onların qan bəlası ilə necə cəzalandırılmaları haqda fikirayrılığı vardır. Bəzi alimlərə görə, o zaman bütün camaatın burnundan qan gəlməyə başladı. Hamı əlinə dəsmal alıb burnunun qanını təmizləməklə məşğul idi. Bəziləri də deyirlər ki, Nil çayı qana döndü; nə içməli, nə bağları və əkin sahələrini suvarmalı, nə də bir şeyi təmizləməli (yararlı) su qalmadı! Bu qəribə bəla, sözsüz, həyatı onlara dözülməz etdi və qara günə çevirdi.

Onlar beşinci dəfə də həzrət Musaya (ə) yalvarıb-yaxardılar və o həzrət yenə iman gətirəcəklərinə ümid bəsləyib dua etdi və bəla aradan qalxdı. Lakin onlar adi həyat tərzinə qayıtdıqda, yenə iman gətirmədilər və nəhayət, Nildə qərq oldular. Onların əhvalatı təkəbbür, inadkarlıq və lovğalığın acınacaqlı aqibətinə dair bir nümunədir. (“İbadur-rəhman”, Ayətullah Məkarim Şirazi, “İlahi bəndələrin ilk səciyyəsi” bölümü.)


Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031