Həqiqi aşiqlərin zümzüməsi
Əzizlərim! Bu yolu qət etmək üçün əvvəlcə Allahın lütf və mərhəmətinə sarılın, Qurandan çıxan və məsumlardan bizə çatan mənaca zəngin zikrlərə təvəssül etməklə addımbaaddım Onun müqəddəs zatına yaxınlaşın. Xüsusilə, insanın tamamilə onun müqəddəs zatına bağlı olmasını bəyan edən bu zikrlərin mənalarını cani-dildən tətbiq edin və Musa (ə) kimi siz də deyin:
رَبِّ اِنّى لِمٰا اَنْزَلَتَ اِلىَّ مِنْ خَيرٍ فَقيرٌ “Pərvərdigara! Mən, sənin mənə nazil edəcəyin hər bir xeyrə möhtacam.” (1) Əyyub (ə) kimi deyin: رَبِّ اِنّى مَسَّنّى الضُرُّ وَ اَنْتَ اَرْحَمُ الرّاحِمينَ “Pərvərdigara! Mənə çətinlik və bəla üz verib. Sən mehribanların ən mehribanısan.” (2) Nuh (ə) kimi deyin: رِبِّ اِنِّى مَغْلُوبٌ فَانْتَصِرْ “Pərvərdigara! Mən məğlub olmuşam, buna görə də mənim intiqamımı onlardan al!” (3) Yusif (ə) kimi deyin: يا فاطرَ السَّمَواتِ وَ الاَْرْضِ أَنْتَ وَلِيى في الدُّنْيا وَ الاْخِرَةِ، تَوَفَّنِي مُسْلِماً وَ ألْحِقْنِي بالصّالِحينَ “Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı müsəlman olduğum halda al və məni salehlərə qovuşdur!” (4) Talut və dostları kimi deyin: رَبَّنا اَفْرِغْ عَلَينا صَبْراً وَ ثَبِّتْ اَقْدامَنا وَ انْصُرْنا عَلَى الْقَوْمِ الْکافِرينَ “Ey Rəbbimiz, bizə səbir və dözüm ver, qədəmlərimizi möhkəmləndir və bizi kafir qövm üzərində qalib et!” (5) Sağlam ağıl sahibləri və ulul-əlbab kimi ərz edin: رَبَّنا اِنَّنا سَمِعْنَا مُنادِياً ينادِى لِلاْيمانِ اَنْ آمِنُوا بِرَبِّکُمْ فَآمَنّا رَبَّنا فَاغْفِرْ لَنا ذُنُوبَنا وَ کَفِّرْ عَنّا سَيئاتَنا وَ تَوَفَّنا مَعَ الاْبْرارِ “Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, günahlarımızı bağışla, pisliklərimizi ört və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!” (6) Bunların hansı haqqında yaxşı düşünsəniz, görərsiniz ki, hər biri ilahi maarif və nur dəryasıdır, cahanın və varlıq aləminin böyük yaradanına olan sevgidən hekayət edir. Hansı ki, bu sevgi insanı müntəzəm olaraq ona daha da yaxınlaşdırır. Məsumların (əleyhis-salam) zikrlərindən, “Aşura” və “Ali Yasin” ziyarətlərindən, “Səbah”, “Kumeyl”, “Nüdbə” və s. dualarından yardım alın. Hətta “Ərəfə” duasının bir çox sətirlərini namazlarında oxuya bilərsiniz. Müfəssəl olmayan, qısa şəkildə olsa belə, gecə namazını unutmayın. Çünki o, nəhəng bir iksirdir. Gecə namazı olmadan çox az insan mənəvi məqama nail ola bilər. Hər yolla olursa olsun, bacardığınız qədər Allahın məxluqlarına (insanlara) kömək edin. Bunun ruhi təkamüldə və yüksək mənəvi məqamlara çatmaqda böyük təsiri var. Bir gününü belə ən azından bir və ya bir neçə xidmət göstərməmiş keçirməyin. Bu duaların hiss və təsirini öz qəlbində gerçəkləşdirməlisiniz. Ehtiyac əllərinizi feyz mənbəyinə tərəf elə qaldırmalısınız ki, sanki ürək onu yad etmədən ruhsuz bir ət parçası və ölü bir məxluqdur. Daha sonra əllərinizi xeyirxah və pak insanlara (peyğəmbərlər və məsum imamlara (əleyhimus-salam)), onların davamçılarına yəni, böyük alimlərə, Allah dərgahının yolçularına və arif insanlara tərəf uzadın. Onların həyat tərzləri və başlarına gələn hadisələr barədə düşünün. Çünki, onların batinlərinin nurlu şəfəqləri qəlbinizin daxilində parlayacaq. Siz də onun ardınca hərəkət edəcəksiniz. Böyük insanların həyatı ilə ünsiyyətdə olmaq onların özləri ilə ünsiyyətdə olmaq kimidir. Necə ki, pis insanların həyatı ilə ünsiyyətdə olmaq pislərin özü ilə ünsiyyətdə olmaq kimidir. Birincisi ağlın artmasına və dinin, imanın güclənməsinə, ikincisi isə acizlik və bədbəxtliyə səbəb olur. Heç vaxt unutmaram: Səkkizinci Höccət - İmam Rzanın (ə) daim nurla dolu və mənəvi ziyarət səfərlərinin birində asudə vaxtlarım nisbətən çox olduğu üçün müasir İslam ariflərindən birinin hikmətlə dolu həyat tərzi haqqında sakitlik içində mütaliə etdim. Qəflətən vücudumda heç bir zaman bənzərini görmədiyim həyəcan və inqilab yarandı. Özümü hər şeyi ilahi rəngdə olan yeni bir aləmdə hiss etdim. Allah sevgisindən başqa heç nəyi düşünmürdüm. Azacıq təvəssül və dua ilə göz yaşları sel kimi axırdı. Lakin hayıf ki, bu hal bir neçə həftədən artıq çəkmədi. Şərait dəyişəndən sonra o mənəvi vəziyyət də dəyişdi. Kaş, o hal həmişə öz yerində qalaydı! Onun hər anı bir dünyaya dəyərdi. Mənbələr: 1. "Qəsəs" surəsi, ayə 24. 2. "Ənbiya" surəsi, ayə 83. 3. "Qəmər" surəsi, ayə 10. 4. "Yusif" surəsi, ayə 101. 5. "Bəqərə" surəsi, ayə 250. 6. "Ali-İmran" surəsi, ayə 193. /makarem.ir/ Oxşar xəbərlər
|