Həzrət Abbas (ə) sonadək bayrağı əlindən buraxmadı...
İmam Səccad (ə) buyurur: "Allah dərgahında Abbas üçün böyük bir məqam vardır ki, bütün şəhidlər Qiyamət günü o məqama qibtə edərlər”.
Bəli, Əmirəl-möminin (ə) şücaətli və igid oğlu Abbas Aşura və Tasua səhnəsinin əsl qəhrəmanı idi. Bu vəfalı qardaş və təqvalı cəngavər qardaşının dirəyi və sağ əli idi. Əbülfəzl Abbasın şücaəti və igidliyi Bəni-Haşim qəbiləsi arasında çox məşhur idi. Tərihi onun haqqında yazır: "Dağ kimi böyük, qəlbi möhkəm idi. Ata minməyi şir kimi idi və mahir qılınc vuran idi”. Əbülfəzl Abbas bütün əxlaqi, dini, ruhani və ürfani ədəblərə malik bir insan idi. İmam Hüseynə (ə) qarşı olan ədəbi salehlərin ədəbindən idi. İmam Hüseynə (ə) xitab edən zaman "mənim Mövlam” və ya "Rəsulallahın övladı” deyərdi. Onun fikri və zehni imanında büdrəmələr müşahidə olunmamışdır. Qəlbində şəkk və şübhədən əsər yox idi və həyatın bütün çıxılmaz vəziyyətlərindən asanlıqla çıxış yolu tapardı. O, başqa qardaşlarına da örnək olur və onları da əbədi səadətə tərəf hidayət edirdi. Hər kəs ona baxanda atasını xatırlayardı və sanki İmam Əli (ə) onun heybətli cismində öz təcəllisini tapmışdı. Döyüş meydanında atası kimi cəsarətli və ürəkli, insanlarla söhbət edən zaman səbirli və məntiqli idi. Kərbəlada Abbasın mübarək qolları qət olan zaman buyurdu: "Ya Rəsulallah! Mən itrət və Quran üçün Kərbəlaya gəlmişdim, əllərimi də itrətin və Quranın üçün verdim”. Həzrət Abbasa "Babəl-həvayic” ləqəbini əbəs yerə verməyiblər. O, həyatda olan zaman belə İmam Hüseynin (ə) babəl-həvayici idi və hər kim İmamdan (ə) bir şey istəmək istəsə idi, Abbasa tərəf tələsərdi. Çünki bilirdi ki, Abbas onun hacətini tez yerinə yetirəcəkdir. Ey Əbül-fəzl! Sən dinin haqqını o zaman əda etdin ki, qardaşının əmri ilə düşmənə tərəf tələsdin və dua və münacat üçün fürsət istədin. Sən yaxşı bilirdin ki, İmamın (ə) namaz və ibadətə qarşı nə qədər susuzdur. Sən yaxşı bilirdin ki, İmam (ə) Quran oxumağı nə qədər sevirdi. Nəql edirlər ki, Kərbəlada qarət olan əşyaları gətirən zaman onların arasında böyük bir bayraq var idi və onun hər yeri zədə görmüşdü, tutacaq yerindən başqa. Yezid (lən) heyrətlə həmin bayrağa baxdı və dedi: "Bu bayrağı kim gəzdirirdi?”. Dedilər: "Əlinin (ə) oğlu Abbas”. Yezid (lən) təəccübü üzündən üç dəfə oturub ayağa qalxdı və orada olanlara dedi: "Bu bayrağa bir baxın, tutacağından başqa heç bir yeri salamat qalmayıbdır. Çünki bayraqdar onu əlində aparırdı və bu da onu göstərir ki, əlinə dəyən ox və nizə yaralarına dözürmüş, ancaq bayrağı əlindən buraxmamışdır”. Salam olsun sənə, ey Hüseynin (ə) vəfalı qardaşı! /Deyerler.org/ Oxşar xəbərlər
|