İbadətin bəlası, kəramətin bəlası, insanlara xidmətin bəlası – İmam Səccadın (ə) mübarək nəzərində
İmamət səmasının dördüncü İmamı olan İmam Səccadın (ə) nəzərinə görə, hər bir şeyin bəlası olduğu kimi, ibadətin də bəlası vardır. Bəs bu bəla nədir?
Bu dünyada olan hər bir şeyin bəlası vardır, o cümlədən izzətin, xidmətin, kəramətin... Ona görə də İmam (ə) hər dəfə Allaha belə dua edərdi: "Allahım, mənim ibadətimi təkəbbürlə xarab etmə”. Yəni, mənə ibadət tövfiqi ver, ancaq bəlalarından da məni qoru. İbadətin ən böyük bəlası – təkəbbürdür. Yəni, ibadət edən insan elə bilir ki, artıq kimsə olmuşdur və məqama çatmışdır. Öz ibadətləri ilə fəxr etməyə və lovğalanmağa başlayır və nəticədə təkəbbür ibadətlərinin savabını aradan aparır. Təkəbbür təkcə ibadətləri zay etmir, eyni zamanda izzətin də bəlasıdır. İmam Sadiq (ə) buyurur: "Məni təkəbbürə düçar etmə”. Yəni, mənə elə izzət ver ki, təkəbbürdən uzaq olsun. İzzətdə təkəbbür etmək odur ki, insan əziz tutular və nəticədə təkəbbür edər. Bəs insanlara xidmətin bəlası nədir? İmam Səccadın (ə) nəzərinə görə, insanlara xidmət etməyin ən böyük bəlası – minnət qoymaqdır. İmam (ə) duasında buyurur ki, Allahım, insanlara yardım edim, ancaq başlarına minnət qoymayım. Yəni, mənə insanlara yardım etmək tövfiqi ver, ancaq bəlası olan minnətdən uzaq olsun. Bəs kəramətin bəlası nədir? Bəli, kəramətin də bəlası vardır. Belə ki, İmamın (ə) etdiyi duada oxuyuruq: "Allahım, mənə kərim əxlaq ver, ancaq məni fəxr etməkdən və lovğalanmaqdan qoru”. İbadətimizi, izzət və kəramətimizi və başqa saleh əməllərimizi bu kimi bəlalardan qorumağa çalışaq ki, savabını əldən verməyək. /Deyerler.org/ Oxşar xəbərlər
|