İmam Zamanı (ə.f) görmək və ya onunla görüşmək mümkündürmü?
İmamı görmək və onunla görüşmək dedikdə İmamın böyük qeyb dövrü nəzərdə tutulur. İmam qeybə çəkilmədən öncə və ya kiçik qeyb zamanında (262-329) onu görənlər, onunla görüşənlər və nümayəndələri çox olub. (Üsuli-Kafi, cild-1, səh-330. Təbərsi, Əlamul-Vura, cild-2, səh-214. əl-İrşad, cild-2, səh-351)
İmam Zamanı görmək və görüşməklə bağlı iki fikir var. Kimiləri onunla görüşməyi qeyri-mümkün bildiyi halda kimiləri də bunun mümkün olduğunu bildirir və tarixdə bu haqda sübutların olduğunu ortaya qoyur. Görüşü inkar edənlər, İmam Zamanı gördüm deyənləri təkzib edən hədislərə istinad edirlər. Bu kimi hədislərdə, İmam Zaman son naibinə vəsiyyət edərək buyurur ki, İmamla görüşdüm deyən, yalançı və iftiraçıdır. (əl-İhticac əla əhlil-Licac, cild-2, səh-478). Məhəmmədi Rey-şəhri "Daneşnameye İmam Məhdi"də (cild-5, səh-179) yazır ki İmamın belə bir vəsiyyəti sui-istifadə edəcək insanların qarşısını almaq üçün idi. İmam Zamanla görüşmək olar və bu tarixdə baş verib, deyənlər isə belə sübut gətirir: İmam Zamanla görüşməyin mümkünlüyünü deyən bir neçə hədis var ki onların ikisi daha etibarlıdır. Üsuli-Kafi əsərində (cild-1, səh-340) İmam Sadiqdən belə bir hədis var: "Qaimin iki qeyb dövrü olacaq; biri qısa, digəri isə uzun sürəcək. Birincidə onun yerini yalnız xüsusi şiələr biləcək. İkincidə isə onun yerini yalnız onun xüsusi övliyaları (dostları) biləcək." Digər oxşar mötəbər hədisi də Şeyx Tusi əl-Ğeybə əsərində (səh-161) gətiribdir. İmam Zamanla görüşmək olar deyənlər, 12-ci imamla görüşmək üçün digər imamlardan nəql edilən münacatlar, dualar və ziyarətnamələrə istinad edirlər. Onlar deyir ki bu münacat və ziyarətnamələrin qayəsi 12-ci imamla görüşmək olaraq qeyd edilib. Elə isə İmam Zamanı görmək mümkün olmazsa onda bu ziyarətnamə və münacatlar yersiz olardı. Şeyx Səduq, Şeyx Mufid və Şeyx Tusi kimi böyük şiə alimləri öz əsərlərində İmam Zamanla görüşənlər haqda fəsillər nəzərdə tutaraq, İmamla görüşün mümkünlüyünü deyiblər. (Məhəmmədi Rey-şəhri, Daneşnameye İmam Məhdi, cild-5, səh-180) Müasir alimlərdən Seyid Abdullah Şübbər, Ayətullah Lütfullah Safi Gülpayeqani və digərlərinin qənaətinə görə, müxtəlif dövrlərdə İmam Zamanla görüşən alim və övliyaların xəbərləri mütəvatir həddədir. Təbərsi Nuri "Nəcmus-Saqib" əsərində (səh- 320-443) İmam Zamanı görən və ya onunla görüşən Mirza Məhəmməd Hüseyn Naini, Seyid ibni-Tavus, İbrahim Kəfəmi, Məhəmməd Təqi Məclisi, Əbul-Həsən Şərani, Şeyx Hürri-Amili, Müqəddəs Ərdəbili, Mirza Məhəmməd Əstərabadi, Şəhid-Sani, Seyid Bəhrul-Ülum, Seyid Nemətullah Cəzayiri və Şeyx Murtəza Ənsari kimi alimlərin adlarını çəkib. (İslaminSesi) Oxşar xəbərlər
|