“Ayətul-kürsü”nün 50 bərəkətli kəlməsi
"Ayətul-kürsü”də 50 kəlmə vardır ki, hər birinin bərəkəti vardır. Quranın hər bir ayəsinin xüsusi məqamı vardır və bəziləri başqa ayələrdən üstündür. Ancaq bəzi ayələrin xüsusi nuru olur və açar rolunu oynayırlar.
Onlara "Ğurəril ayət” deyirlər. Mənası "nur saçan və mühümdür” deməkdir. Bəzi ayələr Quranda açar rolunu oynayır və onun vasitəsilə başqa ayələri dərk etmək olur. Bu ayələrdən biri də "Ayətul-kürsü”dür. Əllamə Təbatəbainin nəzərincə "Ayətul-kürsünün” ən mühüm xüsusiyyəti odur ki, "ğurər” ayələrdəndir. İslamın bütün məsələləri: əqaid, əxlaq, əhkam və hüquq tövhidə qayıdır. Bu ayə də tövhid ayələrindəndir. Tövhid bütün maarif və layiqli əməllərin bünövrəsidir. Ona görə də bu ayələr açar rolunu oynayan ayələrdir. İmam Sadiq (ə) buyurur: "Əbuzər Peyğəmbərdən (s) soruşur ki, sizə nazil olan ayələr içərisində hansı ayə başqalarından daha üstündür?”. Həzrət (s) buyurur: "Ayətul-kürsü””. Həmçinin İmam Əli (ə) buyurur: "Dəfələrlə eşitmişəm ki, Həzrət Rəsul (s) buyurur: "Quran kəlamlarının seyyidi - Quranın bütün kəlamlarıdır. Bütün Quranın ağası mübarək "Bəqərə” surəsidir. "Bəqərə” surəsinin ağası və Quran maarifi "Ayətul-kürsüdür”. Peyğəmbər (s) bu hədisin sonunda İmam Əliyə (ə) buyurur: "Ya Əli! "Ayətul-kürsüdə” 50 kəlmə vardır. Onun hər kəlməsində bərəkət vardır”. Başqa bir hədisdə Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, hansı ayə Quran ayələri içərisində böyükdür. "Ayətul-kürsü”nü oxumağa başlayır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: "Hər bir şeyin zirvəsi və qalası vardır ki, Quranın zirvəsi "Ayətul-kürsü”dür. Əlbəttə, "Ayətul-kürsü”nün tövhidi olması çox mühümdür. "Ayətul-kürsü”də Allahın gözəl adları: "Həyy, Qəyyum, Əla, Əzim” zikr edilmişdir. İmam Əli (ə) buyurur: "Allahın Rəsulu (s) mənə xəbər verdi ki, "Ayətul-kürsü” Pərvərdigar ərşinin altındakı xəzinədən ona əta edilmişdir. Peyğəmbərdən (s) əvvəl heç kimə əta edilməmişdi. Belə ki, bu ayə Peyğəmbərə (s) təxsis edilmişdir.” Aləmdə olan hər şey Allahın xəzinəsidir. "(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk)”. ("Hicr” 21). Bu ayədən başa düşmək olur ki, hər bir şey nəinki xəzinədir, bəlkə onun xəzinələri vardır. Bununla da görmək olur ki, Allahın xəzinələri müxtəlifdir. "Ayətul-kürsü” də bu xəzinələrdən biridir. Bu ayə Allahı və tövhidi gözəl şəkildə bəyan edir. Bundan başqa "Ayətul-kürsünün” şəfaverici xüsusiyyəti də vardır. Belə ki, İmam Baqir (ə) buyurur: "Hər kim "Ayətul-kürsünü” bir dəfə oxusa, Allah min dünya və min axirət bəlasını ondan uzaqlaşdırar. Dünya bəlalarından ən azı - fəqirliyi, axirət bəlalarından isə qəbir əzabını ondan uzaqlaşdırar”. Həzrət Peyğəmbər (s) buyurur: "Kim "Ayətul-kürsünü” bütün namazlardan sonra oxusa, onunla cənnət arasında ölümdən başqa bir şey qalmayacaq”. Əgər tövhid insan həyatına kölgə salarsa, bütün çətinlikləri həll olar. Çünki bütün dini əhkamların qayıtdığı məsələ - tövhiddir. /Deyerler.org/ Oxşar xəbərlər
|