ORUCUN ƏHƏMİYYƏTİ VƏ FAYDALARI
Mьəllif: admin1
Tarix: 1-05-2022, 11:04
ORUCUN ƏHƏMİYYƏTİ VƏ FAYDALARI
Allah-Taala Qurani-Kərimin "Bəqərə” surəsinin 183-cü ayəsində oruc haqda belə buyurur:

یا أَیهَا الَّذِینَ آمَنُوا كُتِبَ عَلَیكُمُ الصِّیامُ كَما كُتِبَ عَلَى الَّذِینَ مِن قَبلِكُم لَعَلَّكُم تَتَّقُونَ

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) ola bilsin təqvalı olasınız!”

"Oruc” lüğətdə "imsak” və hər bir şeydən çəkinmə mənasını ifadə edir. Fiqh leksikonunda isə, Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə sübh azanından şam azanına qədər orucu batil edən doqquz işdən çəkinməyə "oruc” deyilir. (Orucu batil edən doqquz iş bunlardır:

1. yemək-içmək;

2. cima (cinsi əlaqə);

3. istimna (spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək);

4. Allah, Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) adından yalan demək;

5. qəliz tozu boğaza çatdırmaq;

6. başı suya batırmaq;

7. sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq;

8. axıcı (maye) şeylərlə imalə etmək;

9. bilərəkdən qusmaq.)

Tarixdə bir çox şahidlər gözə dəyir ki, oruc yəhudi, məsihi və digər qövm və millətlər arasında da mövcud olmuşdur. Onlar çətinliklər və müsibətlərlə üzləşdikdə, tövbə etmək və Allahın razılığını qazanmaq istədikdə, oruc tutur və bununla Onun dərgahında öz acizliklərini və günahkar olduqlarını etiraf edirmişlər.

"İncil”dən həzrət İsa Məsihin (ə) qırx gün oruc tutduğu göstərilir ("Təfsiri-nümunə”, 1-ci cild, səh.633.) və Qurani-Kərimdə açıq-aşkar buyurulur ki, bu ilahi fərizə keçmiş ümmətlərə də vacib olunmuşdur. (Bəqərə” surəsi, ayə 183.)

Orucun insana bir sıra madi-mənəvi fayda və təsirləri vardır ki, biz burada onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:

1. Oruc nəfsin günahlardan, çirkin və rəzilliklərdən təmizlənməsində, ruhun təkamülü, insani keyfiyyətlərlə zinətlənməsində əsaslı təsirə malikdir. Oruc tutan şəxs günahları tərk etməklə "nəfsi-əmmarə”ni cilovlayıb nəzarət altına alır və öz ixtiyarına keçirir.

Oruc tutulan günlər günahın tərki və nəfslə mübarizə üçün bir məşqdir. Orucluq müddətində insan öz nəfsini günahlardan və çirkinliklərdən paklamaqla, yemək-içmək kimi halal ləzzətlərə göz yumur və beləcə, öz nəfsinə səfa və nuraniyyət verir.

Bir sözlə, orucun təqvalı olmaqda rolu böyükdür. Buna görə də Qurani-Kərim orucun şəriət qanunu şəklinə salınmasını təqva əldə olunmasından ötrü əsas amil hesab etmiş və "...bunun vasitəsilə ola bilsin təqvalı olasınız.” – deyə buyurmuşdur. İmam Rza (ə) necə də gözəl buyurmuşdur:

إِنَّمَا أُمِرُوا بِالصَّوْمِ لِكَيْ يَعْرِفُوا أَلَمَ الْجُوعِ وَ الْعَطَشِ فَيَسْتَدِلُّوا عَلَى فَقْرِ الْآخِرَة

"İnsanlar oruc tutmağa əmr olunmuşlar ki, aclıq və susuzluq acısını dadsınlar və onun vasitəsilə axirət səfalətini dərk etsinlər.” ("Vəsailuş-şiə”, 4-cü cild, səh. 4, hədis 5; "İləluş-şəraye”, səh.10.)

2. Oruc yoxsul və varlı təbəqələr arasında bərabərlik prinsipini qoruyur və oruc tutan şəxs aclıq-susuzluğu dadmaqla yoxsulları və cəmiyyətin məhrum təbəqəsini xatırlayır, onların haqqını vaxtlı-vaxtında ödəyir. İmam Sadiq (ə) buyurur:

إِنَّمَا فَرَضَ اللَّهُ (عَزَّ وَ جَلَّ) الصِّيَامَ لِيَسْتَوِيَ بِهِ الْغَنِيُّ وَ الْفَقِير

"Allah-Taala orucu vacib etmişdir ki, onun vasitəsilə zənginlə yoxsul bərabərləşsin.” ("Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, hədis 1766-1769.)

3. Oruc gigiyenik və müalicəvi təsirlərə, cismin sağlamlığında böyük rola malikdir. Necə ki, əziz Peyğəmbərimiz (s) buyurmuşdur:

صُومُوا تَصِحُّوا

"Oruc tutun ki, sağlam olasınız.” ("Biharul-ənvar”, 59-cu cild, səh.267.)

Məşhur rus alimi Aleksey Soforin özünün "Müalicənin yeni üsulu – oruc” kitabında yazır: "Orucla müalicə ecazkardır və oruc tibb elminin qarşısında yeni yollar açır. Bir çox xəstəliklərin müalicəsi üçün oruc tutmaq məsləhət görülür və orucun qan azlığı, ürək, qan-damar sisteminin yeniləşməsi, ifrazat sistemi, böyrək, ciyər, göz və s. xəstəliklərə təsiri olduqca böyükdür. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

لِكُلِّ شَيْ‏ءٍ زَكَاةٌ وَ زَكَاةُ الْأَبْدَانِ الصِّيَامُ

"Hər bir şeyin zəkatı vardır, bədənlərin də zəkatı oruc tutmaqdır.” ("Əl-kafi”, 4-cü cild, səh.62, hədis 3; "Təfsiri-nümunə”, 1-ci cild, səh.632.)


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031