Ramazan ayında ruhumuza necə enerji verək?
Ramazan ayı ruhumuzun və cismimizin enerji alması və güclənməsi üçün gözəl fürsətdir. 11 aydan yığılmış qabarlar, kin-küdurət, nifrətdən qurtulmaq üçün bu ay qızıl fürsətdir.
Bu, elə bir enerjivericidir ki, bir ay bizə bu enerjini verir və 11 ay bizə kifayət edir. Yəni, həqiqi ehtiyaclarımızı ödəyə bilir. İnsan iki hissədən ibarət olan bir canlıdır: ruhdan və bədəndən. Əgər insan hər ikisini inkişaf etdirə bilsə, dünya və axirət səadəti nəsibi olar. Əgər bu iki hissədən biri ayrı-ayrılıqda inkişaf edərsə və bir yerdə olmazsa, həqiqi səadətə çata bilməyəcəkdir. İnsanın ruhu cismi kimi üç cür ola bilir: sağlam, xəstə və ölü. Ancaq əgər ruha enerji versək, onu pak və təharət halında saxlamış olarıq. Yəni bu zaman ruh bütün çirkinliklərdən və günahdan uzaq olmağa çalışacaqdır. Ruh kamala və qüdrətə çata bilir. Günahlar ruhu zəiflədir. Günah işlətməkdən özünü saxlayan ruh qüdrətə və əzəmətə çata bilər. Bəs əgər ruhumuza enerji və qüvvə versək, hansı təsiri göstərəcəkdir? 1. Nəfsə hakim olmaq. İnsan ibadət və mənəviyyat nəticəsində ruhunu gücləndirər və bu zaman insan öz nəsfinə hakim ola bilər. Bu zaman öz eyblərini də görməyə başlayar. Allah buyurur: "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. ("Təlaq” 2). 2. İradəsi güclənər. O insan ki, öz nəfsinə hakimdir, iradəsi nəfsinin heyvani istəkləri qarşısında güclənər. "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. ("Bəqərə” 183). 3. Xəyal qüvvəsinə hakim olar. Bizim zehnimiz quş kimi oradan-ora həmişə uçmaqdadır. Xəyal qüvvəsi qəlb hüzurunu bizdən alar. Ona görə də namaz zamanı diqqətimizi cəmləyə bilmərik. Bu bizim zəif olduğumuzu göstərir. Ancaq Allah yolunun yolçuları daima öz xəyal qüvvələrinə hakimdirlər. O zaman ki, ruhları göylərdə seyr etmək istəyər, bu qüvvə öz oyunçuluğu ilə onlara mane ola bilməz. 4. Cisminə rəhbərlik edə bilər. Bu zaman insan bədəni tamamilə ruhun rəhbərliyi və kontrolu altında olar. 5. Təbiətə rəhbərlik edə bilir. Təbiətin özü insan iradəsinin nüfuzu altında olar. Peyğəmbərlərin (ə), övliyaların möcüzə və kərəmati də belə olmuşdur. Allah Təala Qurani-Kərimdə bəzi bəndələrinin kainatı necə fəth etdiyinə işarə etmişdir: "Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi”. ("Sad” 36). Ruha enerji vermək dedikdə yəni, ibadət etmək, dua və isteğfar etmək, Allaha yaxınşacaq işlər görmək və fitrətimizin əvvəlki pak halına qayıtmaq deməkdir. Bunun üçün də Ramazan ayı ən gözəl fürsətdir. Çünki, bu ayda bir etdiyimiz on hesab edilir və bu da ruhumuza daha çox enerji qazandırır. Allah bəşəri hidayət edən rəhmət kitabını Ramazan ayında Peyğəmbərin (s) qəlbinə nazil etmişdir. Bu ayı Allaha qoşulmaq ayı qərar vermişdir. Bu ayda ibadət etmək, haramdan uzaq olmaq və halala yaxın olmaq nəticəsində insan öz Məbdəsinə, Allahına yaxınlaşar. Ruhu, iradəni gücləndirməklə yanaşı ruhumuzdakı süstlüyü də aradan qaldırır və cismimizi qüvvətləndirər: "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. ("Bəqərə” 185). Bu ayda behiştin qapıları açılar və cəhənnəmin qapıları bağlanar. Şeytanı zəncirə vurarlar. Zaman insana yardım edər ki, səhərdən axşama qədər insanın tək hədəfi Allahla olsun və Ona çatmaq olsun. Peyğəmbərimiz (s) öz "Şəbaniyyə” xütbəsində Ramazana ayının fəziləti haqqında belə buyurmuşdur: "Ey Allahın bəndələri! Bərəkətli və rəhmətli Allah ayı sizə üz tutmuşdur. Bu ay Allah yanında ən gözəl aylardandır. Gündüzləri ən gözəl gündüzlər, gecələri gözəl gecələr və saatları ən gözəl saatlardır. Allahın qonaqlığına çağırılmısınız. Kəramət əhlindən olmusunuz. Bu ayda nəfsləriniz sizi təsbih edər, yuxularınız ibadətdir, əməlləriniz və dualarınız qəbul olar”. Bu aydan ən gözəl şəkildə bəhrələnmək o deməkdir ki, istiğfar edək, tövbə edək, Quran oxuyaq, başqalarına yaxşılıq edək, sileyi-rəhm edək. Ona görə də bu aydakı fürsətləri əldən verməyək. Bu ayın axırına qədər ibadət müsabiqəsində qələbə çalanlardan olaq. Həzrət Peyğəmbər (s) buyurur: "Səmanın qapıları Ramazan ayının birinci gecəsi açılar. Axırıncı gecəsinə qədər də bağlanmaz. Ey insanlar! Əgər kimsə bu ayda Qurandan bir ayə oxuyarsa, savabı Ramazandan qeyri vaxtlarda xətm edilən bir Quran qədərdir”. İmam Sadiq (ə) buyurur: "Hər kim Ramazan ayında sədəqə verər, Allah 70 növ bəlanı ondan uzaq edər”. Qarşıdan gələn əhya gecələrinə hazırlaşaq və bu bərəkətli gecələrdən bağışlanmış halda çıxmağa çalışaq. (Deyerler.org) Oxşar xəbərlər
|