Mələklərin yerə endiyi, behiştin astanası olan ay
Ramazan ayı – Allah qonaqlığı ayıdır. Bu ayın ali məqamını əldə etmək hər kəsə qismət olmur, bunun üçün bu ayın bərəkətlərinə dair mərifəti əldə etmək lazımdır. Ramazan ayı – behiştin astanasıdır. İmam Səccad (ə) "Səhifeyi-Səccadiyyə” kitabında Allahı həmd etdikdən sonra Ramazan ayını bizlərə belə tanıtmışdır: "Həmd olsun Allaha ki, dinini bizə inayət etmişdir və bizi Öz dininə aid etmişdir. Həmd olsun Allaha ki, o yollardan birini Öz ayı olan Ramazan ayı qərar vermişdir. Orucluq ayını, İslam ayını, təharət ayını, imtahan ayını, o ayı ki, Quranı onda nazil etmişdir”. Ramazan ayı – mələklərin yerə endiyi aydır. Ramazan ayı 11 ayın sultanıdır və bu ayda elə gecə vardır ki, həmin gecədə mələklər yerə enər və insanları öz rəhmətləri ilə əhatə edərlər. Bu gecə Qədr gecəsidir. İmam Səccad (ə) bu gecə haqqında buyurur: "Gecələrinin min ayın gecələrindən fəzilət və üstünlüyü vardır və onu Qədr gecəsi adlandırırlar. O gecədə mələklər və Ruh Allahın əmri ilə nazil olarlar”. Ramazan ayı ümumu bağışlama ayıdır. Bu ay – rəhmət ayıdır və Allah bu ayda tövbə edən hər bir bəndəsini bağışlayar və əfv edər. İmam Səccad (ə) bu haqda buyurur: "Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər. Bu mübarək ayın hər bir gecəsində elə bəndələrin vardır ki, bağışlanman onları azad edər və ya güzəştin onları bağışlayar. Ona görə də bizi də o bəndələrindən qərar ver. Bizləri Ramazan ayına görə ən yaxşı əhl və dostlarından hesab et”. İmamın (ə) bu ayda etdiyi mühüm dua: "Bizə tövfiq ver ki, layiqli əməllərimizlə ki, onun sayəsində günahlarımızı pak edəcəksən, onda (Ramazan ayında) sənə yaxınlaşaq”. Bu ayın ən üstün əməli barəsində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurur: "Bu ayın ən üstün əməli – təqva və Allahın haramlarından çəkinməkdir”. Biz də bu ayın bərəkətlərindən faydalanmağa çalışaq və İmam Səccad (ə) kimi belə dua edək: "(Allahım!) Bu ayın ən üstün mərifətini, ehtiramını böyük tutmağı, onda haramlardan çəkinməyi bizə ilham et!”.
/Deyerler.org/
Oxşar xəbərlər
|