MÜBARƏK RAMAZAN AYI – QURANIN BAHARI
Mübark Ramazan ayı Qurani-Kərimin doğum ayı və baharıdır. Elə bir ay ki, onun "Qədr” gecəsində bu ilahi kitab vəhy əmanətdarı Cəbrail-Əminin vasitəsilə Peyğəmbəri-Əkrəmin (s) geniş və nurani qəlbinə ötürülmüşdür. Elə bir ay ki, hamımız oruc tutmaq, ibadət, münacat və dua etmək, mənəvi hazırlıq tapmaqla Qurani-Kərimin pişvazına çıxır, xalis orucun, onunla bərabər digər ibadət və duaların bərəkətli təsirlərindən Qurani-Kərimlə sıx rabitə qurmaq istəyirik! Quran mübarək Ramazan ayının ruhu və həqiqəti olmaqla bərabər, onun qiymət və əzəmətini də qat-qat artırmışdır. Quran mübarək Ramazan ayının qəlbidir. Şübhəsiz, bu qəlb və onun döyüntüləri olmadan oructutanın mənəvi həyatının damarlarında həqiqət gövhəri cərəyan tapa bilməz. Quran qəlblərin baharı, Ramazan ayı isə Quranın baharıdır. Necə ki, imam Baqir (ə) buyurmuşdur: لِکُلِّ شَیْءٍ رَبِیعٌ وَ رَبِیعُ الْقُرْآنِ شَهْرُ رَمَضَان"Hər bir şeyin baharı var və Quranın baharı Ramazan ayıdır.” ("Əl-kafi”, 2-ci cild, səh.630.) İmam Əmirəlmöminin Əli (ə) də buyurmuşdur: و تَفَقَّهُوا فيه فإنّهُ رَبيعُ القُلوب "Quran üzərində düşünün ki, qəlblərin baharıdır.” ("Qurərul-hikəm”, səh.288.) Digər tərəfdən də, imam Sadiq (ə) buyurmuşdur: وَ قَلْبُ شَهْرِ رَمَضَانَ لَيْلَةُ الْقَدْرِ "Qədr gecəsi Ramazan ayının qəlbidir.” ("Əl-kafi”, 4-cü cild, səh.66.) Nəticə etibarilə, mübarək Ramazan ayının bərəkətlərinin böyük hissəsini Quranla ünsiyyət və rabitə təşkil edir. Bu bərəkətli ayda təkamül yolunda addımlaq üçün Quranın nurani göstərişlər toxumunu "qəlb” sahəsində əkməli, ruhumuzu Quran meyvəsi ilə qidalandırmalı, qəlbimizi Quranın bərəkətləri ilə möhkəmlətməliyik. Bu bəhrəyə Quranla həqiqi ünsiyyətdən başqa bir yolla yetmək mümkünsüzdür. İmam Əmirəlmöminin Əli (ə) buyurur: مَن أَنِس بتلاوةِ القرآن لم تُوحِشْه مُفارَقةُ الإخوان "Quran tilavəti ilə ünsiyyət tapan şəxs qardaşlarının ayrılığından vəhşətlənməz.” ("Qurərul-hikəm”, səh.288.) Demək, Qurani-Kərimlə mübarək Ramazan ayının arasında xas bir rabitə vardır. Bahar fəslində təbiət aləmi, o cümlədən, insan yeni və təravətli həyata qədəm qoyduğu kimi, Quran da qəlblərin baharıdır; onu oxumaq, öyrənmək və maarifini başa düşməklə qəlblərə yeni həyat, xüsusi təravət verilir. İmam Əmirəlmöminin Əli (ə) byurur: تَعَلَّمُوا كتابَ اللّه تباركَ و تعالى؛ فإنّهُ أحسَنُ الحَديثِ و أبلَغُ المَوعِظَةِ، و تَفَقَّهُوا فيه فإنّهُ رَبيعُ القُلوب "Allah-Taalanın kitabını öyrənin ki, o, sözlərin ən gözəli, moizələrin ən yetkinidir. Quranın üzərində düşünün ki, o, qəlblərin baharıdır.” ("Tuhəful-uqul”, səh.150.) Bəli, Quranın mübarək Ramazan ayı ilə rabitəsi olduqca dərindir və bu ayda insan onu oxuyub-öyrənmək, onun ayələri üzərində düşünmək və göstərişlərinə əməl etməklə "pak həyat”a nail olacaq, Quranın həqiqəti ilə vəhdət təşkil edən Qədr gecəsindən layiqincə bəhrələnəcək. Sonrda mübarək Ramazan ayında Qurani-Kərimi oxumağın savabı haqda Peyğəmbəri-Əkrəmin (s) "Şəbaniyyə” xütbəsində buyurduğu bir cümləni diqqətinizə çatdırmaqla kifayətlənirik: ومَن تَلا فیهِ آیَةً مِنَ القُرآنِ کانَ لَهُ مِثلُ أجرِ مَن خَتَمَ القُرآنَ فی غَیرِهِ مِنَ الشُّهورِ "Bu ayda Qurandan bir ayə oxuyan şəxs başqa aylarda bütöv Quranı oxuyan şəxsin savabını qazanar.” ("Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.) Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
|