Qəlb xəstəliklərini necə müəyyən etmək olar?
Əmirəl-möminin (ə) buyurur: "Agah olun ki, bəlalardan biri – yoxsulluqdur və ən pis yoxsulluq – bədən xəstəliyidir. Bədən xəstəliyindən də ən pisi – qəlb xəstəliyidir”.
Bəs insanın qəlbi xəstə olarsa, nə baş verər? Əgər qəlb xəstə olarsa, iman zəifləyər və tədricən müxtəlif günahlara tərəf meyil edər. Bu günahlar, əxlaqi və etiqadi rəzil sifətlər insana təsir qoyar və insanda pisliklərin artmasına zəminə yaradar. Onu o yerə gətirib çıxardar ki, dünyadan gedən zaman kafir olar. Bəs qəlbin xəstələnməsinin əsil amili nədir? İmam Əli (ə) bu haqda buyurur: "Qəlb üçün heç bir dərd günah qədər ağrılı deyildir”. İmam Baqir (ə) buyurur: "Heç bir şey, günah qədər qəlbi məhv edən deyildir. Qəlb günahın sorağına gedər və günaha düçar olar”. Quran ayələrinin nəzərinə görə, qəlb xəstəliyinə düçar olan insanların özünə xas xüsusiyyətləri olur. Ona görə də yaxşı olar ki, insan onlardan agah olsun və özündə hiss edərsə, qarşısını almağa çalışsın. 1. Qafil olarlar və şəhvətə meyil edən olarlar. "Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin”. ("Əhzab” 32). 2. İlahi vədələri inkar edən olar. "Və (yada sal) o zaman(ı) ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir»”. ("Əhzab” 12). 3. İslam düşmənləri ilə dost olarlar. "Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən”. ("Maidə” 52). 4. Möminlərə iftira atırlar. "O zaman münafiqlər və qəlblərində xəstəlik (küfr və şəkk xəstəliyi) olanlar «bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər”. ("Ənfal” 49). 5. Münafiq olurlar. "(Şeytana belə bir imkan verməkdə məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları və daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər”. ("Həcc” 53). 6. İlahi peyğəmbərlərlə (ə) mübarizə edərlər. "Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən)”. ("Əhzab” 60). 7. İslam düşmənləri ilə vuruşmaqdan qorxarlar. "Onda müharibədən söz salınanda isə qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) olanları ölüm bihuşluğunun burüdüyü bir kəs kimi sənə baxan görərsən”. ("Muhəmməd (s)” 20). 8. Dünya və axirətdə rüsvay olarlar. "Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!”. ("Muhəmməd” (s) 29). 9. Quran ayələrinə qarşı etinasız olurlar. "Digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: "Allah bu məsəllə (cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir?””. ("Muddəssir” 31). Bu xəstəlikləri aradan qaldırmağın ən mühüm yolu isə günahdan uzaq olmaq və kiçik günahları böyük kimi hesab etməkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|