İmam Səccadın (ə) mübarək Ramazan ayı ilə vidalaşarkən oxuduğu duadan
«…Əlvida, ey Allahın möhtəşəm ayı, Allaha yaxın olanların bayramı!
Əlvida, ey ən əziz anlar, ey bizim dostlarımız, sirdaşlarımız! Əlvida, ey bütün günlərdən və saatlardan ən üstün olan ay! Əlvida, ey arzuları müstəcab edən, ey Allah bəndələrinin gözəl əməlləri ilə dolu olan bir ay! Əlvida, ey o dost ki, hüzuru insana qüdrət verdiyi kimi, onunla ayrılıq da sonsuz iztirablara səbəb olur! Ey o ümid ki, onunla ayrılıq insanı müdhiş əzablara mübtəla edir! Əlvida, ey həmsöhbətimiz, ey sirdaşımız! Sənin gəlişin qəlbimizə sevinc və mütməinlik gətirmiş, gedişin isə qəlbimizə qorxu və məşəqqəti həkk edir! Əlvida, ey əziz qonşu! Sən bizimlə olanda qəlbimiz xeyirxahlıqla dolu, günahlarımız isə cüzi idi! Əlvida, ey iblislə mübarizədə bizim böyük dayağımız! Ey bizə xeyrin və üstün məqamın yolunu göstərən sirdaş! Əlvida, ey mübarək Ramazan ayı! Nə qədər insan sənin sayəndə İlahi əzabdan nicat tapdı! Sənə ehtiram göstərən necə də bəxtəvərdir! Əlvida, ey mübarək Ramazan ayı! Sən bizim əməl dəftərimizdən külli miqdarda günahları silib apardın və bizim çoxsaylı naqisliklərimizi ört-basdır etdin! Əlvida, ey mübarək Ramazan ayı! Fəsad əhli üçün sən nə qədər də uzun çəkdin! Və möminlər üçün sənin əhəmiyyətin necə də misilsizdir! Əlvida, ey o ay ki, ilin heç bir ayı səninlə müqayisə edilə bilməz! Əlvida, ey əmin-amanlıq və rifah ayı! Əlvida, ey mübarək Ramazan ayı! Sən bizə bol nemət bəxş etdin və bizi günahlardan pakladın! Əlvida! Biz gəlişindən əvvəl sənə şad idik və ayrılıq anı yetişməmişdən öncə qüssəyə qərq oluruq. Əlvida, ey Ramazan ayı! Sənin gəlişinlə biz bir çox fəlakətlərdən qurtulduq və bir çox nemətlərə yetişdik! Əlvida, ey Ramazan ayı! Əlvida, ey 1000 aydan üstün olan Qədr gecəsi! Əlvida, ey mübarək Ramazan ayı! Dünən, sən bizimlə olan zaman, biz sənin qalmağına ehtiyaclı idik. Sabah, sən bizdən ayrılan zaman, bizim qəlbimizdə sənə qovuşmağa can atmaq şöləsi alovlanacaqdır! Əlvida, ey Ramazan ayı! Biz, artıq məhrum olduğumuz nemətlərinlə vidalaşırıq! Bu gün, bizi öncə qərq etdiyin nemətlərdən artıq məhrum oluruq! İlahi, biz bu ayı tanıyırıq! O ayı ki, Sən onda bizə əzəmət və ləyaqət əta etmisən, ona görə oruc tutmaqda bizə yardım etmisən. Zalımlar isə bu ayın əzəmətini dərk etməkdən xali oldular və onun nemətlərindən bəhrələnməkdən məhrum olaraq, bədbəxt durumda qaldılar. Allahım! Həzrət Muhəmmədə (s) və onun pak Əhli-Beytinə (ə) rəhmət nazil et! Və bizə elə bir mükafat əta et ki, bu ayda oruc tutan və Qiyamət gününədək Sənə ibadət edən bir şəxsin mükafatı mislində olsun!». Deyerler.org Oxşar xəbərlər
|