Aşura ziyarətinin abad etdiyi bağ
Ustad Ənsarian nəql edir: "İsti yay günlərinin birində təbliğ üçün əkin məntəqəsindən dəvət almışdım. Məğrib və işa namazlarından əvvəl xütbə deməli idim. Məclis sona çatan zaman yaşı 110 olan bir qoca mənə yaxınlaşdı və dedi: "İstəyirəm ki, bir gün nahar üçün mənim bağıma gələsiniz”. Dəvətini qəbul etdim və yolun çox hissəsini piyada getdik. Yol getdikcə hər iki tərəfdə olan bağların ağacları məhsuldan qıt idi, sanki məhsulu az olmuşdu. Ancaq o zaman ki, bu nurani qocanın bağına daxil olduq, gördük ki, bağın bütün ağacları gətirdikləri meyvənin ağırlığından başlarını aşağı salıblar. Mən buna çox təəccüb etdim. Qocadan bu bağın məhsulunun sirrini və başqa bağların bu qədər az məhsullu olmasının səbəbini soruşdum. Dedi: "Mən ruzimin əsas hissəsini təşkil edən bu bağa görə hələ cavanlıq yaşımdan 3 şeyə riayət etmişəm: 1. Meyvələri satandan sonra onun xümsünü vermişəm. 2. Ağacların yanında dəfələrlə "Aşura” ziyarətini oxumuş və ağacların dibinə göz yaşlarımı tökmüşəm. 3. Yay fəslində bağda olduğum zamanlarda bağın qapısını açıq qoyuram ki, hər kim istəsə bağa girə bilər, məhsulundan istədiyi qədər istifadə edə bilər. Meyvələrimi səbətə qoyur və evə qayıdan zaman hər kəsə bacardığım qədər hədiyyə edirəm. Bu bağın bərəkətli məhsul verməsinin sirrini də bu üç şeydə bilirəm”. (Həvzəh) Bəli, Quran ayəsi də bu həqiqəti təsdiq edir: "Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli, Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır).Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir”. ("Bəqərə” 261).
/Deyerler.org/ Oxşar xəbərlər
|