TƏQVANIN TƏVƏKKÜLLƏ ƏLAQƏSİ
Mьəllif: admin1
Tarix: 30-06-2017, 09:32

 "...Kim Allahdan qorxsa (təqvalı olsa) Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə [Allah] ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.” ("Talaq”, 2-3.)


Şərif ayədə təqva və təvəkkül - hər ikisi zikr olunmuşdur. Bunun özü təqva və təvəkkül arasında dərin bağlılığın olduğunu göstərir və aydın olur ki, bu ikisini bir-birindən ayırmaq mümkün deyil. Təqvanın öndə zikr edilməsi bəlkə də ona görədir ki, təqvanın əldə edilməsi təvəkkülə çatmağın müqəddiməsidir. İnsan təqvalı olmayınca həqiqi təvəkkülün nə olduğunu dərk etmir.
Şəksiz Yerin, Göyün bütün işləri Allahın əlindədir. Allahın gücü qarşısında heç bir başqa qüdrət yoxdur. Yaradılış dünyasını öz iradəsi ilə idarə edən Odur. Belə olan surətdə biz ancaq Ona etimad etməliyik, kömək diləyən əlimizi Ona sarı uzatmalıyıq. Başqalarına hörmət göstərməyi, onların yaxşılıqları müqabilində təşəkkür etməyi Allah bizə tapşırdığı üçün, ilahi vəzifəyə əsaslanaraq onlara öz minnətdarlığımızı bildirməliyik. Bununla yanaşı yersiz təriflərdən, qarşı tərəfdən bir şey umduğumuz üçün onun şəninə yalançı təriflər söyləməkdən çəkinməliyik.

Allaha təvəkkül və etimad edən kəs ruzini Allahdan gözləyir. Bunun üçün də başqalarına yaltaqlanmağa ehtiyac duymur, ona kömək edəcəklər deyə, yersiz olaraq onların qarşısında kiçilmir. Onun-bunun qarşısında yaltaqlanmaq, əyilmək insanın izzət-nəfsi ilə bir araya sığmır.
Bəli, Allah-təala, övliyalar, ata, ana, müəllim kimi boynumuzda böyük haqları olan kəslərin qarşısında təvazökar olmağı buyurmuşlar. Həmçinin nəsəbləri Peyğəmbərə (s) çatdığı üçün seyyidlərin, peyğəmbər zürriyyələrinin önündə Allaha itaət, Peyğəmbərə (s) hörmət məqsədilə təvazökar davranmağı tövsiyə etmişlər. Allah-təala ata-anaya yaxşılıq etməyi, onlara ehtiram qoymağı Özünə ibadət və bəndəlik mərtəbəsindən sonra zikr edir: "Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et”– de.” ("İsra”, 23, 24.)
İmam Səccad müəllimin haqqı barədə buyurur: "Sənə elm öyrədən kəsin [sənin boynunda olan] haqqı odur ki, onun qarşısında təzim edəsən; (təvazökar davranasan). Onun olduğu məclisi böyük tutub sözlərinə gözəl şəkildə qulaq asasan, yanında hündürdən danışmayasan, üzünü ona sarı tutasan. Əgər kimsə ondan sual soruşsa, cavab verməkdə onu qabaqlama. Onun oturduğu məclisdə başqası ilə söhbət etmə, başqasının qeybətini danışma.” ("Bihar”, c. 2, s. 42.)

Dünya tamahı ilə başqasının qarşısında təvazökarlıq edən kəs, əslində yaltaqlıq etmişdir. Onun işinin batini şirkdir və həqiqətdə Allahı gücsüz bildiyi üçün başqasına üz tutmuşdur. Allahı tanıyan, Ona olan mərifəti kamala yetmiş və təvəkkül məqamını kəsb etmiş şəxs heç vaxt başqasına ümid bağlamaz. Allahın buyurduğu bu ayəyə: "Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” ("Zumər”, 36.) –cani-dildən iman gətirən şəxs heç vaxt başqasına əl açmaz.
 
 

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930