Ruzinin qəmini edən insan günah etmiş olar
"Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən». ("Ali-İmran” 27).
Ruzi sözü əvvəllər ancaq yeyəcək və içəcəklərə aid edilirdi. Sonralar isə geyinən paltarlar da ruziyə aid edildi. Hal-hazırda isə ruzinin mənası genişdir. İnsana çatan hər bir maddi və mənəvi nemətlərin hamısını əhatə edir. Qurani-Kərim buyurur: "Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir”. ("Zariyat” 58). Bu ayədən də göründüyü kimi, ruzi Allaha məxsusdur və insanların ruzisi Allahın əlindədir. Kimə istəsə az verər, kimə istəsə çox. Bəzən Allahın ruzisi qanadlanar və evinizin qapısında əyləşər. Bəzən də insan ruzinin ardınca getməli olur. Gərək səhər tezdən dursun və axşam saatlarına qədər iş görüb zəhmət çəksin ki, ruzi qazana bilsin. Allah o kəslərin ki, təqvası vardır və Onun əmrlərini yerinə yetirir, günah etmir – qanadlanan ruzidən əta edir və onu bu cür mükafatlandırır. Ruzi qanadlanaraq qapısında dayanır və deyir: "Bu il həccə gedəcəksən və ya filan iş səni gözləyir” və bu kimi. İmam Sadiq (ə) Əban Əhmərə buyurur: "Əgər Allah Təala ruzini öhdəsinə götürübdürsə, etdiyin bu səy nə üçündür? Əgər ruzi bölünübdürsə, hərislik nə üçündür? O kəs ki, ruzinin qəmini yeyər – günahkar olar. Çünki Allah – Raziqdir və bəndələrinə ruzi verməyi vəd etmişdir. Belə ki, Quranda buyurur: "Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir”. ("Hud” 6)”. Əgər insan bu həqiqəti qəbul etsə, daha çox ruzi qazanmağa bu qədər hərislik etməz. Əgər insan bu həqiqəti qəbul etməzsə, küfr etmiş olar. Çünki ruzinin qəmini edən insan günah etmiş olar. Ona görə də Allahın Raziq olduğunu qəbul etmək – imanın əlamətidir. Hər kim bu həqiqəti qəbul edərsə, ümidi ancaq Allaha olar və Allahdan qeyrisindən ümidini kəsər. Beləliklə, maddi ehtiyaclarını təmin etmək Allaha dua və zikr etmək üçün bir körpüyə çevrilər ki, bu yolla bəndə Mehriban Allaha yaxınlaşar və həsənələrinin sayını artırar. /Deyerler.org/ Oxşar xəbərlər
|