HƏQİQİ ƏHLİ-BEYT (Ə) ARDICILLARININ MÜKAFATI
İmam Sadiq (ə) buyurur: «Mömin qardaşının arzusunu yerinə yetirmək üçün qədəm götürən insan Səfa və Mərvə arasında səy (həcc əməllərindən biri) etmiş kimidir. Şəxsən din qardaşının ehtiyacını ödəyən kəs Allah yolunda Bədr və Ühüd döyüşündə cihad edib qanına boyanan şəxs kimidir». Bu mövzu ilə başqa rəvayətlərdə də rastlaşırıq. Bu rəvayətlərdə zahirən kiçik əməllərə görə çox böyük savablar vəd olunur. Əlbəttə ki, bu rəvayətlərdən sui-istifadə oluna bilər. Bəziləri rəvayətin mötəbər olmadığını, bir başqaları hər kiçik işə böyük savab veriləcəyini iddia edə bilərlər. Bu fikirlərdən biri ifrat, digəri isə təfritdir. Zahirən əhəmiyyətsiz görünən bəzi ibadətlər böyük savaba malik ola bilər. Savab kəmiyyətdən yox, səbəbdən, niyyətdən, ixlasdan, səmimiyyətdən daha çox asılıdır. Məsələn, din qardaşına xidmət elə şəkildə ola bilər ki, bu işi görən şəhidin savabını əldə edər. Yəni niyyət və səmimiyyətdən çox şey asılıdır. Milyonçu ehtiyaclıya yüz manat verməklə çətin ki, şəhadət savabını qazana bilər. Amma özü və ailəsi ehtiyaclı ikən din qardaşına yardım edən həmin savaba nail ola bilər. Din tələbələri arasında bəzilərinə əfsanə görünə biləcək bir qayda var. Ehtiyac içində yaşayan tələbə öz din qardaşının müşkülünü aradan qaldırmaq üçün tərəddüd etmədən təqaüdündən keçir. Əlbəttə ki, gecəni ac qalmaq hesabına möminin ehtiyacını ödəməyin dəyəri böyükdür. İslam dinində ehtiyaclı olduğun şeyi başqasına vermək «isar» adlanır. İsar olduqca böyük bir savaba malik əməldir. «Həşr» surəsinin 9-cu ayəsində oxuyuruq: «Mühacirlərdən əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara qənimət verildiyinə görə həsəd duymaz, ehtiyacları olduqları halda onları özlərindən üstün tutarlar». Ehtiyaclı olduğunu başqasına vermək fədakarlıq tələb edir. Möminin istəyini yerinə yetirmək isə fədakarlıqsız ötüşmür. Bu fədakarlıqları dəqiq qiymətləndirmək mümkün olsaydı məlum olardı ki, möminin istəyini xalis niyyətlə yerinə yetirənlərə nə üçün şəhid savabı verilir. «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən var. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır» («Bəqərə» surəsi, ayə 261.). İmam Riza (ə) buyurur: «La ilahə illəllah kəlməsi» insanı əzabdan qurtarmaq gücünə malikdir. Amma müəyyən şərtlər daxilində» («Biharul-ənvar», cild 49.). Bəli, müəyyən şərtlər daxilində «La ilahə illəllah» nicatvericidir. Bu şərtlərdən biri Əhli-beyt vilayətini qəbul etməkdir. Əslində hər bir işin nəticə verməsi üçün şərait lazımdır. Od yandırıcı olsa da bu iş yalnız oksigen olan mühitdə baş tutur. Oxşar xəbərlər
|