CƏHƏNNƏMİN MAHİYYƏTİ
Qurani-Kərimdə geniş yer verilən, təqribən, səksənə yaxın ayədə sözügedən, müxtəlif cəhətlərdən araşdırılan və şərindən ilahi bəndələrin Allaha pənah apardıqları cəhənnəm nədir? Günahkarların cəza yeri cəhənnəmin varlığı və mahiyyəti bizə məlum deyil, necə ki, behiştin mahiyyətindən xəbərsizik! Behişt və cəhənnəm barədə bunu deyə bilərik ki, biri ilahi rəhmətin, o biri isə ilahi qəzəbin təzahürüdür. Hər halda, behişt və cəhənnəm barədə məlumatsızlıq elə də təəccüblü deyil! Çünki dünya ilə axirətin quruluşu tam fərqlidir. Bunu bizə gözəl bəyan edən misala nəzər salaq: "Dünya sakinlərinin axirətə nisbəti ananın bətnindəki rüşeymin dünyaya nisbəti kimidir. Rüşeym hətta şüurlu olub, Əbu Əli Sina kimi yüksək dərketmə qabiliyyətinə malik olsa belə, yenə də bir təfavüt yaranmayacaq. Onda – qaranlıq ana bətnində sudan başqa bir şeylə tanış olmayan rüşeymdə – saçan günəş, nurlu ay, parlaq ulduzlar və gül-çiçəklər haqda məlumat verməklə, görəsən, hansı təəssürat yaratmaq olar? Şübhəsiz, bu həqiqətlər ona (yüksək dərketmə qabiliyyətinə malik olsa belə) yalnız bir qaraltını təsvir edə bilər. Çünki bu dünyadakı məfhumların rüşeym aləmində heç bir mənası yoxdur. Həmçinin onlar axirət aləmi üçün də münasib deyildir! Demək, rüşeym bu dünyanı dərk etməyə qadir olmadığı kimi, dünya əhlinin də axirət aləmini dərk etməsi qeyri-mümkündür. Bunu biz behişt və cəhənnəmi vəsf edən ayə və rəvayətlərdə görə bilərik. Məsələn, "Hüməzə” surəsinin 6-7-ci ayələrində cəhənnəm atəşi haqda belə buyurulur: نَارُ اللَّهِ الْمُوقَدَةُ. الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ "O, Allahın yanar odudur. Elə bir oddur ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar).” Bu ayəyə əsasən, cəhənnəm odu ürəkdən alovlanır və bədənin bütün üzvlərini özünə yem edir. Bəzi ayələrə görə, cəhənnəm sanki canlı varlıqlar kimi nəfəs alır. Qeyd edilənlərdən belə başa düşülür ki, cəhənnəmin quruluşundakı qəribəliklər bizim təsəvvürümüzdən xaricdir. Lakin ilahi qəzəb və cəza ocağının varlığına inanırıq və hətta ölənlərə belə təlqin edirik: "Həqiqətən, cənnət və cəhənnəm haqdır!” İmam Əli (ə) bir hədisdə cəhənnəmin bir guşəsini belə vəsf edir: إنَّ فِى جَهَنَّمَ رُحىً تَطْحَنٌ... "Cəhənnəmdə (beş şeyi) üyüdən bir dəyirman vardır.” أَفَلا تَسْئَلُونَ ما طَحْنَها؟ "Onun nəyi üyütdüyünü bilmək istəmirsinizmi?” Dostları soruşur: "Ey Əmirəlmöminin! Nəyi üyüdür?” Həzrət buyurur: 1. أَلعُلَماءُ الْفَجَرَةُ "Günahkar (facir) alimləri.” Başqalarını yaxşı işlərə dəvət edib, özü əməl etməyən alim həmin dəyirmanın yemi olacaq. 2. وَالْقُرّاءُ الْفَسَقَةُ "Fasiq (günahkar) Quran qarilərini.” Quran qarisi, yaxud hafizləri tilavət etdiyinə əməl etmirsə, Allah göstərməsin, "riba” (sələm) ayəsini oxuyub, özü ona bulaşırsa, yaxud "qeybət” ayəsini oxuyub, özü başqalarının qeybətini qırırsa, belələri də o dəyirmanın yemi olacaq. 3. وَالْجَبابِرَةُ الظَّلَمَةُ "Zülmkar hakimləri.” Cəmiyyətə rəhbərlik edənlər xalqa xidmət əvəzinə zülm və haqsızlığa yol verirlərsə, həmin dəyirmanın yeminə çevriləcəklər. 4. وَالْوُزََراءُ الْخَوَنَةٌ "Xəyanətkar vəzirləri.” Cəmiyyətin tərəqqisi və inkişafı ilə birbaşa bağlı məsul şəxslər –nazirlər öz vəzifələrinin icrasında səhlənkarlıq və xəyanət edirlərsə, ilahi əzaba layiq görülərək sözügedən dəyirmanın yeminə çevriləcəklər. 5. وَالْعُرَفاءُ الْكَذَبَةُ "Yalançı mütəxəssisləri.” "Arif”in cəm forması olan "ürəfa” sözü hər hansı sahə üzrə mütəxəssis və bilik sahiblərinə deyilir. Hədisin bu hissəsi söz və işlərində saxtakarlıq edən ixtisas sahiblərinə aiddir. Diqqəti cəlb edən odur ki, onlar daim ölüb-dirilərək yeni-yeni şiddətli əzablara məruz qalacaqlar. Bu və bu kimi hədislər axirət aləmi barədə müəyyən təsəvvür versə də, orada baş verənlərin mahiyyəti bizə qaranlıqdır! ("Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.73-75.) Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|