Hatəm Tayinin qəbiləsi İslamı necə qəbul edir?
Mьəllif: admin1
Tarix: 14-07-2021, 23:40
Hatəm Tayinin qəbiləsi İslamı necə qəbul edir?
Hatəm Tayinin adını bir çoxları eşitmidir. Bu insan ərəbin rəhbərlərindən olmuşdur ki, ixlasa və səmimi qəlbə malik idi. O, hər gün göstəriş verərdi ki, bir dəvə kəssinlər və yoldan keçən hər kəs onun ətindən bəhrələnsin. Evinə ac qayıtmasın.

O, İslam Peyğəmbərini (s) görməzdən əvvəl vəfat etmişdir. Özündən sonra Tey qəbiləsinə oğlu Ədi rəhbərlik etməyə başlayır. Ədi də səxavət və bəxşiş etməkdə atasına bənzəyirdi.

Nəql edilrər ki, bir şəxs ondan yüz dirhəm istəyir və Ədi deyir: "Mən Hatəm Tayinin oğluyam. Məndən yüz dirhəm istəyirsən? Allaha and olsun ki, bu cüzi pulu verməyəcəyəm”. (Yəni, məndən daha artığını istə).

Doqquzuncu hicri ilində Peyğəmbər (s) bir dəstə ordunu İmam Əlinin (ə) rəhbərliyi ilə Teyə göndərir ki, onları İslam dininə dəvət etsinlər. İmam (ə) onları dinə dəvət edir, ancaq Tey qəbiləsi İmamla (ə) vuruşa qalxır və məğlub olurlar. İmam (ə) çoxlu əsir və qənimət ilə Mədinəyə qayıdır.

Bu zaman Ədi Şamda olan qohumlarının yanına qaçır və orada gizlənir. Onun dini xristian dini idi. Lakin bacısı əsir düşür. O, xoş bəyanı olan bir xanım idi. Peyğəmbəri (s) görən kimi ayağa qalxır və deyir: "Ey Allahın peyğəmbəri! Atam ölübdür və məni himayə edən qaçıbdır. Mənə minnət qoy (azad et ki,) Allah da sənə minnət qoysun!”.

Həzrət Peyğəmbər (s) buyurur: "Sənin himayəçin kimdir?”.

Qadın deyir: "Hatəm Tayinin oğlu Ədi”.

Buyurur: "O kəs ki, Allahdan və Peyğəmbərdən (s) qaçmışdır?”.

Həzrət (s) əmr edir ki, qadına yeni paltar versinlər və yol azuqəsi hazırlasınlar. Sonra xüsusi ehtiramla onu Şama yola salırlar.

Ədi bacısının bu cür izzət və ehtiramla qayıtmasına təəccüb edir. Macəradan xəbərdar olandan sonra bacısına deyir: "Bizim Muhəmmədlə (s) bağlı vəzifəmiz nə olacaqdır?”.

Bacısı deyir: "Mən düzgün olanı bunda görürəm ki, hər nə qədər tez mümkündür, Muhəmmədin (s) xidmətinə gedəsən. Əgər peyğəmbərdirsə, ona iman gətirəsən. Əgər padşahdırsa, qarşısında boyun əyəsən”.

Ədi bu fikri bəyənir və vaxt keçirmədən Mədinəyə gedir. Məsciddə Peyğəmbərin (s) xidmətinə çatır və özünü tanıdır. Peyğəmbər (s) ona ehtiram əlaməti olaraq yerindən qalxır və evinə aparır.

O zaman ki, evə çatırlar, Ədinin əlindən tutur və kilim üzərində əyləşdirir. Özü isə onunla üzbəüz torpağın üstündə əyləşir. Ədi deyir: "Ey Rəsulallah! Mənim xoşuma gəlmir ki, mən kilim üzərində əyləşim, siz torpağın”.

Həzrət (s) buyurur: "Maneəsi yoxdur, sən mənim qonağımsan. Mən öz evimdəyəm”. Hər nə qədər təkid edirsə, qəbul etmir.

Həzrət Peyğəmbərlə (s) etdiyi söhbət və Həzrətin (s) hüsnü-əxlaqından sonra Ədi İslam dinini qəbul edir və ölənə qədər Peyğəmbərin (s) nəslini himayə edənlərdən olur. Əmirəl-möminin (ə) tərəfdarlarından olur və ömrünün sonuna qədər bu yolda sabitqədəm olur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031