GECƏ NAMAZI NECƏ QILINIR?
Mьəllif: admin1
Tarix: 28-12-2019, 11:38
GECƏ NAMAZI NECƏ QILINIR?
Gecə namazı İslamda çox bəyənilən və savabı olan namazdır. İşa namazından sonra sübh azanına kimi müddət ərzində qılına bilər. Gecənin ikinci yarısında, xüsusilə, son üçdən-bir hissəsində qılınması daha yaxşıdır.

Gecə namazı vacib deyil, müstəhəb namazdır. Gecə namazı yalnız Həzrət Mühəmməd Peyğəmbərə (s) vacib buyurulmuş, ona görə də heç zaman o həzrət tərəfindən tərk edilməmişdir.

Allah-təala Quranda öz Peyğəmbərinə belə müraciət edir: "(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl" ("İsra", 79).

Gecə namazı qılanların savabı barədə Qurani-kərimdə buyurulur: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər qorunub-saxlandığını heç kəs bilməz" ("Səcdə", 16-17).

Əvvəla, onu deyək ki, gecə qılınan namazlar "təhəccüd" (tərcüməsi "gecə yatmayıb ibadət etmək" deməkdir), "vitr" (tərcüməsi "tək" deməkdir) və "şəf" (tərcüməsi "cüt" deməkdir) olmaq üzrə üç növə bölünür (əhli-sünnə məzhəbində gecə yalnız təhəccüd və vitr namazları qılınır).

Təhəccüd namazının rükətlərinin sayı insanın həvəsindən və vaxtından asılı olaraq 2 ilə 12 arasında dəyişə bilər; amma rükət saylarının cüt olması lazımdır. Təhəccüd namazı dalbadal sübh namazları kimi qılınır, hər iki rükətdən-bir salam verilir.

Vitr namazı hənəfi məzhəbində vacib sayılır. Yəni onu qılmayan cəhənnəm əzabına layiq görülməz, amma Peyğəmbərin şəfaətindən məhrum qalar. Vitr namazı 3 rükətdir.

Birinci rükətdə "Fatihə"dən sonra "Əla" surəsini, ikinci rükətdə "Kafirun" surəsini, üçüncü rükətdə isə "İxlas" surəsini oxumaq müstəhəbdir. Üçüncü rükətin qiraətindən sonra təkbir deyilir və qünut tutulur.

Hənbəli məzhəbində vitr namazı təkid olunan sünnətdir, 1 rükətdən 11 rükətə kimi (tək sayda) qılına bilər. Vitr namazını ən müxtəlif variantlarda qılmaq olar.

Məsələn, iki rükətdən-bir təşəhhüd və salam vermək, sonuncu rükəti tək qılmaq; iki rükətdən-bir yalnız təşəhhüd oxuyub, salamı sonuncu rükətdə vermək; bütün rükətləri təşəhhüdsüz qılıb, son cüt rükətin axırında təşəhhüd oxuyub, axırıncı rükəti təşəhhüd və salamla bitirmək; bütün rükətləri təşəhhüdsüz qılıb, yalnız axırıncı rükətdə təşəhhüd və salam demək.

Sonuncu variant ən fəzilətli sayılır. 3 rükət şəklində qılınanda, hənəfi məzhəbindəki qayda ilə yerinə yetirilir. Amma həm ikinci, həm də üçüncü rükətlərdə təşəhhüd və salam verilir. Hənbəli məzhəbində də vitr namazını qünutla qılmaq savabdır, amma qünut rükudan sonra icra edilir.

Şafii məzhəbində də vitr namazı təkid olunan sünnət sayılır, 1-dən 11-ə kimi rükət halında (tək sayda) qılınır. Hənbəli məzhəbindəki kimi, müxtəlif variantlarda qılınması mümkündür. Amma rükətləri cüt-cüt ayırmaq, yəni hər ikinci rükətin axırında təşəhhüd və salam vermək sonuncu rükəti də tək qılmaq daha yaxşıdır.

Ramazan ayının ikinci yarısında qılınan vitr namazlarının axırıncı rükətində qünut tutmaq da sünnətdir.

Maliki məzhəbinə görə, vitr namazı təkid olunan sünnətdir, bir rükət şəklində qünutsuz qılınır. "Fatihə"dən sonra uca səslə "İxlas", "Fələq" və "Nas" surələrinin oxunması müstəhəbdir.

Cəfəri məzhəbində gecə namazının ən üstün qılınma qaydası bu cürdür: Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır.

Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Qünutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin zikrini söyləməyin savabı var.

8 rükəti bitirdikdən sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələri oxunur, amma qünut tutulmur.

Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri oxunur. Sonra qünut tutulur. Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rəbbi və ətubü ileyh"), 7 dəfə "haza məqamül-aizü bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Qünutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.

Vitr namazını bitirəndən sonra oxunması müstəhəb olan dualar var ki, müvafiq kitablardan onları öyrənmək olar.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930