Allah Təala niyə bəzən mömin bəndəsini gecə ibadətindən məhrum edir?
İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Sübhan Allah buyurur: "Mənim bəzi mömin bəndələrim o kəslərdir ki, əgər zəngin olmasalar, dini məsələləri islah olmaz. Onların gərək ruziləri geniş və salamat olsunlar. Ona görə də Mən onları sərvət və salamatlıq vasitəsilə imtahana çəkərəm ki, dini məsələləri islah olsun. Bəzi mömin bəndələrim vardır ki, onların dini məsələləri yoxsulluq və xəstəlik halında islah olar. Ona görə də Mən onların yoxsulluq və xəstəlik vasitəsilə dini məsələlərini islah edərəm. Mən bəndələrimin vəziyyətinə aliməm və bilirəm ki, din məsələləri hansı yolla islah olar. Həmin yolu onlar üçün açaram. Mənim bəzi mömin bəndələrim vardır ki, ibadətdə həddən artıq səy göstərərlər. Gecələri rahat yataqlarından qalxar və Mənə ibadət edərlər. Ancaq Mən bir gecə və ya iki gecə onları yatmağa vadar edərəm ki, gecə ayıla bilməsinlər. Mənim bu əməlin – onlara qarşı olan inayətimdir. O zaman ki, sübh yuxudan ayılarlar – narahat olarlar və təəssüf edərlər ki, niyə gecəni ibadət üçün qalxmayıblar? Bəli, əgər Mən onunla ibadəti arasında hail olmasaydım, ibadətdə təkəbbür onu əhatə edərdi və həmin təkəbbür bais olardı ki, bütün əməllərində fitnə və fəsada düçar olsun. Özündən razı olsun və güman etsin ki, bütün ibadət edənlərdən üstünlüyü vardır. Bu fikir və düşüncə onu Məndən uzaqlaşdırar, halbuki, o həmişə güman edər ki, ibadətləri ilə Mənə yaxınlaşır. Ona görə də Mənim bəndələrim gərək savab üçün yerinə yetirdikləri əmələ söykənməsinlər. Çünki əgər onlar ömür və nəfslərini Mənim ibadətimdə əziyyət və məşəqqətə salarsa, bu işi ilə Mənim yanımda yenə də təqsirkar olarlar. Bu ibadətlərinə görə öz fəzl və kərəmimlə onlar üçün təyin etdiyim behişt nemətlərinə çatmazlar. Ancaq rəhmətimə ümidiniz olsun və Mənim hüsni-zənnimə əmin olun. Bu zaman Mənim rəhmətim, rizvanım, bağışlamağım onları əhatə edər. Mən həqiqətən, bağışlayan və mehriban Allaham. Bu sifətlərlə adlandırılmışam””. Allah Təala bizləri təkəbbürlü olmaqdan uzaq etsin.
/Deyerler.org/ Oxşar xəbərlər
|