QAPIMIZA GƏLƏN YOXSULLA NECƏ RƏFTAR ETMƏLİYİK?
Qurani-Kərimdə göstərildiyi kimi, Allah yolunda xərcin və möhtaclara yardımın qəribə təsirləri var. Məsələn, "Bəqərə” surəsinin 261-ci ayəsində buyurulur: مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ "Mallarını Allah yolunda xərcləyənlər misalı yeddi sünbül cücərdən və onların hər birində yüz (ədəd) dən olan toxum kimidirlər. Allah bunu (hikmət üzrə) istədiyi şəxs üçün neçə qat artırar. Allah geniş (rəhmət sahibi) və hər şeyi biləndir.” Diqqəti cəlb edən odur ki, Allah yolunda infaq insanı yeddi yüz qat və ondan da uca dərəcələrə qaldırır. Burada belə bir sual yaranır ki, qapımıza bir yoxsul gəldikdə, onunla necə rəftar etməliyik? Məsələn, yoxsula "Bu pulu al və bir daha gözümə görünmə!” – kimi ifadələr deməyə haqqımız varmı? Allah-Taala minnətlə olan sədəqə və köməkləri qətiyyən bəyənmir və hətta bunu riyakarcasına verilən və Allahın razılığı güdülməyən xərclər sırasına qatır. ("Bəqərə” surəsi, ayə 264.) İslam baxımından möminin abır-heysiyyəti böyük əhəmiyyət kəsb edir. İslam bir müsəlmanın abır-heysiyyətinin ləkələnməsinə əsla icazə vermir. Qurani-Kərimin "Bəqərə” surəsinin 26-cı ayəsində buyurulur: قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى وَاللّهُ غَنِيٌّ حَلِيمٌ "Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) güzəşt, ardınca əziyyət verənsədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.” Bu ayəyə əsasən, yoxsulu ədəb-ərkan və ehtiramla əliboş geri qaytarmaq minnət və əziyyətlə yanaşı olan müsbət cavabdan daha yaxşıdır. Ədəb və ehtiramla yanaşı infaq və yardımın, kömək edə bilmədiyi surətdə yoxsuldan üzrxahlığın hər ikisi gözəldir! Bu yüksək mənəvi hal məsum imamların rəftarlarında da gözə dəyir. Məsələn, aşağıdakı əhvalata diqqət yetirək: "Bir nəfər yoxsul imam Həsən Müctəbanın (ə) evinin qapısını döyüb belə deyir: لَم يَبْقِ لِى شَىْءٌ يُباعُ بِدِرْهَمٍ يَكْفِيكَ مَنْظَرُ حالَتِى عَنْ مُخْبِرِى إِلّا بَقايا ماءُ وَجْهِى صُنْتُهُ أَلَا يُباعُ وَ قَدْ وَجَدْتُكَ مُشْتَرِى "Ey Peyğəmbər övladı! Dolanmaq üçün satmağa bir şeyim qalmayıb. Bunu çöhrəmdən özünüz müşahidə edə bilərsiniz. Əlbəttə, qoruyub-saxladığım bir az abır-heysiyyətim qalmışdır ki, sizi ona münasib müştəri hesab edirəm.” İmam Həsən (ə) öz əmanətdarını çağırıb soruşur: "Nə qədər pul qalıb?” O deyir: "On iki min dirhəm.” İmam (ə) buyurur: "Onu bu kişiyə ver.” Sonra İmam (ə) onu çağırıb üzr istəyərək buyurur: "Biz sənin haqqını ödəyə bilmədik, əlimizdə olan elə bu idi!” İmam (ə) bunu dedikdən sonra özü də belə bir beyt söyləyir: خُذِ الْقَلِيلَ وَ كُنْ كَاَنَّكَ لَمْ تَبِعْ ما صُنْتَهُ وَ كَاَنَّنا لَمْ نَشْتَرِ "Bu azacıq malı götür və elə bil ki, nə sən bir mal satmısan, nə də biz bir mal almışıq (sənin abır-heysiyyətin verilənlərdən qat-qat qiymətlidir).” ("Müntəhəl-amal”, 1-ci cild, səh.162.) İmam Həsənin (ə) bu rəftarı infaq ədəb-ehtiramın son həddi və Allah yolunda yardımın ən gözəl nümunəsidir.
Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
|