KAMİLLİYİN SİRRİ NƏDƏDİR?
İslam təlimlərinə görə, insanın ruhu həm təkamül, həm də tənəzzül imkanına malikdir. Kamilliyin meyarı Allaha yaxınlıqdır. Allaha yaxınlaşma mərtəbələrində addım-addım ucalan insanın ruhu da kamilləşir.
Kamilliyin zirvəsinə çatmış insan üçün özü ilə Allah arasında heç bir pərdə qalmır. İlahi nura qərq olmuş insanın diqqəti hər şeydən kəsilir və yalnız Allaha yönəlir. Ariflərin "fəna” adlandırdığı bu məqama çatanlar özünü yaddan çıxarır. Bu insan Allahdan qeyri bütün bağlılıqlardan azad olur, həqiqi səadəti yalnız Allaha yaxınlıqda görür. O anlayır ki, mütləq varlı Allah, başqa hər nə varsa fəqir və möhtacdır. Görən, bməqama hansı yolla çatmaq olar? Ayə və rəvayətlərdən məlum olur ki, insan bu məqama yalnız ibadət yolu ilə çata bilər. "Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ "Cin və insanları Mənə ibadət etməklərindən ötrü yaratdım.” İnsan Allahın nəzərdə tutduğu ibadət vasitəsilə bu məqama nail ola bilər. Ayədə kamillik üçün ikinci yol göstərilməyib. Amma nəzərə almaq lazımdır ki, ayədə işlədilmiş ibadət ifadəsi fiqh elmində nəzərədə tutulmuş ibadətdən fərqlənir. Ayədə elə bir ibadətdən danışılır ki, bu ibadət Allahın razılığını qazanmaq məqsədilə görülmüş bütün işləri özündə birləşdirir. "Yasin” surəsinin 60-61-ci ayələində oxuyuruq: أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ. وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ "Ey Adəm övladı! Məgər sizdən əhd almadımmı ki, şeytana ibadət etməyəsiniz? Axı o, sizin açıq-aşkar düşməninizdir! Mənə ibadət edin, doğru yol budur!” Bir sözlə, insan yalnız bir yolla kamala yetişə bilər və bu yol Allaha ibadətdir. Allaha ibadət sayılmayan bütün başqa işlər şeytana itaət hesab olunur. "Zariyat” surəsinin 56-cı ayəsində işlədilmiş "yalnız” ifadəsi bir daha göstərir ki, bəşəriyyət üçün hədəf və bu hədəfə aparan yol birdir, o da bəndəlikdir. Bəndəliyin isə müxtəlif mərtəbələri vardır. İmam Əli (ə) buyurur: "İbadət üç növdür: qulların ibadəti, tacirlərin ibadəti, azad insanların ibadəti. Bir qrup insan Allaha cəhənnəm əzabının qorxusundan ibadət edirlər — bu, qulların ibadətidir. Digər bir qrup Allaha behişt tamahı ilə ibadət edir — bu, tacirlərin ibadətidir. Bir qrup da var ki, Allaha pərəstişə layiq olduğu üçün ibadət edir — bu, azad insanların ibadətidir.” İslam bu ibadətlərin heç birini rədd etmir. Əsas məsələ Allahın iradəsinə tabe olmaqdır. Əlbəttə ki, əsl bəndə Allahı ibadətə layiq bilərək azadanə ibadət etməlidir. Bir hədisdə buyurulduğu kimi, Allaha cəhənnəm qorxusu və behişt tamahı ilə yox, Onu ibadətə layiq bilərək pərəstiş etmək lazımdır. Belə abid əsl aşiqdir. Bu mərtəbəyə qalxmış bəndə Allahdan qeyrisini görmür və Ondan qeyrisinin ətəyindən yapışıb kömək istəmir. Bəndəliyin digər bir mərtəbəsində insan Allaha ibadət edir, iradəsini Allahın iradəsinə tabe edir. Bu bəndə anlayır ki, Allah onun səadət şərtlərini daha yaxşı bilir. Deyilənləri dərk edərək yerinə yetirilən ibadət, şəksiz ki, qəbuldur. Allah yalnız insanın xeyri üçün nəyi isə vacib, nəyi isə haram buyurur. Bunu anlayan insan vacibə əməl edib haramdan çəkinir. Amma bu ibadət imam Əlinin (ə) buyurduğu ibadət deyil. Çünki bu mərtəbədəki bəndə öz xeyrini düşündüyü üçün Allahın iradəsinə tabe olur. Belə itaət həkimin göstərişinə itaət kimidir. Xəstə həkimin sevdiyi üçün yox, öz sağlamlığını qorumaq istədiyi üçün ona itaət edir. Belə bir ibadət "azadanə” olmasa da qəbuldur. Amma bu ibadətdə özünəpərəstiş əlamətləri var. Onu tacirlərin ibadətinə aid etmək olar. Hürr və azad insanlar isə ibadət zamanı özlərini düşünmürlər. Onlar üçün ən mühüm məsələ məşuq qarşısında boyun əyməkdir. Məsum imamların ibadəti məhz bu qəbildəndir. Onlar Allahı ibadətə layiq bildikləri üçün Ona səcdə edirlər. İmam Zeynəlabidin (ə) belə dua edir: "İlahi, məni təkrar-təkrar cəhənnəmə aparıb oda çəksən də, məhəbbətindən əl götürmərəm.” Məsumların mərifəti ilə bizim mərifətimiz arasındakı fərq aydın görünür. İstəyimiz həyata keçməyəndə necə də dilxor olur, naşükürlük edirik! Allah insana Onun xəlifəsi olmaq istedadını vermişdir. Bu məqama çatan insan Allahdan qeyrisini görmür, Allahdan qeyrisini köməyə çağırmır. Belə bir məqama çatmaq arzusunda olub çalışan insanlar üçün mümkündür. İnsan aşağı mərtəbədən başlayıb addım-addım yuxarı qalxmalıdır. İlk addımda öz iradəmizi Allahın iradəsinə tabe edib nəfsin istəyini yox, Allahın istəyini yerinə yetirməliyik. Növbəti addımda öz razılığımızı Allahın razılığına tabe edib Onun razılığına fədakarlıqla çalışmalıyıq. Kamillik zirvəsinə çatmaq üçün təkrar-təkrar səy göstərmək lazım gəlir. İnsan hər bir söz, hər bir hərəkətindən qabaq Allahın razılığını düşünməlidir. Bir dəfə nəfsi azad buraxmaq insanı xeyli geri atır. Amma çox-çox səy göstərənlərin işini Allah öz öhdəsinə götürür, Öz zikri ilə bəndənin qəlbini işıqlandırır. Bəli, Allahın lütfünün nazil olduğu məqam vardır. "Sad” surəsinin 82-83-cü ayələrində oxuyuruq: قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ. إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ "Şeytan dedi: And olsun Sənin izzətinə, müxlis bəndələrindən savayı hamısınıazdıracağam.” Qurani-Kərim təsdiq edir ki, yalnız Allahı görən, yalnız Allahdan istəyən, yalnız Allahın iradəsi və razılığına tabe olan xalis bəndələr vardır. Onlar danışarkən, dinləyərkən, baxarkən, iş görərkən, hətta düşünərkən Allahın razılığını əsas götürürlər. Belə bəndənin həyatının hər dəqiqəsi ibadətdir. İbadət təkcə namaz və oruc deyil. Namaz və orucu ibadət edən bəndənin Allah iradəsinə tabe olmasıdır. Əgər bir insan namaz qılıb oruc tutmaqla Allahı yox, bir başqasını razı salmaq istəyirsə, belə namaz və oruc ibadət sayılmır. Əksinə, Allahı razı salmaq üçün bir insanın acı sözünə səbir edən bəndə üçün bu səbir ibadətdir. Bəli, insan qəlbindən bütün bütləri qovub yalnız Allaha pərəstiş edə bilər. Necə ki, "Ənam” surəsinin 162-ci ayəsində belə oxuyuruq: قُلْ إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ "De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” ("Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.31-37.) (Maide.az) Oxşar xəbərlər
|