İmam Zamanın (ə.f) etibar etdiyi bu insanları tanıyırıqmı?
Mьəllif: admin1
Tarix: 5-07-2022, 10:14
İmam Zamanın (ə.f) etibar etdiyi bu insanları tanıyırıqmı?
Bismillahir-rəhmanir-rəhim. Tarixdə bəzi insanlar var ki, daha çox tanınmağı haqq etdiyi halda nədənsə az-az yad edilirlər. Halbuki bu insanlar müəyyən cəhətlərdən digər şəxsiyyətlərdən üstün şəxsiyyətlər olublar.

Amma təəssüflər olsun ki, insanlar arasında sorğu keçirdikdə onların çoxunun bu insanların varlığından, ümumiyyətlə tarixdə belə şəxsiyyətlərin mövcud olmalarından xəbərsiz olduqlarının şahidi oluruq. Bu təbii ki, təbliğatın zəif olmasından irəli gəlir.

Amma İmam Zaman ağa ilə bağlı olan və yazımızın mövzusu olan insanlar zənnimcə İmam Zamanın (ə.f) həyatı haqda yazılan əksər kitablarda adları çəkilib, haqlarında məlumat verilib.

Çünki bu insanlar İmam Zamanın (ə.f) həyatının bir hissəsini təşkil ediblər. Bəli, söhbət İslam tarixində "Nuvvab ərbə`" adıyla məşhur olan Həzrət İmamın (ə.f) xas naibləridir. (Sayı dörd nəfər olduğu üçün onlara "Nuvvab ərbə`" (dörd naib) deyilib)

Bir daha qeyd edirik ki, İmam Zaman (ə.f) haqda yazılan kitablarda, xüsusiylə İslam tarixi dərslərində və "Məhdəviyyət" bəhslərində bu insanların adları zikr edilməkdədir.

Amma təəssüflər olsun ki, bununla belə bir çox insanlar Mərhum Burucerdini, Behcət ağanı tanıdıqları halda bu dörd naibi tanımırlar.

İmam Zamanın (ə.f) bu xas naibləri haqda məlumat verməzdən əvvəl bir neçə məsələyə diqqət məkmək istərdik.

1. Biz gözəl bilirik ki, İmam Zaman (ə.f) həzrətləri böyük qeybə çəkilərkən Həzrətdən (ə.f) ondan sonra kimə müraciət ediləcəyi barədə sual edilib.

Həzrət (ə.f) məsum imamlarımızın (ə) hədislərini düzgün çatdıran təqva sahibi insanların müraciət ünvanı olduqlarını şiələrə bildirib. O gündən bu günədək gəlmiş-keçmiş bütün təqlid mərcələri, müctəhidlər şiələr üçün müraciət ünvanı olmuşlar.

Bəs biz bu cür təqlid mərcelərini tanımağı özümüzə borc bildiyimiz halda necə olur ki, İmam Zaman (ə.f) həzrətləri tərəfindən hüzuri şəkildə təyin edilmiş elm əhli olan bu insanları tanımayaq?

2. Bu gün müxtəlif kitablarda İmam Zaman (ə.f) ilə görüşənlər haqda mütaliə edirik. Bir çox arif və seyri-süluk əhlinin İmamla (ə.f) görüşdüyü iddia edilir.

Biz bu insanları necə də xoşbəxt insan hesab edirik. Bundan əlavə özümüzə də İmamla görüşmə fürsəti tanınsa bundan dolayı çox şad olarıq.

Bəs necə olur ki, İmam Zaman (ə.f) ağanın mübarək görüşünə müşərrəf olub canlı şəkildə imamı görən insanları tanımırıq?

3. İmam Zaman (ə.f) böyük qeyb dövrü bitəndən sonra zühur edəcək. Zühur edərkən köməkçilərinin sayının – məşhur rəqəmə görə - 313 nəfər olacağı bildirilir.

İstənilən bir müsəlmandan soruşsanız (İmam Zaman (ə.f) ağa bütün müsəlmanlar tərəfindən qəbul edilir. Sadəcə bəzi müsəlmanlara görə o sadəcə Məhdi adlı bir insandır və şiənin on ikinci imamı deyil) həmin 313 nəfərdən biri olmağı arzu edər.

Çünki bu işdə İmama (ə.f) Allahın izniylə yardım etmək və o Həzrətə arxa olmaq var. Bəs belə olan halda necə ola bilər ki, İmam Zamana (ə.f) ən çətin və sıxıntılı analrında kömək edən insanları tanımayaq?

İmam Zaman (ə.f) ağa iki qeyb dövrü yaşayıb. Kiçik (suğa) və böyük (kubra). Kiçik qeyb dövrü məşhur rəyə görə 69 il olub.

Bu zaman Həzrət İmam (ə.f) indiki kimi gözlərədn qaib olmayıb, onun o zamanlar dörd xas naibi olub ki, onlar İmamla şiələr arasında vasitə olublar.

O dörd xas naib zaman etibariylə aşağıdakı kimi sıralanır:

1. Osman ibn Səid Əmri. Bəni Əsəd qəbiləsindən olub, şiələr tərəfindən "Səmman" (yağ satan) deyə çağırılıb. Öz məxfiliyini qoruyub saxlamaq naminə bu adla məşhurlaşıb.

O, İmam Zamandan əvvəl atası Həzrət İmam Həsən Əskəri (ə)-ın naibi idi və İmama çatacaq əşyaları şiələrdən alaraq yağ qabılarına qoyub İmama çatdırardı.

İmam Zamanın (ə.f) babası İmam Əliyyən Nəqinin (ə) Osman ibn Səid Əmri barəsində "Bu Əbu Əmr inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır" deməsi tarixdə məşhurdur.

Vəfat raxiri ixtilaflıdır. Hicri qəməri tarixiylə 260, 267, yaxud 280-cı ildə dünyasını dəyişdiyi qeyd edilib. Bu zamana qədər İmam Zamana (ə.f) ilk xüsusi naiblik vəzifəsini yerinə yetirib.

2. Muhəmməd ibn Osman ibn Səid Əmri. Birinci xas naibin oğlu olmuş, atasının vəfatından sonra naiblik vəzifəsini öz üzərinə götürmüşdür.

İmam Zaman (ə.f) İshaq ibn Yəqubun məktubundakı suallara cavab verərkən belə buyurub: "Allah Muhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır."

Muhəmməd ibn Osman atasının vəfat etdiyi andan etibarən 40 il müddətində xas naib olmaq şərəfinə nail olmuşdur. 304, ya 305 hicri ilində vəfat etmişdir.

3. Əbülqasim Hüseyn ibn Ruh Nubəxti. İmam Zamanın (ə.f) üçüncü xas naibi olmuşdur. O da çox etibarlı bir insan olmuşdur.

Hələ ikinci naib Muhəmməd ibn Osman ibn Səid Əmri sağlığında onun barəsində belə demişdir: "Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nubəxti olacaq. Bundna sonra ona müraciət edin və işlərinizə ona etibar edin."

21 il naiblik etdikdən sonra hicrətin 326-cı ilində vəfat edir.

4. Əli ibn Muhəmməd Səməri. Dördüncü naib də üçüncü naibin vasitəsiylə məlu olur. 3 il müddətində İmama naiblik edir və hicrətin 329-cu ilində yəni böyük qeybət dövrünün başlanğıcında dünyadan gedir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031