QƏBİR ƏZABINDAN QORXURSUNUZSA, MÜTLƏQ OXUYUN!
Mьəllif: admin1
Tarix: 21-06-2021, 10:56
QƏBİR ƏZABINDAN QORXURSUNUZSA, MÜTLƏQ OXUYUN!
Hər bir kəs həyatında heç olmazsa, bir dəfə də olsun, ölümü, qəbir evində Nəkir və Münkərin sorğu-sualı, qiyamət hesab-kitabı, qəbir əzabı və sıxıntısı haqda düşünüb...! Amma görən, qəbir əzabı və sıxıntısından qurtuluş yolu haqda düşünübsünüzmü? Əgər ölümdən və qəbir sıxıntısından qorxu hissiniz vardırsa, mütləq oxuyun...

İnsan öldükdən sonra ruhu bədənindən ayrılır və bədəninin üzərində dayanır. Meyyitə qüsl verilib qəbiristanlığa aparılarkən, onun ruhu hazır olur, qüsl verənləri, dəfn mərasimində iştirak edənləri görür, səslərini eşidir. Elə buna görə də, tövsiyə olunur ki, dəfn mərasimində artıq danışıqlardan çəkinilsin, yalnız Quran tilavət olunsun... "Qaf” surəsinin 22-ci ayəsində buyurulur:

لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ

"(Ona belə deyiləcəkdir:) "Sən (dünyada) bundan (bu müdhiş günü görəcəyindən) qafil idin. Artıq, bu gün gözündən pərdəni götürdük. Sən bu gün (ölümdən sonrakı hadisələri) aydın görürsən!”

Bu dünyada xəstəlik yatağında ağrı-acının şiddətindən əziyyət çəkən insan öldükdən sonra xəstəlik və ağrısı qaldırılacaq. Amma meyyit qəbrə qoyularkən, onu vəhşət bürüyəcək, qəfildən müxtəlif yırtıcıların ona doğru hücum çəkdiyini müşahidə etdiyi halda, dəfn mərasimində iştirak edənlər yalnız tamaşaçı rolunu ifa edəcəklər. Bu vəziyyətdə ölmüş insan özü işə başlayacaq, çalışacaq ki, yırtıcıları öz ətrafından kənarlaşdırsın.

Bütün bu hadisələrdən sonra "ləhəd”in üstü bağlanacaq, qəbir torpaqlanacaq və hər kəs, hətta yaxınlar belə, geri dönüb onu tək-tənha qoyacaqlar. Birdən qəbrin divarları lərzəyə gələcək, Nəkir və Münkər adlı iki mələk qəbrə daxil olub, sorğu-sual verməyə başlayacaq. Hər kəs bu dünyada sahib olduğu etiqadları əsasında sualları cavablandıracaq.

İnsandan soruşulacaq ilk sual belə olacaq: "Rəbbin kimdir?” Əgər insanın yeganə Allaha imanı olubsa, "Mənim Rəbbim yeganə Allahdır!” – deyə cavab verəcək.

Soruşacaqlar: "Peğəmbərin kimdir?” Əgər müsəlmandırsa, cavab verəcək: "Mənim peyğəmbərim Allahın son peyğəmbəri olan həzrət Muhəmməddir (s).” Bu cavabdan sonra Nəkirlə Münkərin surəti açılacaq, qəbir sahibinin qorxusu aradan qalxacaq, sonra isə "kitab”, "qiblə” və "imamlar”dan soruşulacaq...

Daha sonra növbə əməllərə yetəcək. Bu zaman biri xoşqiyafəli, digəri isə bədqiyafəli iki nəfər şəxs qəbir sahibinə doğru addımlayıb, biri sağ, digəri isə sol tərəfdə duracaq, onun dilini, qulağını, qəlbini, xəyal qüvvəsini iyləyəcək, bütün əməllərini araşdıracaq və qeydə alacaq. Əməllər qeydə alındıqdan sonra qəbir sahibinin boynundan asılacaq.

Bu zaman qəbir sahibi qəbir sıxıntısına məruz qalacaq. Bir sözlə, insan qəbrə qoyulduqdan sonra, əsasən, üç mərhələdə şiddətlə qorxuya düşəcək: Nəkir və Münkərin sorğusu, əməllərin qeydə alınması və qəbir sıxıntısı zamanı.

Bəli, qəbir əzabı və sıxıntısı qəbir evində baş verəcək ən təhlükəli hadisələrdən biridir. Lakin onun həddi, ağır-yüngüllüyü insanın əməllərinə nəzərən fərqlənəcək.

MÖMİNLƏR DƏ QƏBİR SIXINTISINA MƏRUZ QALACAQMI?

Rəvayətlərdən belə anlaşılır ki, çox az dəstə qəbir əzabı və sıxıntısından amanda qala biləcək və zacıq günah sahibi olan bir mömin şəxs, təbii ki, qəbir sıxıntısına məruz qalacaq və bu, onun günahının kəffarəsi və cəriməsi olacaq! Səd ibn Məaz İslam Peyğəmbərinin (s) ən yaxın səhabələrindən biri idi. Vəfat etdikdən sonra, o həzrət onun dəfn mərasimində iştirak etdi, onu öz mübarək əlləri ilə qəbrə qoydu. Nəql olunur ki, onun dəfn mərasimində Cəbrail-Əmin başda olmaqla yetmiş min mələk iştirak etdi. Amma Səd qəbir əzabına məruz qaldı. Peyğəmbər (s) bunun səbəbini Sədin öz əhli-əyalına qarşı bəd əxlaqı ilə əlaqələndirdi. ("Əl-əmali”, Şeyx Səduq, səh.385.)

İmam Əlidən (ə) belə nəql olunur:

عَذَابُ الْقَبْرِ يَكُونُ مِنَ النَّمِيمَةِ وَ الْبَوْلِ وَ عَزَبِ الرَّجُلِ عَنْ أَهْلِهِ

"Qəbir əzabının səbəbi xəbərçilik (sözgəzdirmə), sidiyi saxlamaq (və yaxud təmizliyə riayət etməmək, ayaqüstə sidiyə çıxmaq) və kişinin səbəbsiz yerə əhli-əyalını tək etməsidir!” ("İləlüş-şəraye”, 1-ci cild, səh.309.)

Bəzi rəvayətlərdə də göstərilir ki, bəzi əməllər insanı qəbir əzabından qoruyacaq. O cümlədən: 1. Bəzi mübarək günlərdə – cümə günü və yaxud cümə axşamı, Aşura günü, "Ərbəin” günü və "Məbəs” günü dünyasını dəyişən iman əhli qəbir sıxıntısından amanda qalacaq; 2. Hər cümə axşamı "Nisa” surəsini oxumaq; 3. Dörd dəfə həccə getmək; 4. Qurani-Kərimi çox oxumaq; 5. Çoxlu salavat demək; 6. Yoxsullara yardım etmək, sədəqə vermək, xalqa xidmək etmək və xeyirxah işlərlə məşğul olmaq insanı qəbir əzabından xilas edəcəkdir.

Bir sözlə, qəbir əzabı və ölümdən qorxu hissi insanın əməllərindən asılıdır, belə ki, onun pis əməlləri artdıqca, ölümdən qorxusu və axirət əzabı da şiddətlənəcək. Əgər qəbir əzabı və sıxıntısından qorxursunuzsa, dilinizi qoruyun, gözəl əxlaqa sahib olun, təmizliyə riayət edin, xeyirxah işlərlə məşğul olun, ilahi nemətləri zay etməyin, onlardan layiqincə bəhrələnin, şükrünü də yerinə yetirin...

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031