Əməl insana təklikdə kifayət etmir
Mьəllif: admin1
Tarix: 7-05-2022, 22:12
Əməl insana təklikdə kifayət etmir
İnsanın mənən ucalması və ruhən kamilləşməsi üçün təkcə onun əməli kifayət etmir.

Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür! (Bəyyinə-8)

Qurani Kərimin bütün ayələri insanı düşündürən ilahi kəlamlardır. Qeyd etdiyimiz bu ayə də digər ayələr kimi insanı düşünməyə, təhlil etməyə çağıran ayələrdəndir.

İlahi rizayət insanın yetişə biləcəyi ən son zirvədir ki, insandan da istənilən məhz budur. Bütün iş və əməllər bu istiqamətdə olarsa dəyər tapır. Yox əgər əməlin arxasında bu həssas məsələ durmursa, o zaman görülən iş dəyər tapmaz.

İş ancaq öz əhatəsi çərçivəsində faydalı ola bilər. Çox işlər vardır ki, zahirən bir-birinə bənzəyir. Məsələn zalımın zülmünü ifşa etmək kimi. Biri bu işi görür ki, cəmiyyətdə zülmün, istibdadın (diktatura) kökü kəsilsin. İnsanlara zülm olunmasın.

O, bu əməlinə Allah Təalanın əmrini yerinə yetirmək - pislikdən çəkindirmək (nəhy əz münkər) - niyyəti ilə rəvac verir. Digəri də bu işi görür, amma məqsədi həmin zalımın gücünü əlindən alıb özü hakim olmaq üçündür.

Necəki İslam tarixində Abbasi sülaləsi Əməvilərə qarşı bu oyundan istifadə edib, xalqın dəstəyi ilə hakimiyyətə sahib oldular. Amma qısa vaxtdan sonra öz zülmlərində heç də Əməvilərdən geri qalmadılar.

Əməl sahibinin əməlini qiymətli edən, həmin işin niyyəti, hədəfidir. İnsanın əməlinin arxasındakı hədəfi nə qədər böyük və dəyərli olarsa, gördüyü işi də bir o qədər dəyərli olar. Hətta gördüyü iş yaxşı iş olsa belə, riya qəsdi ilə edilsə öz sahibinə faydası olmaz.

Gördüyü iş zahirən yaxşı görünsə belə Allah Təala ondan razı olmaz: "Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!" (Tövbə-96).

İnsan, Allah rizasına yetişməsi, əməlinin dəyər tapması üçün əsas iki şeyə möhtacdır. Biri-imana (xalis niyyətə), digəri isə zahiri saleh əmələ. Əgər bu iki dəyər bir arada olmasa, insanın əməli yaxşı olsa belə insanı ilahi rizayət mərtəbəsinə ucaltmaz.

Yaxud, iman gətirsin, amma fəsada razı olsun. Bu da həmçinin qeyri kamildir. İnsan yalnız iman və saleh əməlin vəhdəti ilə ziyan və süqutdan qurtulub Allahın razılığına qovuşa bilər:

"And olsun əsrə (axşam çağına).

İnsan ziyan içindədir.

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!" (Əsr surəsi).


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930