Nemət ona görə deyirik ki, iman əhli dünyasını dəyişəndən sonra Allah Təalanın daha böyük feyzinə və rəhmətinə qovuşacaq. Dünyanın ağrı, acılarından yüngülləşəcək. Dünyaya məxsus məhdudiyyətlərdən azad olub Allahın qüdrətini daha açıq bəsirətlə müşahidə edəcək. Bu həqiqətən böyük nemətdir.
İmanı və etiqadı olmayan kəslər üçün də nemətdir ona görə ki, öz nadanlığından və küfründən qurtarır. Allah qarşısinda küfür və günah həqiqətən də böyük qəflətdir. Yaradılışında izzət sahibi olan insan öz küfrü ilə zəlillik mərtəbəsinə enir. Ölümü ilə öz küfrünə son vermiş olur.
Dini mənbələrdə ümumi şəkildə ölüm anının dəhşəti barəsində çox qeyd olunub. Amma Allah dostlarının ölümü isə adi kəslərin ölümündən fərqli olaraq qibtə ediləcək şəkildə vəsf edilib. Məsələn Süleyman peyğəmbərin (ə) əhvalatında deyilir ki, peyğəmbər (ə) tək qalmaq üçün qəsrin üstünə çıxır. Yanında bir gənci görür. Deyir ki, sənə kim icazə verib bura çıxmısan. Tapşırmışdım kimsə gəlməsin. O gənc özünü tanıtdırır və icazə ilə onun (ə) canını alır. Rəvayətdə deyilir ki, Həzrəti Süleyman (ə) neçə gün o halda əsasına söykənmiş vəziyyətdə qalır. Neçə gündən sonra məlum olur ki, o böyük səxsiyyət artıq ruhunu tapşırıb.
Yaxud İbrahim peyğəmbərin (ə) əhvalatı. Ölüm mələyi İbrahimin görüşünə gəlib, salam verdi. İbrahim (ə) dedi: "Salam olsun sənə, ey ölüm mələyi. Məni Allahıma doğru dəvət etməyə gəlmisən, yoxsa ölüm xəbəri gətirmisən?” Əzrail dedi: "Gəlmişəm ki, səni öz razılığınla Rəbbinə doğru aparım. İbrahim (ə) sual verdi: "Dostun öz əziz dostunu öldürdüyünü görmüsənmi?” Əzrail İbrahimin (ə) bu sözlərini Allaha çatdırdı. Allah buyurdu: "İbrahimə de ki, mehriban aşiqin məşuqla görüşdən qaçdığını görübmü?” İbrahim (ə) bu sözləri Əzraildən eşidib dedi: "Həqiqətən də həbib məhbubu ilə görüş şövqündə olur”
Bir gün ölüm mələyi İdris peyğəmbəri (ə) görmək üçün Allahdan icazə istədi. Ölüm mələyi insan simasında İdrisin (ə) görüşünə gəldi. İdris (ə) onu süfrəyə dəvət etdi. Mələyin süfrəyə əyləşmədiyini görüb, onun kim olduğunu soruşdu. Əzrail ölüm mələyi olduğunu bildirdi və dedi ki, İdrisin (ə) ziyarətinə gəlib. İdris(ə) Əzraildən onun ruhunu almasını istədi. Əzrail dedi ki, bu yalnız Allahın əmri ilə mümkündür. Bu zaman Allah ölüm mələyinə əmr etdi ki, İdrisin (ə) ruhunu alsın. Əzrail İdrisin (ə) ruhunu aldı və Allah həmin an onu yenidən həyata qaytardı. Əzrail nə üçün ölmək istədin?” soruşanda İdris (ə) "Ölümün çətinliyini dadıb, ona hazırlaşmaq istədim.”dedi.
Həzrət Peyğəmbər (s) buyurur: Ölüm mömin üçün ətirli gül iyləmək kimidir. Möminin dünyadan gedişi uşağın qaranlıq ana bətnindən işığa çıxması kimidir.
İmam Həsən (ə) buyurur:
Möminlər üçün ən böyük sevinc ölümdür.
İmam Sadiq (ə) buyurub: Ölüm mömin üçün ən xoş ətir kimidir. Bu ətirlə bütün əzab-zəiyyətlərə son qoyular.
(İslaminsesi/Y.Nuriyev)