GÜNAHIN SONU KÜFRDÜR!
Hər bir insanın qarşısında iki yol var: küfr və iman. Küfr şeytana itaətdir və insanı cəhənnəmə doğru çəkir. İman isə Allaha itaətdir və insanı behiştə aparır. Bəs iman yolunu seçib, bu yolda iman dərəcəsini artırmaq üçün nə etməliyik?
Qeyd etməliyik ki, insanı imandan uzaqlaşdırıb küfrə sürükləyən əsas səbəb günahdır və əxlaq alimlərinin qeydlərinə əsasən, insanı günaha sövq edən şəhvət və qəzəbdir. İnsan bu hisslərin təsiri altında ilk dəfə günah etdikdən bir müddət sonra şəhvət və qəzəb sönür, insan adi halına qayıdır. Adi hala qayıtmış insan peşman olur və gördüyü işə görə özünü danlayır. Belə insanlar, adətən, tövbə edir, Allah da onları bağışlayır. Rəvayətlərdə buyurulur ki, mömin günah etdikdə, Allah bu günahı qeyd edən mələkləri yeddi saat yubatmaqla mömindən tövbə gözləyir. Allah-Taala istəmir ki, möminin əməl dəftərinə günah yazılsın. Bu müddət ərzində peşman olub səmimi qəlbdən tövbə edən insan günah etməmiş kimidir. Amma birinci günahdan sonra tövbə edilməsə, şeytan insanı təkrar-təkrar bu günaha qaytarır. Günah təkrarlandıqca adət şəklini alır və peşmançılıq hissi ləzzət hissinə çevrilir. Bu zaman nəfsdə ziddiyyət yaranır, insanın daxilində çarpışma gedir. Yol verdiyi günahın haramlığını bilən insan Allaha qarşı çıxdığını anlasa da, adət səbəbindən günahdan uzaqlaşa bilmir. Özünü inam və əməlin mübarizə meydanında görən insan “Doğrudanmı, mən pis insanam?” deyə düşünür. Sonra anlayır ki, inandığı həqiqətlərə əməl etməyib. Özünə belə cavab verir: “Bəli, mən pis insanam ki, bu qədər günaha yol vermişəm.” Amma insan xaraktercə özünüsevən olduğundan pis insan olmasını asanlıqla qəbul etmir. Əksər günahkarlar pis iş gördüklərini anlasalar da, bunu etiraf etməkdən çəkinirlər. İnsanı bu vəziyyətə gətirən isə təkrar-təkrar günaha yol verməsidir. Əbədi əzabdan qorxan insan günahdan qaçır. Günaha getmək küfrə getməkdir. Günaha tələsən insan küfrə tez çatar. Əlbəttə, ola bilər ki, günahkar insan Allahın lütfü ilə hansısa bir nəsihətdən ayılıb tövbə edərək imana qayıtsın. Bəs günaha batmamaq üçün nə etmək lazımdır? Nə edək ki, imanımız güclənsin və küfr təhlükəsindən amanda qalaq? İnsan istək və iradə cəhətdən azad bir varlıqdır. Xeyir yolunu o özü seçməlidir. Hər bir əməl insanın iradəsi ilə həyata keçir. Əlbəttə ki, istək və iradənin də dərəcələri var. İnsan birdən-birə övliyaların yolunu getmək istəsə, bu iş onun üçün üzücü olar. Günah girdabına yuvarlanmış insanın övliyaların dözdüyü ibadət çətinliklərinə dözməsi olduqca çətindir. Adət olunmuş günahdan çəkinmək üçün böyük səbir və dözümə ehtiyac var. Əxlaq alimləri günahdan xilas olmaq istəyən insanlara daha asan üsullar göstərirlər. İlk addımda ən asan işlərdən başlamaq lazımdır. İnsan birdən-birə ağırçəkili daş qaldıra bilməz. Amma yüngül daşlarla məşq etməklə hətta dünya çempionu adını qazanmaq olar. Bu işdə məşqçiyə ehtiyac olduğu kimi mənəvi tərbiyədə də əxlaq müəlliminə ehtiyac var. Əxlaq müəllimi insanın əlindən tutub onu addım-addım qabağa aparır. O, insanı tədricən günahdan çəkindirir. Demək, günahı tərk edib, imana yaxınlaşmaq üçün ağır proqramlardan çəkinmək lazımdır. Bu proqramların hazırlanmasında ən etibarlı mənbə peyğəmbər və övliya göstərişləridir. İnsan bu göstərişləri nəzərə alarsa, adət etdiyi günahlardan daha asan xilas ola bilər. Həmin əməli göstərişlərdən ikisinə nəzər salaq: 1. Günaha təhrik edən mühit və şəraitdən çəkinmək: İnsan günahdan uzaq olmaq üçün günaha şərait yaradan mühitdən uzaq olmalıdır. Əgər bir yolda təhlükə gözlənilirsə, bu yoldan kənarlaşmaq lazımdır. Magistral yollarda sürücünü qarşıdakı təhlükədən xəbərdar edən lövhələr asılır. Tufanlı günlərdə mütəxəssislər dənizə çıxmamağı məsləhət görür. İnsanı günaha batıra biləcək şəraitlər də bu sayaq qorxuludur və insan günah ehtimalı olan mühitdən qaçmalıdır. Çünki belə mühitlərdə tüğyan etmiş qəzəb və şəhvəti cilovlamaq çətin olur. Ən yaxşısı günah mühitinə düşməməkdir. Ümumiyyətlə, günah mühitinə yaxınlaşmamaq ümumi dini göstərişlərdən biridir. Günah doğuran səhnələr, məclislər, musiqilər, sözlər və baxışlardan çəkinən insanın günaha batma ehtimalı çox azdır. 2. Pis dostlardan uzaqlaşmaq: İmanı qorumaqda ən əsas iş pis dostlardan uzaqlaşmaqdır. Xüsusilə gənclər çox asanlıqla dostun təsiri altına düşüb, onun xasiyyətini götürürlər. Valideyn və tərbiyəçi özlərinin himayəsi altında olan gənclərə yaxşı dost seçməyi tövsiyə etməlidir. İnsan dostun təsiri ilə həm behişt, həm də cəhənnəmə gedə bilər. Əgər öz müsbət xüsusiyyətlərimiz haqqında yaxşıca düşünsək, bu xüsusiyyətləri kimdən qazandığımızı yada sala bilərik. İnsanı namaza, məscidə sövq edən də dostdur, əyri yola çəkən də. Yaxşı dost səni məscidə dəvət edən zaman sənin bəhanələrinə baxmadan israr edir. Onun təsiri altında saleh əməl insanda xasiyyətə çevrilir. Pis dost isə insanda pis adətlər, çirkin xasiyyətlər doğurur. Aparılan sorğular göstərir ki, narkotik maddələrə qurşanmış gənclərin əksəriyyəti bu yola pis dostun təhriki ilə düşmüşlər. Əvvəlcədən yaxşı dost seçmək, eləcə də pis dostdan uzaqlaşmaq çətin deyil, amma dostun təsiri altında pis vərdişlər qazandıqdan sonra bu dostdan asanlıqla ayrılmaq olmur. İnsan dosta öyrəşir və ondan asanlıqla ayrıla bilmir. Dostun danışıq tərzinə, yerişinə, geyiminə və digər xüsusiyyətlərinə adət edən şəxs onun təsirindən çıxmaqda çətinlik çəkir. Diqqətli olun! Dost seçərkən onun xüsusiyyətlərini diqqətlə nəzərdən keçirin. Unutmayın ki, pis dost sizi cəhənnəmə apara bilər. Görün dostun təsiri altında cəhənnəmə düşənlər nə deyir: “Vay olsun mənə! Ey kaş fılankəsi özümə dost tutmayaydım.” (“Fürqan” surəsi, ayə 28; “Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh. 166-169.) Maide.az Oxşar xəbərlər
|