TÖVBƏ – GÜNAHIN SAVAB VƏ YAXŞILIĞA ÇEVRİLMƏSİ
Mьəllif: admin1
Tarix: 21-08-2017, 11:29
TÖVBƏ – GÜNAHIN SAVAB VƏ YAXŞILIĞA ÇEVRİLMƏSİ
Tərbiyə üsullarından biri də islaha imkan verilməsidir. Günahkarlar heç vaxt düz yola qayıda bilməyəcəklərini düşünməməlidirlər. Bəziləri elə fikirləşir ki, onsuz da cəhənnəmə gedəcək, nə üçün dünyada qəm-qüssə çəkməlidir?! Necə deyərlər, islanmışın yağışdan nə qorxusu! Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişilir, onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Tövbə qapısı hətta müşriklərin, qatillərin, zinakarların da üzünə açıqdır! Hətta son nəfəsə qədər tövbə mümkündür və ömrünün son anlarında belə Allahın dərgahına ixlasla üz tutub tövbə edən bağışlanacaq. Zəngin İslam maarifini dualarında bəyan edən imam Səccad (ə) “Taibin” münacatında Allahın geniş lütf və mərhəmətindən üz döndərənlərə təəccüb edərək deyir: “İlahi, Sən bəndələrinin üzünə əfv və məğfirət qapısını açan, hamını ona doğru dəvət edən və rəhmət dəryandan bəhrələndirən Allahsan! Ey mənim Rəbbim, bu qapıya gəlməyənlər və ondan qafil olanların bəhanəsi nədir?” (“Məfatihul-cinan”, “Xəmsə əşər” münacatından “Taibin” münacatı.)

Allah-Taala “Furqan” surəsinin 70-ci ayəsində buyurur:

إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا

“Amma tövbə edib, iman gətirən və yaxşı işlər görənlər istisnadırlar. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah bağışlayan və mehribandır.”

Bundan əvvəlki ayələrdə, yəni “Furqan” surəsinin 68-69-cu ayələrində Allaha şərik qoşanların, qatillərin və zinakarların cəza və əzablarının daha ağır olacağından söz açılsa da, Allah-Taala onların qayıdışı üçün yolu açıq qoyur və tövbə edərək Allaha iman gətirən və yaxşı işlər yerinə yetirənləri istisna edir.

Bu ayə ilə bağlı bir neçə incə mətləb diqqəti cəlb edir:

1. İnsan nəfəs çəkdiyi və bu dünyaya göz yumduğu vaxta qədər tövbə edə bilər və hətta böyük günahları da olsa, Allaha qayıdış yolu açıqdır.

2. Günah insanın imanını azaldır və onu yenidən əldə etmək üçün, təkcə tövbə bəs deyil, tövbə və imanla yanaşı, keçmiş günahlar barədə də düşünmək lazımdır. Başqa sözlə, dildə “istiğfar” etməklə tövbə hasil olmur. Haqq yola qayıdanın rəftarlarında tövbənin təsir və əlamətləri görünməlidir. Demək, tövbə edən şəxs yaxşı və saleh əməllərlə keçmiş günah və xətalarını ört-basdır etməli, həmin miqdarda yaxşı işlər yerinə yetirməlidir.

3. Allah-Taala tövbə edənlərin tövbəsini və keçmiş günahlarını bərpa edən yaxşı əməllərini qəbul etdiyi kimi, əzab və cəzalarını da aradan qaldırır, onları Öz lütf və mərhəmətilə qarşılayır. Belə ki, “Furqan” surəsinin 71-ci ayəsində buyurur:

وَمَن تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا

“Tövbə edib yaxşı işlər görənlər o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdarlar.”

Qeyd etməliyik ki, insan günah etdikdə, Allaha arxa çevirir və günah vasitəsilə Ondan uzaqlaşırsa, tövbə ilə Allaha üz tutur və Ona yaxınlaşır. Allah da günahkar bəndədən üz çevirdiyi və onu bəzi nemətlərindən məhrum etdiyi kimi, peşman olub tövbə edən günahkar bəndəsinə də üz tutur, ondan aldığını geri qaytarır. Demək, tövbə bəndə ilə Allah arasında rabitədir, bəndə günahından tövbə edərək Allaha qayıdır, Allah da bəndəsinə rəhmət gözü ilə baxaraq aldığı nemətini geri qaytarır!

Unutmamalıyıq ki, həqiqi tövbə qəribə təsirə malikdir! Bir çox ayələrə əsasən, həqiqi tövbədən sonra Allah-Taala həmin günahları tamamilə savab və yaxşı əməllərə çevirir! Yəni günahkarın üzrünü qəbul edir, onu cəzalandırmaqdan daşınaraq bağışlayır və hətta ona qiymətli bir hədiyyə də əta edir! Görəsən, bundan böyük alicənablıq varmı? Peyğəmbəri-Əkrəm (s) buyurur: “Qiyamət günü çoxları əməl dəftərinə baxıb, nagahan heyrət və təəccübdən fəryad edərək deyəcəklər: “Səhvə yol verilib, bu bizim dəftərimiz deyil! Burada gördüyümüz günahlar və yerinə yetirmədiyimiz ibadətlər qeyd edilib! Mütləq səhv düşüb, başqasının əməl dəftəri bizə verilib!” Onlara belə xitab olunar: “Xeyr, heç də səhvə yol verilməyib, bu sizin özünüzündür. Siz dünyada tövbəyə müvəffəq olduğunuz (həqiqi tövbə etdiyiniz), saleh və yaxşı əməllərlə qara keçmişinizi işıqlandırdığınız üçün, Biz sizin əməl dəftərinizdəki günahları savab və ibadətə çevirmişik!” Sonda Peyğəmbəri-Əkrəm (s) “Allah onların günahlarını yaxşılıqlara çevirər.” – ayəsini (“Furqan”/70) tilavət edərkən mübarək çöhrəsində sevinc duyulur və təbəssümdən hətta dişləri belə görünür. (“Nurus-səqəleyn”, 4-cü cild, səh.33, “Təfsiri-nümunə”dən nəqlən, 15-ci cild, səh.161.)

Doğrusu, tövbə mehriban Allaha minnətdarlıqdır. Xoşbəxtlik arzulayanlar hökmən Onun mərhəmət dəryasına üz tutmalıdırlar. Mehriban, bağışlayan, rəhmli, kəramətli, səxavətli və tövbələri qəbul edən Allahın rəhmət qapısından uzaqlaşanlar isə, necə də qafildirlər!...


Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930