Axirət işləri və dünya işləri – ziddiyyət, yoxsa vəhdət?
"Hər kim axirət işlərini qaydaya salarsa, Allah Təala onun dünya işlərini qaydaya salar". Yuxarıdakı buyuruşda əziz Peyğəmbərimiz (ə) hər birimizi ciddi düşündürən mövzuda hazır resept verir.
Dünya və onun işləri. Hər kəsin yaşadığı reallıq. Gündəlik həyatın birbaşa gündəmi. Necə edim ki, çatdırım? Necə edim ki, bacarım? Necə edim ki, prioritetləri müəyyənləşdirə bilim? Bu və bu qəbildən olan dünya işləri ilə bağlı bizi düşündürən suallar. İnanclı bir insan üçün, bu sualların həlli ilə bağlı yazının əvvəlində gələn nurani tövsiyə çox düşündürücüdür. Axirət işlərini qaydaya salmaq nədir? Dünya işlərini tərk etmək mənasında ki, ola bilməz. Əksinə, dünya işlərinə hədəf və nuraniyyət vermə. Yəni dünya işlərinə axirətin əkin yeri kimi baxmaq. Namazı əvvəl vaxtda qılmaq – dünya işinə etinasızlıq deyil. Dünya işini mənalı etməkdir. Halal-harama riayət etmək – dünya işini tərk etmək deyil. Əksinə, dünya işini ən optimal həyata keçirməkdir. Axirətsiz dünya işi – puç və mənasız olar. Axirət işlərini qaydaya salmaq – dünya işlərinin Allah tərəfindən bərəkət tapmasına səbəb olar. Allahdan hər birimiz üçün axirət yüklü dünyanı yaşamağımızı diləyirəm. Hacı İlqar İbrahimoğlu Oxşar xəbərlər
|