ÖVLAD TƏRBİYƏSİ – EV, MƏKTƏB VƏ CƏMİYYƏT
İslamın övlad tərbiyəsi ilə bağlı metodologiyası misilsizdir. Adətən, uşağın tərbiyəsi beşinci yaşdan məsləhət görülürsə, İslam dinində isə bu, onun dünyaya gəldiyi andan, bəlkə də, dünyaya göz açmamışdan qabaq, hələ ananın bətnindəki rüşeym aləmindən başlanır və hətta ondan da qabaq gələcək övladın səadət və xoşbəxtliyi üçün ata-anaya faydalı göstərişlər verilir, ideal ailə üçün ölçülər irəli sürülür.
Hələ hamiləlik dövründə qida növlərinə, haram və hətta şübhəli yeməklərə dair dəyərli tövsiyələr vardır. (“Vəsailüş-şiə”, 14-cü cild, səh.29; “Müstədrəkül-vəsail”, 14-cü cild, səh.174; “Hilyətül-müttəqin”, səh.44-45.) Hədislərdə uşaqlar üçün bir çox hüquqlar nəzərə alınır ki, hər biri valideynlər üzərinə düşən vəzifə və borcdur. a) Yaxşı ad: Adlar uşaqlara xüsusi təsir bağışlayır. Yaxşı ad yaxşı, pis ad isə pis əhval-ruhiyyə yaradır. Övlada yaxşı və münasib ad seçmək uşağın valideyn üzərindəki haqlarından biridir. b) Quran öyrətmək: Səmavi kitabımız Allahın kəlamı olan Qurani-Kərimlə tanışlıq hər bir müsəlmana vacibdir və nə yaxşı olar ki, bu tanışlıq uşaqlıq çağlarından başlanılsın. Şübhəsiz, bunun insanın əsl düşməni olan şeytanla mübarizəsində müstəsna təsiri olacaqdır. c) İdman (xüsusilə ox atmaq və üzgüçülük): İslamda insanın ruh və cismani sağlamlığı eyni mahiyyət daşıyır və hər birinin öz yeri var. Qeyd edilən hər üç hüquqla əlaqədar, habelə övladın digər vəzifələri haqda bir neçə hədislə kifayətlənirik: 1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Övladlarınızı üç xislətlə tərbiyələndirin: Peyğəmbərinizə məhəbbətlə, Peyğəmbərin Əhli-beytinə məhəbbətlə və Quranı öyrətməklə.” (“Kənzül-ümmal”, 16-cı cild, səh.456, hədis 45409.) 2. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur: “Övlad üçün ədəbdən qiymətli və üstün bir miras yoxdur.” (“Ət-tibyan”, 4-cü cild, səh.514; “Kənzül-ümmal”, 16-cı cild, səh.45, hədis 45411.) Çoxları övladlarına ev, maşın, cehiz və s. almaqla böyük xidmət etdiyini təsəvvür edir. Halbuki yuxarıdakı rəvayətə əsasən, ən dəyərli miras düzgün tərbiyə və gözəl ədəb-ərkandır. Düzgün tərbiyə olmadıqda, deyilən bütün maddi imkanlar tez bir zamanda hər hansı əxlaqi rəzalət və düşkünlük nəticəsində puç olub gedəcək və təəssüflənən isə yalnız yaxşı tərbiyə verə bilməyən valideyn olacaq. EV, MƏKTƏB VƏ CƏMİYYƏT Övladın tərbiyəsi üçün üç mühit zəruridir: 1. Ata-ana qucağı – ailə ocağı; 2. Təhsil ocağı; 3. İctimai ocaq. Övlad birinci və ikinci mühitdə məhdud təlim-tərbiyə görsə də, üçüncü mühit onun üzünə geniş üfüqlər açır və bu da onun inkişafı üçün böyük meydan sayılır. Müasir dövrdə küçə və xiyabanlarda baş verən yaramaz səhnələr, mətbuatda dərc olunan əxlaqsız səhifələr, saxta eşq-məhəbbət və ehtirası artıran yazılar, haram şou yığıncaqları, pis dost və s. doğrudan da övladlarımızı hədələyir. Mühitlərin hansı biri korlanarsa, sözsüz, onların tərbiyəsi də bir o qədər problemlərlə üzləşir və o biri mühitlərin vəzifəsi ağırlaşır. Aydındır ki, onların arasında ailənin rolu hamısından ağır və mühümdür. Odur ki, müqəddəs İslam dinində övlad tərbiyəsi əsasən ata-ana ilə əlaqələndirilir və camaat da saleh, tərbiyəli və əxlaqlı bir gənclə, yaxud asayişi pozan əxlaqsız bir gənclə rastlaşdıqda, əvvəl onun valideynlərinə rəhmət və ya qarğış edir. (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.154-156.) Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|