Ruzinin insana çatmasına mane olan amillər. Ruzini endirməyin ən yaxın yolu
İmam Əli (ə) “Nəhcul-bəlağə”nin 137-ci xütbəsində buyurur: “Ruzini sədəqə vasitəsilə yerə endirin”.
İmamın (ə) nəzərində ruzi dedikdə, bütün İlahi nemətlər nəzərdə tutulur. İstər maddi olsun, istərsə də mənəvi. İmamın (ə) bu qısa nurani kəlamından belə nəticəyə gəlmək olur ki, ruzinin artmasının yollarından biri də sədəqə verməkdir. İmam (ə) başqa yerdə buyurur: “Nə zaman yoxsul və ehtiyaclı oldunuz – sədəqə verərək, Allahla ticarət edin”. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, İmam (ə) oğluna buyurur: “Sənin yanında olan maldan nə qədər qalmışdır?”. Deyir: “40 dinar”. İmam (ə) buyurur: “Get və onu ehtiyacı olanlara sədəqə ver”. Deyir: “Ondan qeyrisi qalmayacaqdır. (Yəni, onu versək, pul qalmayacaqdır)”. İmam (ə) buyurur: “Deyirəm ki, onu sədəqə ver və Allah onun əvəzinə bizə verəcəkdir. Məgər bilmirsənmi hər bir şeyin açarı vardır, ruzinin açarı – sədəqədir? Ona görə də get və Allah yolunda onu ehtiyacı olanlara sədəqə ver”. İmamın (ə) oğlu bu işi görür. On gün keçmir ki, İmamın (ə) xidmətinə 4 min dinar gətirirlər. İmam (ə) oğluna buyurur: “Oğlum! Allaha 40 dinar verdin və Allah bizə 4 min dinar verdi”. Ruzinin insana çatmasına bir çox amillər mane olur. Bu maneələr iki cür olur: maddi və mənəvi. Ruzini artıran maddi tərəfdə olan amillər: səy göstərmək, işi düzgün seçmək, insanlarla düzgün rəftar etmək, dəqiq hesab-kitaba malik olmaq durur. Və bunun əksi - tənbəllik, insanlarla pis rəftar etmək, məsləhət etmədən işə girişmək kimi amillər ruziyə mane olur. Hədislərimiz tövsiyə edir ki, mömin gecə namazı qılsın. Çünki bu namazın ruziyə birbaşa təsiri vardır. Günahın olması ruzinin qarşısını alar və bəzi nemətlərin insana çatmasına mane olar. Ona görə də hədislərimiz tövsiyə edir: “Nə zaman ruzi sənin üçün çətinləşdi, günahlarına görə istiğfar et. Allah ruzini genişləndirəcəkdir”. O zaman ki, insanlar qəhətlikdən əziyyət çəkirlər, İmam Əli (ə) onlara tövsiyə edir ki, həm tövbə etsinlər və həm də “Nuh” surəsinin 10-cu ayəsinə istinad etsinlər. “Və dedim ki: «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır»”. /Deyerler.org/ Oxşar xəbərlər
|