HAQQI EŞİTMƏYƏNLƏR “KAR”, HƏQİQƏTİ GÖRMƏYƏNLƏR “KOR”DUR!
Mьəllif: admin1
Tarix: 20-09-2017, 10:11
HAQQI EŞİTMƏYƏNLƏR “KAR”, HƏQİQƏTİ GÖRMƏYƏNLƏR “KOR”DUR!
Rəhman Allahın həqiqi bəndələrinin səciyyələrindən biri də haqq sözü dinləyən qulağa və həqiqəti görən gözə malik olmalarıdır. Allah-Taala Qurani-Kərimdə bu xüsusiyyəti belə açıqlayır:

وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا

“(Allahın həqiqi bəndələri) Rəbbinin (vəhy, Quran və moizə kimi) nişanələri xatırlandıqa, ona kar və kor (kimi) itaət etməzlər.” (“Furqan” surəsi, ayə 73.)

Bu ayə ilə bağlı bir neçə məsələ diqqəti cəlb edir:

1. Rəbbin nişanələrini yada salanlar kimlərdir? Peyğəmbərlər və imamlardır, yoxsa alimlər və yaxud hər kəs? İlahi nişanələrin kimlər tərəfindən yada salınmasının həqiqi bəndələrə fərqi varmı?

Cavab: Ayədə “xatırladan” şəxsin kimliyi haqda söz açılmır. Odur ki, ilahi bəndələr Allahın nişanələri xatırlandığı zaman kar və kor deyillər, onların eşidən qulaqları, görən gözləri vardır.

2. “Rəbbin nişanələri” nədir?

Cavab: Bu haqda iki ehtimal var:

a) Məqsəd “təşrii nişanələr”dir, yəni Quran ayələri, vəhy və s.

b) Məqsəd “təkvini nişanələr”dir, yəni yaradılış aləmində Allahın əzəmət və böyüklüyünü, nizam-intizamı, elm, qüdrət və s. qəribəlikləri bildirən nişanələr nəzərdə tutulur. Əlbəttə, üçüncü ehtimal kimi hər iki qismi birgə nəzərə almaq da olar. Hər halda onlar Allahın təşrii və təkvini aləmə dair nişanələri xatırlanan zaman bunu eşidən qulaq və görən gözlə qarşılayarlar.

3. Ayədə qeyd olunan “summ” sözü “kar insanlar” mənasını daşıyan “əsəmm” sözünün, “umyan” sözü isə “kor insanlar” mənasını verən “əma” sözünün cəm formasıdır. Demək, ayədəki “ləm yəxirru ələyha summən və umyanən” – ibarəsi haqda deməliyik ki, bir sıra müsəlmanlar ilahi nişanələri görüb-eşitsələr də, onun möhtəvasından çox zahirinə qapılırlar. Belələri ilahi nişanələrə qarşı gözləri kor, qulaqları isə kar sayılır. Məsələn, o zaman Nəhrəvanda baş qaldıran “xəvaric” qrupu və ya indiki dövrdə zahir olan taliban, İŞİD və vəhhabilər eynilə bu tip insanlardır. Onları İslam və şəriətin yalnız zahiri maraqlandırır, nə qədər Quran tilavət etsələr də, gecələri ibadətlə keçirib alın və dizləri pinə bağlasa da, ilahi nişanə və ayələrin möhtəvasından bəhrəsizdirlər. Şübhəsiz, cahil və nadanların səhv, xəta və təhlükəsi düşmənlərlə müqayisədə olduqca çoxdur.

Rəhman Allahın həqiqi bəndələri isə haqqı tam mənası ilə eşidən, həqiqəti bütün aydınlığı ilə görən insanlardır.

Qurani-Kərimə görə, həyat mənəviyyatla məna kəsb edir və onsuz həyat puçdur.

İnsanların çoxu zahirən diri olsalar da, yəni nəfəs alıb-versələr də, yemək yesələr də, işləsələr də, nəsil artırsalar da Qurani-Kərim onları ölü adlandırır. “Ənfal” surəsinin 24-cü ayəsində buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ ...

“Ey iman gətirənlər, (Peyğəmbər) sizi həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Peyğəmbərin çağırışını qəbul edin...”

Belə ayələr zaman və məkana görə ölçülmür və hər kəsə şamildir. Biz də ona şamil oluruq. Allah-Taala bu ayədə diri və maddi həyata malik olan insanları yeni həyat verən şeyə dəvət edir və bu da məhz mənəvi həyatdır. “Nəml” surəsinin 80-81-ci ayələrində bu mətləb daha aşkar bəyan edilir:

إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِينَ. وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ

“(Ey Peyğəmbər!) Şübhəsiz, sən (sözünü) ölülərə eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən. Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (həqiqətən) iman gətirənlərə eşitdirə bilərsən. Elə buna görə də, (onlar Bizim müqabilimizdə) təslimdirlər.”

Ayədə qeyd olunan “ölülər” torpaq altında yatanlar deyil, əksinə maddi həyata malik və mənəvi həyatdan uzaq, eşidən qulaqları, və görən gözləri olmayan diri insanlardır. Belələri haqq sözü eşitməz, Peyğəmbəri-Əkrəm (s) Quran tilavət etdiyi zaman onlar barmaqları ilə qulaqlarını tutar, hələ libaslarını da başlarına çəkərlər! Onlara ən böyük hidayətçi və xilaskarın sözü belə təsir etməz. İmam Əli (ə) Kumeyl ibn Ziyada buyurur: “Sərvət yığanlar zahirdə dirilərin sırasında olsalar da, ölüdürlər. Alimlər isə dünya durduqca diridirlər. Onların ruhu dünyadan getsə də, çöhrələri qəlblərdə (və xatirələrdə) yaşayır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 147.)

Bu hədisdə bir neçə məsələ diqqəti cəlb edir:

1. İmam Əli (ə) mal-dövlət toplayıb, nə özləri, nə də başqalarının bəhrələnməsinə icazə verən sərvətliləri ölü adlandırır.

2. Cəmiyyətin inkişafı üçün çalışan din alimləri, imam Əlinin (ə) təbirincə, “rəbbani-ilahi alimlər” həmişə diri və mənəvi həyata sahibdirlər, hətta dünyalarını dəyişsələr belə! Çünki onların adı və xatirəsi, düşüncələri, əsərləri, təlimləri və şagirdləri yaşayır və bu da onları yaddaşlarda əbədi saxlayır.

İslam nöqteyi-nəzərindən hər bir şeyin həyat və ölümü onun təsiri və bərəkətindən asılıdır. Xeyir-bərəkəti davamlı olan hər bir şey xarici vücudu olmasa da diridir, xeyir-bərəkəti və müsbət təsiri olmayan şey isə diri olsa da, ölüdür. Elə buna görə də, İslam mədəniyyətində haqqı eşitməyənlərə “kar”, həqiqəti görməyənlərə isə “kor” deyilir. (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.146-149.)


Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031