Allahın kitabında ən yaxşı ümmət, ən yaxşi camaat hansıdır?
İnsanlar toplum olaraq millət, vətəndaş, ümmət və sair bu kimi qisimlərə bölünür. Bunların içində ümmət məfhumu (anlayışı) əhatə baxımından daha genişdir. Ümmət anlayışı bir dini istilah olaraq, eyni əqidədə, eyni dini etiqada mənsub olan topluma deyilir. Məsələn İslam ümməti. Bura təriqət və məzhəbindən aslı olmayaraq bütün müsəlmanlar daxildir.
Hazırda yer üzündə səmavi və qeyri səmavi olaraq coxlu dinlər vardır. Səmavi dinlər Allah Təala tərəfindən göndərilmişlər, qeyri səmavi dinlər isə, idoloji-fəlsəfi məktəb olaraq insanlar tərəfindən tərtib edilmişdir. Allah Təala tərəfindən zaman-zaman yer üzü əhli üçün müxtəlif səhifələr və kitablar nazil olub. Sonuncu din olaraq İslam dini ilə bu nazilolmanı xətm etmiş və bəşər üçün, ona kifayət edəcək bir din olaraq, İslamı bəyənib seçmişdir: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim" (Maidə-3). Digər bir ayədə isə Allah Təala bu dinə üz tutanları, dini yaşayanları, Allaha inanları, dini qoruyanları və insanları Allahın yoluna dəvət edənləri belə vəsf edir: Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız (Ali-İmran- 110). Rəbbimiz bu ayə ilə bir neçə mətləbi bəyan etmiş, yaxşılığın və üstünlüyün meyarını bəyan etmişdir. Mətləblərə diqqət edək: 1-İnsan: Hamımızın insan olması, yaradılışımızın bir olması, arzu və hisslərimizin bir olması 2-Ortaya çıxarılmamız: Yəni yaradılmamız. Hamımız yaradılmışıq, demək yaradanımız var, Yaradan yaratmış və hədəflə yaratmışdır. Çünki heçbir şey hədəfsiz yaradılmır 3-Ümmət olmağımız: Eyni dini düşüncəyə, Vahid Allaha pərəstiş etməmiz 4-Yaxşı: Demək yaxşı varsa onun müqabili pis də var. Bu anlamlar varsa bunların meyarı da vardır. 5-Yaxşılığa dəvət və pislikdən çəkindirmə: Bu Allah Təalanın bəyəndiyi və bizə dəyər qazandıran işlərdəndir. Bu çox önəmli bir məsələdir ki, bəzə dəyər qazandırır. Çünki bu əməllə həm özümüz, həm də çəkindirdiklərimiz islah olur. İnsan islah olduqca dəyər qazanır. Yəni insanın Allah yanında dəyəri onun islah olaraq Allaha “yaxınlaşması” qədərdir. 6- Nəticədə bütün bunlar bir nöqtədə düyünlənir: Allaha imanda. Allah Təalanın kitabında ən yaxşı camaat, ən yaxşı millət, ən yaxşı ümmət Allaha iman gətirib yaxşı iş görən, pisliklərdən çəkinib, başqalarını da bu pisliklərdən çəkindirən ümmətdir. Y.Nuriyev Oxşar xəbərlər
|