Qurani-Kərimdə mərsiyə ənənəsi
İlk mərsiyə Allah Təala tərəfdən olmuşdur. Müşriklərin qızları üçün mərsiyə deyilmişdir, çünki müşriklər qızlarını diri-diri torpağa basdırardılar.
Belə ki, Qurani-Kərimdə buyurulur: “Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman, Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman, (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb, sahibsiz qalacağı zaman, Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman, Dənizlərin dolacağı və qaynayacağı zaman, (Bərzəx)ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman, Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?»- deyə soruşular)”. (“Təkvir” 1-9). Bu ayələrdə Allah Təala tərəfindən müşriklərin diri-diri öldürülən qızları üçün mərsiyə deyilir. Müşrikdir, ancaq məzlumdur. Bu ayələrdən belə nəticəyə gəlmək olar ki, cəmiyyət gərək məzlumun müdafiəsinə fəryad çəksin. Bəzi cahillər deyir ki, əzadarlıq bidətdir. Halbuki, Uca Allahın Özü bu ayələrdə əzadarlığı təqdim edir. Allah Təala “Buruc” surəsində müsəlmanlar haqqında buyurur: “And olsun bürcləri olan göyə Və and olsun vəd olunmuş günə (Qiyamət gününə) Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına); Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!”. (“Buruc” 1-4). Bəs xəndək sahibləri kimlərdir? Bir dərə qazıb orada atəş yandırıblar və möminləri ora atıb necə yandıqlarına tamaşa etmişdilər. Bəli, bu möminlər məzlum idi. “O, odunla dolu şölələnən atəş. O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər. Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər”. (“Buruc” 5-7). Bəs onların günahı nə idi? “Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular”. (“Buruc” 8). Onların günahı iman idi. Bəli, onlar məzlum idi. Əmirəl-möminin (ə) buyurur: “Məzlumun faydasına olun”. İnsanda iki qüdrət vardır: ağıl və bəyan qüvvəsi. İnsan danışmayınca, onun ağlından xəbər tutmaq olmaz. Quranda buyururlu: “Beləliklə, onunla danışdıqdan (və onun ağlını, elmini və mənəvi keyfiyyətlərini gördükdən) sonra dedi: «Sən bu gün(dən) bizim yanımızda yüksək məqamlı və etibarlı şəxssən!»”. (“Yusif” 54). Ağlın çırağı bəyan qüvvəsi olduğu kimi, sevginin çırağı da göz yaşlarıdır. Hər kim göz yaşı tökməz, deməli sevgi problemi vardır. İmam Rza (ə) buyurur: “İmam Hüseyn (ə) üçün gərək ağlayaq. İmam Hüseyn (ə) üçün ağlamaq böyük günahları aradan aparar”. Əmirəl-möminin (ə) buyurur: “Allah yer üzünə diqqət etdi, bizi seçdi. Bizim davamçılarımızı seçdi”. Sonra buyurdu: “Bizim davamçılarımız kimlərdir? O kəslər ki, bizə yardım edər, bizim şadlığımızda sevinər, bizim qəmimiz üçün qəmgin olar. Malını paylayar və can verər. O kəslər ki, bizim üçün bayram edər və bizim əzamız üçün əza saxlayar, onlar bizdəndirlər və hesabları da bizimlədir”. Əzadarlıq elə olmalıdır ki, Əhli-beytin (ə) hədəfi dirçəldilsin, deyilən xütbə mənalı olsun, təkcə hisslər cuşa gəlməsin. Həm şövq olsun, həm də şüur. Haqqun-nasa riayət olunsun. /Deyerler.org/ Oxşar xəbərlər
|