Müstəhəb qüsüllər və hökmləri
Müqəddəs İslam şəriətində müstəhəb qüsüllər çoxdur, o cümlədən;
1. Cümə qüslü: Onun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində "rəca” niyyəti ilə etsin. Cümə qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun: أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّ الله ُوَحْدَهُ لاَشَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطَهِّرِينَ. "Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəcəlni minəl-mutətəhhirin”. 2. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 23-cü gecəsinin axırındakı başqa bir qüsl. 3. Zilhəccənin 24-cü gününün qüslü. 4. Novruz bayramının, şəbanın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qədənin 25-ci gününün qüslü. 5. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü. 6. Məst halda yatan şəxsin qüslü. 7. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəbb deyildir. 8. Yaxından və ya uzaqdan, məsumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun müstəhəb olması sübuta yetməyib. Bu qüslləri yerinə yetirmək istəyən şəxs gərək rəca qəsdi ilə yerinə yetirsin. 9. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü; 10 - . Fitir və Qurban bayramı gününün qüslü; Bunun vaxtı sübh azanından Günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq etsinlər. 11. Zil-Həccənin 8-ci və 9-cu günlərinin qüslü; 9-cu günün qüslü, daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. 12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü; 13. Ehram qüslü; 14. Məkkə şəhərinin hərəm sayılan qismətlərinə daxil olmaq qüslü; 15. Məkkəyə daxil olmaq qüslü; 16. Kəbə evinin ziyarəti qüslü; 17. Kəbəyə daxil olmaq qüslü; 18. Nəhr və zibh üçün qüsl; 19. Həlq üçün edilən qüsl; 20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü; 21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü; 22. Peyğəmbərin (s) məscidinə daxil olmaq qüslü; 23. Peyğəmbərin (s) pak qəbrinin vida qüslü; 24. Düşmənlə mübahilə üçün edilən qüsl; 25. Dünyaya təzə gələn uşağa verilən qüsl; 26. İstixarə üçün edilən qüsl; 27. İstisqa (yağış tələb etmək) üçün edilən qüsl; Əgər insan yuxarıda qeyd olunan müstəhəb qüsllər kimi şərən müstəhəb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri görə bilər. Amma rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz. Qeyd edək ki, bir şəxsə bir neçə qüsl müstəhəb olsa, hamısının niyyəti ilə bir qüsl etsə kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsüllə kifayətlənmək işkallıdır. Oxşar xəbərlər
|