İmam Hadi (ə) həzrət Zeynəb olduğunu iddia edən xanımın yırtıcı şirlər olan qəfəsə atılmasını istədi, amma…
Abbasilər dövlətinin 10-cu xəlifəsi olan Mütəvəkkilin (l) dövründə bir qadın peyda olaraq özünü həzrət Fatimənin (s.ə) qızı həzrət Zeynəb olaraq tanıtdırır və bu adla xalqdan pul toplayır. Əsgərlər bu qadını tutub, Mütəvəkkilin hüzuruna gətirirlər.
Mütəvəkkil soruşur: “Əgər sən həqiqətən Fatimənin qızı Zeynəbsənsə, 200 ildən çox bir vaxt keçməsinə baxmayaraq necə hələ də sağsan?” Qadın cavab verir: “Peyğəmbər (s) mənim başıma əlini çəkdi və hər qırx ildə bir gəncliyimin geri qayıtması üçün dua etdi. Mən bu zamana qədər özümü həmişə insanlardan gizlətmişəm. Amma aclıq və səfalətə məruz qalandan sonra özümü tanıtdırmaq məcburiyyətində qaldım.” Mütəvəkkil qadını dinlədikdən sonra bu mövzunu Abbasilər dövləti və Qureyşin tanınmış, öncül şəxslərinə anlatdı. Onlar bu hadisəni təkzib etdilər və həzrət Zeynəbin filan tarixdə dünyadan köçdüyünü söylədilər. Mütəvəkkil üzünü qadına tutaraq, “bu deyilənlər haqqında nə söyləyəcəksən” dedi. Qadın da öz növbəsində həzrət Zeynəbin ölümü ilə bağlı söylənənlərin yalan olduğunu bildirdi. O dedi: “Mənim üçün ölüm ilə həyat arasında heç bir fərq yoxdur.” Mütəvəkkil bu qadını haqsız yerə yalançılıqla cəzalandırmaq istəməyərək, başqa çarə axtardı və İmam Hadidən (ə) kömək almaq fikrinə düşdü. O bu problemi İmam Hadidən (ə) başqasının həll edə bilməyəcəyini anlayaraq əsgərlərə dərhal imamı saraya gətirmələrini əmr etdi. İmam Mütəvəkkilin sarayına gətirildi. Mütəvəkkil baş verənləri imama danışdı. İmam Hadi (ə) qadının yalançı olduğunu söyləydi və bildirdi ki, həzrət Zeynəb (s) filan tarixdə vəfat etib. Mütəvəkkil üzünü imama tutub “sizin bu dediklərinizi biz də düşündük. Amma qənaətbəxş bir dəlil olaraq görə bilmədik.” İmam (ə) buyurdu: “Elə isə sizə həqiqəti ortaya çıxarmaq üçün bir tövsiyəm var.” Mütəvəkkil soruşur: “Nə etməliyik?” İmam (ə) buyurdu: “Həzrət Fatimənin (s.ə) övladlarının əti bütün vəhşi heyvanlara haram edilmişdir. Qadını içində aslanlar olan bir qəfəsə qoyun, əgər ona toxunmasalar, iddiası doğrudur…” Mütəvəkkil içində aslanlar olan bir qəfəs hazırlatdırdı. Qadına iddialarının doğru olduğunu isbatlamaq üçün qəfəsə girməsini söylədi. Qadın isə “İmam mənim ölməyimi istəyir, əgər dedikləri doğrudursa, öncə özü qəfəsə daxil olsun” dedi. Mütəvəkkil bu fürsəti qənimət sayaraq İmamdan da qurtulmaq üçün “ey İmam əgər dediklərin doğrusa, sən özün qəfəsə girə bilərsənmi?” söylədi. İmam Mütəvəkkilin təklifini qəbul edib, qəfəsə daxil oldu. Aslanlar İmamı görən an onun ətrafına toplanıb, təvazökarlıq və məhəbbətdən quyruqlarını sağa-sola yellədi. Başlarını imamın ayaqlarına qoyaraq oturdular. Sanki imama səcdə edirdilər. İmam aslanların başını sığallayıb bir müddət sonra, aslanlara əli ilə işarə edərək ətrafından dağılmalarını, qəfəsin bir küncünə getmələrini əmr etdi. Bunu görən Mütəvəkkil imam Hadidən (ə) üzr istəyib, qəfəsdən çıxmasını istədi. Mütəvəkkil qadına doğru gedərək, “indi sənin növbəndir, əgər iddian doğrudursa, qəfəsə daxil ol” dedi. Qadın qorxu və iztirabla “lütfən, məni buraxın, mən yalan söylədim. Kasıblıq və yoxsulluq məni bu yalanı söyləməyə vadar etdi. Bu yolla insanlardan pul toplayırdım” deyə yalan söylədiyini etiraf etdi. Bəzi mənbələrdə Mütəvəkkilin qadını aslanlara yem edərək cəzalandırdığı, bəzi mənbələrdə isə onu bağışladığı rəvayət edilir. Oxşar xəbərlər
|