TÖVBƏ VƏ İSTİĞFAR MƏSUMLUQLA BİR ARAYA SIĞIRMI?
Mьəllif: admin1
Tarix: 17-11-2021, 20:46
TÖVBƏ VƏ İSTİĞFAR MƏSUMLUQLA BİR ARAYA SIĞIRMI?
SUAL: Bilirik ki, Peyğəmbərlər və imamlar günahdan pak, məsumdurlar. Bununla onların bəzi dualarında görürük ki, zahirən günahlarını etiraf edir və Allah dərgahından bağışlanmaq diləyirlər. Məsələn, məşhur “Kumeyl” duasında həzrət Əli (ə) Allah dərgahına belə ərz edir: “Pərvərdigara, Səninlə olan rabitəmi qıran günahlarımı bağışla... Pərvərdigara, mənim günah və xətamı əfv et...”

Günahdan pak olan insanlar nə üçün belə dua etməlidirlər? Onlar xalqa dua etməyi öyrədirlər, yoxsa bu dualarda başqa bir məna var?

CAVAB: Hələ qədim zamanlarda İslam alimlərinə bu sayaq suallar ünvanlanmışdır. Alimlərin verdiyi cavablar zahirən fərqli olsa da, onların mahiyyəti eynidir. Uyğun dualarda günah təbiri arxasında bizim düşündüyümüz günah nəzərdə tutulmur.

İzah: Bilməliyik ki, ictimai, əxlaqi, elmi, tərbiyəvi, dini işlərdə insanlar eyni dərəcədə vəzifəli deyillər. Hər bir insandan onun gücü həddində əməllər gözlənilir. Bu mövzunu aydınlaşdırmaq üçün saysız-hesabsız misallar göstərə bilərik.

Onlardan birinə nəzər salaq: Bir qrup şəxs ictimai işlərdə irəli düşərək, məsələn, imkansızlar üçün xəstəxana tikmək istəyir. Əgər adi bir fəhlə öz maaşından cüzi bir məbləğ bu yolda yardım göstərərsə, onun bu işi hamı tərəfindən bəyənilər. Amma varlı-dövlətli bir insan həmin fəhlənin göstərdiyi yardım qədər pul təqdim etdikdə, nəinki bu iş xoşa gəlmir, hətta nifrət və narahatlıq yaradır.

Demək, eyni bir məbləği fəhlə ehsan etdikdə, bu iş bəyənilir, varlı adam ehsan etdikdə, qınaqlarla üzləşir. Hansı ki, varlı adamın az məbləğ yardım göstərməsi onun üçün günah deyil.

Demək, hər kəsə qarşı onun ağıl, bilik, iman, qüvvə imkanları həddində tələblər irəli sürülmüşdür. Bir adam üçün ədəb, xidmət, məhəbbət və ibadət sayılan bir iş digər bir insan üçün ədəbsizlik, xəyanət, riyakarlıq, itaətsizlik hesab oluna bilər.

Deyilənləri nəzərə alaraq, peyğəmbərlərin və imamların mövqeyinə baxaq və onların əməllərini fövqəladə mövqeləri ilə tutuşduraq. Peyğəmbərlər və imamlar varlıq aləminin Yaradıcısı ilə bilavasitə bağlıdırlar.

Yaradanın sonsuz elm və bilik şüası birbaşa onların qəlblərinə yönəlir. Başqaları üçün məxfi olan bir çox məsələlər peyğəmbərlər və imamlar üçün aşkardır. Onların elm və biliyi iman və təqvası ən ali dərəcədədir.

Bir sözlə, onlar Allaha o qədər yaxındırlar ki, bir an Allaha diqqətsizlik onlar üçün büdrəmə sayılır. Ona görə də, başqaları üçün halal və ya məkruh (bəyənilməmiş) olan bir işin peyğəmbər və imamlar üçün günah sayılması təəccüb doğurmamalıdır.

Quran ayələrində və din böyüklərinin söhbətlərində onlara aid edilən bütün xətalar bu qəbildəndir. Yəni onların mənəvi məqamı və mövqeyi, elm və biliyi, iman və təqvası o qədər üstündür ki, cüzi bir qəflət onlar üçün günah sayılmışdır. Bu səbəbdən də, deyilir ki, əbrarın (yaxşıların) saleh əməlləri müqərrəblər (Allaha yaxınlar) üçün günah sayılır. (“Rəhbərane-bozorg”, səh.232-238.)

Böyük şiə filosofu mərhum Xacə Nəsirəddin Tusi öz kitablarından birində yuxarıdakı sualı belə cavablandırır: “Haram iş görən və ya vacib əmri tərk edən kəs günahkardır və tövbə etməlidir.

Bu günah və tövbə bütün adi insanlara aiddir. Eləcə də, müstəhəb (bəyənilmiş) işləri tərk etmək və məkruh işləri görmək bir növ günah sayılır və bundan da tövbə etmək lazımdır. Bu sayaq günah və tövbə isə, nisbətən pak adamlara aiddir...

Amma Quranda və rəvayətlərdə Adəm, Musa, Yunus və sair peyğəmbərlərə aid edilən günahlar əvvəl qeyd etdiyimiz günahlardan deyil. Allahdan qeyrisinə ülfət bağlamaq, dünya işlərinə məşğul olub Allahdan qəflətdə qalmaq həqiqət əhli üçün bir növ günah sayılır. Həqiqət əhli bu sayaq günahlardan tövbə etməli və Allahdan bağışlanmalarını diləməlidirlər...

İslam Peyğəmbəri (s) və din öncüllərimiz öz dualarında günahlarını etiraf edib Allahdan bağışlanma diləsələr də, onların günahı əvvəldə xatırlatdığımız günahlardan deyil.” (“Ovsaful-əşraf”, səh.17.)

Yaxşı olardı ki, qarşımızdakı suala daha dolğun cavab vermək üçün böyük şiə alimi Əliyy ibn İsa Ərbilininin nəfis “Kəşful-ğummə fi mərifətil-əimmə” kitabının 3-cü cildində imam Kazimin (ə) həyat tarixçəsinin bəyanına nəzər salaq: “Yeddinci imam (ə) şükür səcdəsi zamanı oxuduğu bir duasında müxtəlif günahlarını etiraf edir və Allahdan bağışlanma diləyir... Həmin dua ilə rastlaşdıqda, onun mənaları haqqında çox düşündüm.

Təəccübləndim ki, şiənin məsum, pak hesab etdiyi bir şəxs necə ola bilər ki, günahlarını etiraf etsin və bağışlanma diləsin?!

Amma bir nəticəyə gələ bilmədim. Nəhayət, bir gün İbn Tavusla bir məclisdə oldum və ondan bu məsələ haqqında soruşdum.

O buyurdu: “Bu növ dualar xalqı öyrətmək üçündür.” Mən onun cavabı barədə düşünüb öz-özümə dedim: “Axı imam Kazim (ə) bu duanı gecə yarı səcdə halında oxumuşdur və həmin vaxt yanında kimsə olmamışdır. Axı o kimi öyrədirdi?! Bu görüşdən bir müddət sonra Məhəmməd ibn Əlqəmi Vəzir mənə həmin sualla müraciət etdi.

Mən həmin əvvəlki cavabı ona dedim və öz iradımı bildirdim. Әlavə etdim, olsun ki, Həzrət bu duanı təvazökarlıq baxımından oxumuşdur. Bir sözlə, İbn Tavusun cavabı məni qane etmədi. O, dünyadan köçənədək mən bu fikirdə qaldım.

Zaman ötdü və mən uyğun sualın düzgün cavabını tapdım: Peyğəmbərlərin və imamların ömrü Allahın zikri ilə keçmişdir. Onların könlü daim uca aləmin seyrindədir. Onlar daim “Allaha elə ibadət et ki, sanki onu görürsən; əgər sən onu görmürsənsə,

O səni görür.” buyruğunu əsas götürmüşlər. Onlar daim Allaha üz tutmuş və Onun haqqında düşünmüşlər. Əgər bir an fikirləri Allahdan yayınmışsa, yemək-içmək və sair halal işlərlə məşğul olmuşlarsa, bunu özləri üçün günah və xəta hesab etmişlər.

Bu səbəbdən də, Allah dərgahına tövbə etmiş və bağışlanma diləmişlər. Həzrət Peyğəmbərin “yaxşıların saleh işi Allaha yaxın olanlar üçün günahdır.” buyruğu da bu gerçəkliyə işarədir. (“Kəşful-ğummə”, 3-cü cild, səh.42-44; “Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.139-143.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031