İmam Hüseynin (ə) Hürrə oxuduğu məşhur xütbəsində diqqət edilməli 3 nöqtə
İmam Hüseynin (ə) məşhur xütbələrindən biri də Hürr və səhabələri qarşısında dediyi xütbədir. O, bu qısa xütbəsində üç mühüm mövzuya işarə etmişdir:
1. İnsanların zalım hakim qarşısında vəzifələri vardır. Peyğəmbərin (s) buyurduğu kimi, əgər insanlar zalım hakimi görüb ona qarşı çıxmazlarsa – zalımların yoldaşları hesab olunarlar. 2. Həzrət Hüseyn (ə) özünün ümmət üçün ən üstün rəhbər olduğunu vurğulamışdır. Belə ki, Məsum İlahi rəhbərdir. 3. Üçüncü nöqtə Kufə əhlinin Həzrətlə (ə) bağladığı əhd və peyman idi ki, ona vəfasızlıq etdilər. O Həzrət (ə) Kufə əhlinin yazdığı məktublara işarə edərək, buyurur: “Məktublarının məzmunu belədir ki, mənimlə beyət edirlər və mənimlə əhd bağlayırlar ki, düşmən qarşısında məni tək qoymayacaqlar. Mənə yardım etməkdən əl çəkməyəcəklər. İndi əgər öz əhdlərinə vəfadar qalsalar – səadəti və insanlıq dəyərini əldə edərlər. Əgər əhdlərini sındırsalar – Allaha and olsun ki, bu iş onlar üçün təzə deyildir. Siz atam, qardaşım, əmimoğlu Müslimlə də bu cür rəftar etmisiniz. Agah olun! Hər kim əhdi sındırar, öz ziyanına sındırmış olar. Allah və Onun dini sizin yardımınızdan ehtiyacsızdır”. Həzrət (ə) bu xütbəsinin sonunda Quran ayəsi oxuyur: “Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin)onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə, (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir”. (“Fəth” 10). Bu ayə Hudəybiyyə müqaviləsi zamanı nazil olmuş ayələrdəndir ki, Peyğəmbər (s) döyüşün qarşısını almaq üçün müsəlmanlarla beyətini təzələmişdi. Bu ayə onu demək istəyir ki, Peyğəmbərlə (s) olan beyət – əslində Allahla bağlanan beyətdir və hər kim ona vəfasızlıq edib sındırar, əslində Allaha vəfasızlıq etmiş olar və Onun düşmənlərindən hesab olunar. Kufə əhli də öz əhdini pozaraq düşmənlərin sırasına qoşuldular ki, nəticədə məhz özləri ziyan gördülər. Hər kim Məsumlarla (ə) olan beyətinə vəfadar qalar – özündən qeyrisi fayda görməz. Çünki Allah bu cür beyətlərdən ehtiyacsızdır. /Deyerler.org/ Oxşar xəbərlər
|