İmamsız müvəhhid olmaq mümkünmü?
Müvəhhid Allahın birliyinə inanan tövhid əhlinə deyilir. Qurani-Kərimə müraciət etsək görərik ki, bir ayə belə tapmaq mümkün deyil ki, orada Allah-təala öz müqəddəs zatı haqqında "mövcuddur", "vardır" sözü işlətsin. Bəlkə bundan daha çox Allahın təkliyi barədə buyurulub.
Zatən Allahın vücudu, var olması o zamanın da bu zamanın da insanlarına gün kimi aydın bir məsələdir. Qurana diqqət edəndə görürük ki, o zamanın müşrikləri belə Allahın varlığına inanırdılar. Amma düzəltdikləri bütlərin onları Allaha yaxınlaşdıracağını umur və ümid edirdilər. O cür çətin və böhranlı şəraitdə Allah-təala qafil bəndələrə elçilər göndərdi. Onlar insanları özlərinin yonub düzəltdikləri bütlərə sitayiş etməkdən çəkindirirdilər. Ən sadə, insanın dərk edə bilcəyi bir şəkildə etdikləri təbliğ, dedikləri söz də "onları sizlər düzəldirsiniz, onlar hərəkət etməyə belə qadir deyillər, bəs onlardan necə xeyir umursunuz" sualı idi. Bu tip suallar o zamanın insanı üçün çox vacib və vicdan oyadan suallar idi. Bu günün insanına əlbəttə o zamanın büt məbədlərinin kahinləri asanlıqla inandıra bilməzlər ki, yonulub düzəldilən bütlər insanları Allaha çatdırır. Bu da ilahi peyğəmbərlərin (ə) əməyinin bəhrəsidir. Nəhayət nübuvvət və risalət sona çatmalı və öz yerini imamətə təhvil verməli idi. İslam Peyğəmbəri (s) peyğəmbərlərin sonuncusu olduğu üçün İslam ümməti və dövləti başsız qalmamalı idi. Allahın seçilmiş bəndələri peyğəmbərlik yekunlaşmış olsa belə imamət ünvanında davam etməli idi. Allah-təala öz nurunu imamlar (ə) vasitəsilə çatdırmalıdır. Bütün imamlarımız (ə) peyğəmbərlər kimi əzab-əziyyət görmələrinə baxmayaraq bir an belə ilahi dəvətdən geri çəkilmədilər. İslam Peyğəmbərinə (s) edilən zülmlər, əziyyətlər, təhrimlər, təhdidlər Ondan sonra onun övladları olan imamlara da edildi. Özü də daha pis və qəddarcasına. Şəhadətini qeyd etdiyimiz İmam Rza (ə) xəlifə tərəfindən nəzarət altına alınan imamlardan biri idi. Məlun xəlifə Məmun istəyirdi ki, İmam (ə) onun yaşadığı yerə yaxın bir yerdə yaşasın. Bununla da İmamı (ə) fəaliyyətlərdən və şiələrdən uzaq tutmağa çalışırdı. Amma etdiyi hər işdə özü rüsvay olurdu. Halbuki məqsədi İmamı (ə) rüsvay etmək idi. Bayram namazını İmama həvalə edib sonra hakimiyyəti üçün təhlükə görüb imtina etməsi, İmamı (ə) zahirdə vəliəhd təyin edib sonra yenidən təhlükə görüb bu işdən vaz keçməsi buna bariz nümunədir. Bəs görəsən İslam Peyğəmbərindən (s) sonra ilahi imamlara və imamətə ehtiyac var idimi? Bəli, var idi. Çünki Peyğəmbər (s) vücudən insanlardan ayrılmışdı. Amma buna baxmayaraq ümmətə rəhbərlik edən insanlar lazım idi. Təəssüflər olsun ki, imamların qiymətini bilməyən insanlar özlərini çox təhlükəli bir bəlaya düçar ediblər. Onlar İslam Peyğəmbərindən (s) sonra İslam dövlətinin və ümmətinin rəhbərə ehtiyaclı olduğunu qəbul edirlər. Bu işin həm ağıla uyğun olduğunu deyir, həm də səhabələrə müraciət edirlər. Səhabələrin çox az qismi isə İslam Peyğəmbərindən (s) sonra Əbubəkrə beyət etdilər. Deməli, başçının olması zəruridir. Amma o yerdə səhvə yol verildi ki, İslam Peyğəmbərinin (s) özündən sonra təyin etdiyi məsum imamlar (ə) bir kənara qaldı, insanların özlərindən birini seçdilər. Halbuki Peyğəmbər (s) Əhli-beyt (ə) haqqında açıq-aydın hədislər buyurmuşdu. Hətta 12 xəlifədən bəhs edən hədisi-şəriflərdə hər birisinin adı da qeyd edilib. Bundan əlavə zamanın zalım şahları da bu mətləbdən gözəl xəbərdar idilər. Nə üçün Məmun İmam Rza (ə) ağanı deyil, başqa insanları, fəqihləri nəzarət altına almırdı. Nə üçün bütün imamların hər biri şəhid edilib, əziyyət görüb, haqları tapdanıb. Məgər o zamanlarda imamlardan (ə) başqa insanlar yox idi? Nə üçün həmin başqa insanlar imam kimi qəbul edilmirdi. İmamdan və imamətdən uzaq düşən insanlar isə dində, əqidədə, fiqhdə bir çox sapmalara məruz qaldılar. Bu da bir sıra məzhəblərin, cərəyanların, təriqətlərin, əqidə-kəlam məktəblərinin yaranmasına səbəb oldu. Bu gün şiəni şirkdə ittiham edənlər İmam Rzanın (ə) mübarək həyatında baş verən hicrət hadisəsini yaxşı oxusunlar. İmam Nişapur yolunda xütbə oxuyur. Tövhidin Allahın qalası olduğunu insanlara çatdırdıqdan sonra buyurur ki, mən onun (tövhidin) şərtlərindən biriyəm. İmam Rza (ə) bildirir ki, imamətsiz hətta tövhidi anlamaq belə çətindir. Bu cür olmasaydı, bütün ümmət tövhidi, İslamı, fiqhi düzgün anlasa idi nə o zamanda nə də bu zamanda bu qədər ixtilaflar meydana çıxmazdı. Şiələr həmin insanlardır ki, tövhidin şərtlərindən olan imaməti qəbul edirlər və imamların nuru sayəsində doğru yolda sabit-qədəmdirlər. İmamlardan uzaq düşən insanlar ola bilər özlərini müvəhhid hesab etsinlər. Amma müvəhhid və müsəlman olmanın şərtlərindən biri budur ki, Allah buyurduğu bütün qanunlara qeydsiz-şərtsiz tabe olasan. Bəs görəsən Allahın əmrlərindən biri olan imamətə tabe olmayanlar həqiqi mənada müvəhhid və müsəlman hesab edilirlərmi? İslam Peyğəmbərinin (s) İmam Həsənin və İmam Rzanın (ə) şəhadəti münasibətilə zəmanənin sahibinə, əziz İmamımıza (ə.f) öz təsliyətlərimizi ərz edirik. Oxşar xəbərlər
|