Həqiqi Əhli-beyt (ə) davamçısının 3 mərtəbəsi
Əhli-beyt (ə) davamçılığının üç mərtəbəsi vardır ki, birinci mərtəbə Əhli-beytə (ə) olan eşqdır.
Bizlərin bir çoxu istər qadın olsun, istərsə də kişi, istər uşaq olsun, istərsə də qoca, istər savadlı olsun, istərsə də savadsız – İmam Əli (ə) və Əhli-beyt (ə) aşiqiyik. Hər birimiz deyə bilərik ki, bu eşq yolunda canımızı verməyə hazırıq. İkinci mərtəbə - şiəlik şüarimızdır. Biz Əli (ə) şiəsiyik və Əhli-beytin (ə) qəmində qəmlənir və sevincində sevinirik. Üçüncü mərtəbə isə Əhli-beyt (ə) yoluna əməl etməkdir. Şiəliyin mənası o deməkdir ki, yəni Əhli-beytə (ə) tabe olasan. Biz İmam Əli (ə) kimi namaza əhəmiyyət verməliyik. İmam Hüseyn (ə) kimi hətta ölüm ayağında belə namazı unutmamalıyıq. Həzrət Zəhra (ə) kimi iffətli və qeyrətli olmalıyıq. Xanım kimi fədakar olub özümüz yemədiyimizi başqalarına yedizdirməliyik. Əgər Əhli-beyt (ə) davamçısıyıqsa, gərək namazda səhlənkar olmayaq. İmamlar (ə) buyurur ki, belə müsəlman həqiqi Əhli-beyt (ə) davamçısı deyildir. İffətsiz və qeyrətsiz insan barədə də buyururlar ki, belələrini qəbul etmirik. Gərək şiənin əməli dilinə uyğun olsun. Ariflərdən biri nəql edir ki, sübh azanından əvvəl İmam Zamanı (ə.f) yuxuda gördüm ki, çox narahatdır. Hətta üzü qaralmışdır. Mənə buyurdu ki, bayramlara baş çəkməyə gəlmişdim, ancaq o qədər üzümə vurdular ki, oradan qaçdım. Yəni, iffətsizlik və qeyrətsizlik üzündən qaçdım. Əmirəl-möminin (ə) 25 il siyasətdən uzaq olduğu dövrdə 26 tarla abad etmişdi. Bütün bu tarlaları yoxsullar üçün abad etmişdi. Onlardan biri övladına miras qalmadı. Hamısı başqalarına görə idi. Həzrət Zəhranın (ə) Fədəyi vardır, ancaq onun bir hissəsini belə özünə aid etmədi, hamısı yoxsullar üçün idi. Əmirəl-möminin (ə) o zaman ki, dünyaya gəlir, gözünü heç kəs üçün açmır və nəhayət onu Peyğəmbərin (s) qucağına verən zaman gözünü ilk olaraq Həzrət (s) üçün açır və ona salam verir və sonra da buyurur: “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2). Ey Əhli-beyt (ə) davamçısı! Əgər həqiqi şiə olmaq istəyirsənsə bu üç meyara diqqət et və bu üç mərtəbəni bir-birinin ardınca keç ki, Əhli-beytin (ə) həqiqi davamçısı ola biləsən. Oxşar xəbərlər
|