İmam Cəfər Sadiqin (ə) Əbu Cəfər Məhəmməd ibn Numan Əhvələ nəsihəti
Əbu Cəfər deyir ki, İmam Sadiq (ə) mənə belə buyurdu: «Allah taala, Quranda insanların sirlərini ifşa edənləri qınamışdır». Mən dedim: «Canım sənə fəda olsun, Quranın hansı ayəsində qınamışdır». «Bu ayədə»- deyə buyurdu: «Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə (dərhal) onu yayarlar» ( «Nisa» surəsi, ayə 83).
İmam Sadiq (ə) daha sonra belə buyurdu: Bizim sirlərimizi ifşa edənlər, üzərimizə qılınc çəkən kəs kimidirlər. Gizli məlumatlarımızı (sirlərimizi) bilib onu ayaqları altına basdıran (gizlədən) bəndəyə Allah rəhmət etsin! Allaha and olsun ki, mən sizin pislərinizi, baytarın heyvanı tanımasından daha yaxşı tanıyıram. Sizin pisləriniz, Quranı xoşa gəlməyən bir şəkildə oxuyan, namazı vaxtın axırında qılan və dillərini qorumayan kəslərdir. Bil ki, Həsən ibn Əliyə (ə) xəyanət olunduqda, insanlar ətrafından dağıldıqda və O, məcbur qalaraq Müaviyə ilə sülh bağlayıb xilafəti ona təhvil verdikdən sonra bu sülhdən qəzəblənən bəzi şiələr İmama: «Əleyk-əs salam ya müzilləl muminin» (əleykəs salam ey möminləri zəlil edən!) deyə salam verirdilər. İmam Həsən (ə) da cavabında: «Mən möminləri zəlil etmədim, əziz etdim. Sizin onlara qarşı döyüşməyə gücünüzün olmadığını gördükdə, canlarımızın qorunması üçün belə etdim. Çünki o alim (Həzrət Xızır ə.s.), fəqirlərin gəmisində – gəminin sahiblərinə qalması və düşmənlərin əlinə düşməməsi üçün dəlik açdı. Mən də öz canımı və sizlərin canını qorumaq üçün belə etdim» dedi. Ey Numan oğlu! Mən bəzən sizin bəzilərinizə (gizli) bir söz söyləyirəm, o da o sözü yayır. Belə etdiyi üçün onu özümdən uzaqlaşdırır və ondan uzaq gəzirəm. Atam buyururdu ki: «Təqiyyədən daha çox gözü işıqlandıran nə var? Təqiyyə möminin sipəridir. Təqiyyə olmasaydı (zalımlar dini kökündən qoparar və) Allaha ibadət olunmazdı». Allah buyurur: «Möminlər, möminələri qoyub kafirlərlə dostluq etməsinlər. Kim belə edərsə, Allahla heç bir bağlılığı olmaz. Lakin onlardan çəkinsəniz (təqiyyə etsəniz), o başqa» («Ali-İmran» surəsi, ayə 27). Ey Numan oğlu! Münaqişədən çəkin! Çünki münaqişə əməlini zay edər. Cidal və mübahisədən çəkin! Çünki mübahisə səni həlak edər. Düşmənçilikdən də uzaq ol! Çünki düşmənçilik səni Allahdan uzaqlaşdırar». İmam (ə) daha sonra belə buyurdu: «Sidən əvvəlkilər susmağı öyrənirdilər, necə ki, siz danışmağı öyrənirsiniz. Onlardan biri abid olmaq istədikdə əvvəlcə on il susmağı öyrənirdi. Bu işi bacarsaydılar və susmağa səbir edə bilsəydilər ibadətə başlayardılar. Əks təqdirdə, «mən bu işin əhli deyiləm» - deyirdi. Yalnız uzun bir müddət, nalayiq sözlər söyləməkdən çəkinən və batil bir hökumətdə əziyyətlərə dözən (və dinini əldən verməyən) nicat tapar. Onlar, həqiqətən əsl-nəcabətli, seçilmiş insanlar, (Allahın) dostları və möminləridirlər. Mənim ən çox nifrət etdiyim şəxs vəzifəpərəst, söz gəzdirən və qardaşlarına həsəd aparanlardır; nə onlar məndəndir, nə də mən onlardanam. Bizim dostlarımız, əmrlərimizə tabe olan və bizim yolumuzu davam etdirən kəslərdir». Daha sonra buyurdu: «Allaha and olsun ki, əgər sizlərdən biri Allah yolunda yer üzü qədər qızıl sədəqə verərsə və sonra da bir möminə həsəd apararsa, həmin qızıllarla Cəhənnəmdə dağlanar». Ey Numan oğlu! İfşaçı (sirlərimizi yayan şəxs) bizi qılıncla öldürən şəxs kimi deyildir, onun günahı daha da böyük və daha çoxdur. Ey Numan oğlu! Bizim zərərimizə bir hədis söyləyən kəs (söyləmədiyimiz bir hədisi bizim adımızdan nəql edən kəs), bizi bilərəkdən qətlə yetirmişdir. Ey Numan oğlu! Zalim hökumətdə öz yolunla get. Qorxduğun və təhlükəli hesab etdiyin insanlara da salam verib xoş qarşıla. Çünki zalım hökmdara qarşı çıxan kimsə özünü ölümə ataraq həlak edər. Allah buyurur: «Öz əlinizlə, özünüzü təhlükəyə atmayın» («Bəqərə surəsi», ayə 195). Ey Numan oğlu! Biz elə Əhli-beytik ki, şeytan daim bizdən və bizim dinimizdən olmayan kəsləri bizim aramıza soxmaqdadır. Onlar məşhurlaşdıqdan və insanlar onları tanıyıb sözünə qulaq asdıqdan sonra Şeytan onlara bizim əleyhimizə danışmağı və bizə töhmət vurmağı əmr edər. Onlardan biri getdikdə, onun yerinə başqasını qoyar. Ey Numan oğlu! Kim (bilmədiyi) elmi bir məsələnin cavabında, «bilmirəm» deyərsə elmin yarısını əldə etmişdir (elmin haqqını əda etmişdir). Mömin o kəsdir ki, əyləşdiyi müddətdi kinli ola bilər, lakin yerindən qalxdıqda artıq kin qəlbindən çıxar. Ey Numan oğlu! Alim bildiyi hər şeyi sənə söyləyə bilməz. Bunlar, Allahın Cəbrayıla (ə), Cəbrayılın (ə) Məhəmmədə (s), Məhəmmədin (s) Əliyə (ə), Əlinin (ə) Həsənə (ə), Həsənin (ə) Hüseynə (ə), Hüseynin (ə) Əliyə (ə) (Zeynəl-Abidin (ə)), Əlinin (ə) Məhəmmədə (ə) (Baqir (ə)), Məhəmmədin (ə) də sirrini söylədiyi şəxsə (burada imam Sadiq (ə) özünü nəzərdə tutur) buyurduğu sirlərdir. Elə isə tələsməyin. Allaha and olsun ki, bu işin gerçəkləşməsi (Peyğəmbər Əhli-beytinin qurtuluşu və ədalətli bir hökumətin qurulması) üç dəfə yaxınlaşmış, amma onu ifşa etdiyimiz üçün Allah onu təxirə saldı. Allaha and olsun, sizin elə bir sirriniz yoxdur ki, düşməniniz onu sizdən daha yaxşı bilməsin. Ey Numan oğlu! Əmrimdən çıxdığın üçün özünə acı! Sirrimi ifşa etmə səid oğlu Müğeyrə, atamın adından yalan söylədi və sirrini ifşa etdi. Allah da dəmirin itiliyini ona dadızdırdı. Əbul Xəttab da, mənim adımdan yalan söylədi və sirrimi faş etdi. Allah taala dəmirin istiliyni ona da dadızdırdı. Allah taala, sirlərimizi gizli saxlayan şəxsləri dünya və axirətdə ziynətləndirər, mükafatlandırar, onu dəmirin istiliyindən və zindanın sıxıntısından qoruyar. İsrail övladları elə bir qıtlığa düçar oldular ki, heyvanları və uşaqları həlak oldu. Musa ibn İmran (ə) Allaha dua etdi: «Ey Musa, bu qövm açıq-aşkar zina edir, sələm (faiz) yeyir, məbədləri abad edib zəkatı (namazı) viran ediblər. (Bu səbəbdən əzaba layiqdilər). Həzrət Musa: «Allahım, öz rəhmətinlə onlara lütf et. Çünki onlar dərk etmirlər»» dedi. Bu duadan sonra Allah taala Həzrət Musaya (ə) belə vəhy etdi: «Mən qırx gündən sonra onlara yağış göndərib imtahan edəcəyəm». (Bu vəd gizli qalmalı idi. Lakin bəziləri bundan xəbərdar olub-olmaz) bunu ifşa edib yaydılar. Bax, bunun üçün qırx il yağış onların üzərinə yağmadı. Sizin də işiniz (zalım hökmdarlardan qurtulmanız) yaxınlaşmışdı, amma bir yerə toplaşıb (məclislərinizdə) bunu ifşa etdiniz (beləcə də qurtuluşunuz təxirə düşdü). Ey Əbu Cəfər (Numan oğlu)! Sizin xalq ilə nə işiniz var! Onlardan əl çəkin! Heç kəsi bu işə (şiəliyə) dəvət etməyin. Allaha and olsun ki, əgər yer və göy əhli birləşib, Allahın hidayət etmək istədiyi bir bəndəni azdırmaq istəsələr, bacarmazlar. Camaatdan əl çəkin! Heç biriniz «qardaşım», «əmim», «qonşum» deməsin. Allah taala, hər kimin xeyrini istəsə, onun ruhunu paklayar. Belə ki, haqq və gözəl bir söz eşidər-eşitməz, onu qəbul edər və pis bir söz eşidər-eşitməz onu rədd edər. Daha sonra Allah taala onun qəlbində, elə bir kəlmə ilham edər ki, işlərini düzgün yerinə yetirər. Ey Numan oğlu! Əgər qardaşının səninlə səmimi dost olmasını istyirsənsə, onunla zarafat etmə, münaqişə etmə, onun qarşısında öyünmə və onunla düşmənçilik etmə. Bütün sirlərini dostuna açıb söyləmə. Ona elə sirləri söylə ki, əgər düşmənin xəbərdar olsa, sənə bir zərər toxunmasın. Çünki dostun da bir gün düşmənə çevrilə bilər. Ey Numan oğlu! Əgər bu üç xislət bir bəndəd olmasa onu mömin adlandırmaq olmaz: Biri Allaha xas olan xislətdir, biri Peyğəmbərə və o birisi də İmama xas olan xislətdir. Allaha xas olan xislət sirləri gizlətməkdir. Çünki Allah taala, öz haqqında belə buyurmuşdur: «O, qeybi biləndir. Kimsəni qeybdən agah eməz» («Cinn» surəsi, ayə 26). Peyğəmbərə xas olan xislət, xalqı yola vermək və onlara gözəl bir əxlaqla davranmaqdır. İmama xas olan xislərt isə, Allah nicat verənədək çətinlik və sıxıntıya dözmək və səbrli olmaqdır. Ey Numan oğlu, bəlağətli danışıq, nə sərt danışıq, nə də mənasız danışıq. Bəlağə, məqsədi anlatmaq və dəlili ortaya qoymaqdır. Ey Numan oğlu! Kim Allah dostlarını psiləyən bir kimsənin yanında otursa, günah işlətmişdir. Kim bizim üçün qəzəblənib intiqam ala bilməsə və buna görə də səbr etsə, Cənnətin ən yüksək dərəcəsində bizimlə birgə olar. Kim gün boyu sirlərimzi ifşa etməklə məşğul olarsa, Allah, dəmirin istiliyini və zindanın darlığını ona dadızdırar. Ey Numan oğlu, üç şey üçün elm öyrənmə: özünü göstərmək, öyünmək və mübahisə etmək. Üç şey üçün də elmi tərk etmə: cəhalətə meylli olmaq, elmə rəğbətsizlik və xalqdan utanmaq. Yayılmayan elm, üstü bağlı qalan çırağa bənzər. Ey Numan oğlu! Allah, bir bəndənin xeyrini istədikdə qəlbində nurdan bir nöqtə vücuda gətirər. Bu zaman quşun öz yuvasına uçmağından daha cəld sizin məzhəbinizə üç tutar. Ey Numan oğlu! Allah, biz Əhli-Beytin sevgisini göylərdən – ərşin altındakı qızıl və gümüş xəzinələrinə bənzər xəzinələrdən müəyyən bir miqdarda endirər və onu ən yaxşı məxluquna bağışlayar. Bu xəzinələr, yağış buludlarına bənzəyər. Allah taala sevdiyi kəsə bu neməti vermək istədikdə, bu xəzinələrə bir bulud kimi yağmasını göstəriş verər və anasının qarnında olan körpəni ətə-cana gətirər. («Tuhəful-uqul» İmam Cəfər Sadiqdən hədislər bölümü). Oxşar xəbərlər
|