HƏQİQİ MÖMİNLƏR...
İmam Əli (ə) bir hədisdə həqiqi möminin xüsusiyyətləri haqda belə buyurur:
الْمُؤْمِنُ وَقُورٌ عِنْدَ الْهَزاهِزِ، ثَبُوتٌ عِنْدَ الْمَكارِه، صَبُورٌ عِنْدَ الْبَلاء، شَكُورٌ عِنْدَ الرَّخاء، قانِعٌ بِما رَزَقَهُ اللَّهُ، لا يَظْلِمُ الْاعْداءَ، وَ لا يَتَحامَلُ لِلْاصْدِقاءِ، النَّاسُ مِنْهُ فى رَاحَةٍ، وَ نَفْسُهُ مِنْهُ فى تَعَبٍ ...؛ “Mömin ağır hadisələr zamanı möhkəm, xoşagəlməz hadisələr zamanı sabit, bəlalar müqabilində təmkinli, nemətlər müqabilində şükür edən və Allahın ona verdiyi ruziyə qanedir. Mömin düşmənlərinə haqsızlıq etmir, öz yükünü dostlarının çiyninə yükləmir, özü əzab-əziyyətdə olsa da, camaat onun əlindən rahatlıqdadır...” (“Mizanul-hikmət”, 1-ci cild, səh. 332, fəsil 291, hədis 1408.) Möminin xüsusiyyətləri ilə bağlı nəql olunan hədislər çoxdur və hər biri onun şəxsiyyətinin bir guşəsini aşılayır. Bu hədisdə isə, həqiqi möminin doqquz xüsusiyyəti göstərilir ki, onun bir hissəsi möminin fərdi, bir hissəsi isə ictimai əxlaqına aiddir. Hədisin başlanğıcında onun fərdi xüsusiyyətindən söz açılaraq buyurulur: 1. الْمُؤْمِنُ وَقُورٌ عِنْدَ الْهَزاهِزِ، ثَبُوتٌ عِنْدَ الْمَكارِه – “Mömin ağır və xoşagəlməz hadisələr zamanı möhkəm və sabitdir.” “Həzzə” sözündən alınmış “həzahiz” sözü ağır və təkanverici hadisələr mənasındadır və geniş məna daşıyır. Ağır hadisələr bəzən müsibətlər və əlacsız xəstəliklər, bəzən də düşmən hücumları və ağır işgəncələrdir və s. Mömin bütün bu hadisələr müqabilində dağ kimi möhkəm və sabitqədəmdir, imanının köməyi ilə tufanlar müqabilində özünü itirmir, vüqarla onları arxada qoyur. 2. صَبُورٌ عِنْدَ الْبَلاء – “Mömin bəlalar müqabilində təmkinlidir.” Hər bir insan, başına gələn bəla və müsibətlər zamanı taqətsizlik etmir, səbri özünə peşə seçir ki, ilahi imtahanlardan başıuca çıxsın. 3. شَكُورٌ عِنْدَ الرَّخاء – “Mömin nemətlər müqabilində şükür edəndir.” Mömin bəla və müsibət zamanı özünü itirmədiyi və təmkinli olduğu kimi, nemətin çoxluğu da onu Allahdan, yəni bu nemətlərin həqiqi sahibindən qafil etmir, rahatlıq zamanı da Allahı yad və Onun nemətlərinə şükür edir. O, dildə Allahın nemətlərinə şükür etdiyi kimi, əməldə də belədir; yəni ilahi nemətləri yalnız Rəbbin razılığı yolunda xərcləyir. 4. قانِعٌ بِما رَزَقَهُ اللَّهُ – “Mömin Allahın ona verdiyi ruziyə qanedir.” Qənaətin səmərəsi rahatlıqdır. Mömin sadə həyat tərzi ilə rahatlığa çatır. Bəziləri isə böyük sərvətlərə və neçə mərtəbəli villalara sahib olduqları halda, azacıq rahatlıqdan məhrumdurlar. Hədisin davamında möminlərin dörd ictimai xüsusiyyətindən söz açılır: Onlar heç kimə, düşmənlərinə belə zülm və haqsızlıq etmir, öz işlərini dostlarının çiyninə yükləmir və özləri əzab-əziyyətdə olsalar da, camaat onların əlindən rahatlıqdadırlar. İlahi, bizə bu səciyyələrin bariz nümunəsinə çevrilməkdə yardımçı ol, çətinlik və sıxıntıda olan möminləri Öz pənahında qoru və onlara gözəl səbir əta elə! (Maide.az) Oxşar xəbərlər
|