ZİYANKAR VƏ ƏN ZİYANKAR KƏSLƏR
Ayə və rəvayətlərə nəzər saldıqda, aydın olur ki, axirət xoşbəxtliyi yalnız iman və imandan doğmuş əməl sayəsində əldə edilə bilər. Küfr isə, insanı əbədi bədbəxtliyə aparır. Bəzən insan öz nəfsinin və şeytanın təsiri altında bilə-bilə şər işlərə qurşanır, sonra isə peşman olur. Amma elələri də var ki, özünü yaxşı insan hesab etdiyi halda, bir də ayılır ki, cəhənnəmlikdir. Ən ziyankar kəslər belələridir:
قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا. الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا. أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ... “(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da, onların bütün əməlləri puça çıxdı...” (“Kəhf” surəsi, ayə 103-105.) Bəli, ən ziyankar o kəslərdir ki, əslində puç dünya əməllərinə arxayın olublar. NƏ ÜÇÜN “ƏN ZİYANKAR”? Maraqlıdır ki, gördüyü işlərin pisliyini bildiyi halda, onları davam etdirənlər “ziyankar”, pis işi yaxşı güman edərək davam etdirənlər isə “ən ziyankar” adlandırılmışdır. Bu sualın cavabında ilahi bir qanunauyğunluğu incələmək lazım gəlir. İnsan bəzən o qədər günaha yol verir ki, yaxşını pisdən seçmək qabiliyyətini itirir. Belə insana elm və biliyin də köməyi olmur. “Casiyə” surəsinin 23-cü ayəsini yada salaq: أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً... “Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?” Nəfsə itaət elə bir dərəcəyə çatır ki, insan öz bildiyinə qarşı kor olur. “Nəhl” surəsinin 108-ci ayəsində buyurulur: أُولَـئِكَ الَّذِينَ طَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَارِهِمْ وَأُولَـئِكَ هُمُ الْغَافِلُونَ “Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Doğurdan da, onlar qəflətdədirlər.” Başqa bir ayədə isə belə oxuyuruq: إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ. خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ... “Doğurdan da, kafirləri qorxutsan da, qorxutmasan da, fərq etməz, onlar inanmayacaqlar; Allah onların qəlbləri və qulaqlarına möhür vurmuşdur, gözləri önündə isə pərdə vardır...” (“Bəqərə” surəsi, ayə 6-7.) Belə insanların qəlbinin ilahi nurdan məhrum olmasının səbəbi öz günahlarıdır. İnsan üçün ən böyük əzab onun yaxşını pisdən ayıra bilməməsidir. Belə bir hal isə insanın günahlarının qanuni nəticəsidir. “Səff” surəsinin 5-ci ayəsində buyurulur: وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَد تَّعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ “(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?” Onlar (haqdan) üz döndərdi. Allah fasiqləri doğru yola yönəltməz!” Bu qayda elmlə məşğul olan insanlar üçün çox mühüm xəbərdarlıqdır. (“Be suye-xoda – Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.163-165.) (Maide.Az) Oxşar xəbərlər
|