İmam Həsənin(ə) şəhidlikdən də ağır sınağı
Rəbul-Əvvəlin 26-sı İmam Həsənin (ə) Müaviyyə ilə sülh müqaviləsi bağladığı və xilafəti məcburi şəkildə Müaviyyəyə verdiyi gündür. Bu barədə müxtəlif səbəblər, müxtəlif tarixi faklar qeyd olunub. Hətta İmamın (ə) bu işini Hz. Əlinin (ə) və İmam Hüseynin (ə) yolu ilə müxalif olduğunu da deyənlər vardır.
Bu sualın cavabını üç mövzuda axtarmaq olar: İmamda (ə), Müaviyyədə və dövrün hadisə və proseslərində. İmamların (ə) elm, bilik və iradə baxımından fərqli olmadığına etiqadımız olduğu üçün bu məsələni (sülhü) digər iki mövzuda araşdıraq. Əgər Müaviyyənin özündə axtarsaq qeyd etməliyik ki, hicrətin 41-ci ilində bu sülh müqaviləsi imzalandı. İmam Həsən (ə) isə hicrətin 50-ci ilində şəhadətə yetişdi. Səkkiz il Müaviyyə ilə sülh əsasında yaşadı. İmam Həsənin (ə) şəhadətindən sonra isə zəmanə imamı İmam Hüseyn (ə) oldu. İmam Hüseyn (ə) da Müaviyyənin ölümünə qədər (hicri 60) 10 il qardaşı İmam Həsən (ə) kimi səbr edir. Görünən budur ki, qiyamdan öncə zalımın iç üzü açılmalıdır. İmam Həsən də (ə) bunu etdi. Bu gün həmin dövrü təhlil edəndə bunun açıq şahidi oluruq. Müaviyyə müqaviləni ayaqlar altına atıb heç birinə əməl etmədi. Bu da o deməkdir ki, İmam Hüseyn (ə) da Müaviyyə ilə sülh anlaşması şəraitində yaşayıb və imamlıq edib. Bəs nə üçün Yezidin vaxtında qiyam etdi? Müaviyyə vaxtında qiyam etmədi? Halbu ki, onların hər ikisi zalim, Peyğəmbər (s) ailəsinin və dostlarının düşməni, Allah dininin müxalifləri idilər? Demək diqqət olunmalı məqam həmin iki xəlifənin rəftarında və dövru hadisələrdə idi. Müaviyyə zahirdə özünü mühafizəkar, müsəlmanların qeydinə qalan, Osmanın siyasi davamçısı, dindar kimi göstərirdi. Onun siyasi fəaliyyətinə mane olmayanlara toxunmur, müəyyən ictimai dini ayinlərin icrasına diqqət edir, məscidlərdə müsəlmanlarla ünsiyyət qurur, özünü qayğıkeş xəlifə kimi göstərirdi. . Dr. Əli Şəriəti İmam Həsənin (ə) bu səbrinə işarə edərək qeyd edir ki, İmam Həsənin (ə) sülhün acısına dözüb yaşaması Kərbəla faciəsindən də ağır idi. Yezid isə heç bir səriştəsi olmayan, içtimai fikiri nəzərə almayan, zahirən İslama və dini qayda qanunlara əhəmiyyət verməyən, indiki dillə desək “azad fikirli” , günü əyaşlıqla keçən, əxlaqsız biri idi. Belə birinin müsəlmanlar tərəfindən devirilib, qovulmaq ehtimalı yəqin ki, daha çoxdur, nəinki Müaviyyə kimi bir hiyləgərin. Demək İmam Hüseyn (ə) da Müaviyyə vaxtında 10 il səbr edibsə, sülhün və qiyamın tələblərini zalim xəlifənin rəftarında və hadisələrin gedişatında axtarmaq lazımdır. Yaşar Nuriyev Oxşar xəbərlər
|