Günahsız qadın və imamətə böyük sadiqlik
Mьəllif: admin1
Tarix: 28-03-2022, 12:49
Günahsız qadın və imamətə böyük sadiqlik
Bəşar Məkari nəql edir: “Kufədə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrət (ə) xurma yeməklə məşğul idi. Mənə buyurdu: “Bəşar! Əyləş və bizimlə xurma ye!”.

Dedim: “Ağacan, yolda bir hadisə gördüm ki, mənə pis təsir etdi, ona görə də heç nə yeyə bilmərəm”.

Buyurdu: “Yolda nə müşahidə etmisən ki?”.

Dedim: “Mən yolda gələn zaman gördüm ki, məmurlar bir qadını döyüb, zindana tərəf aparırlar. Hər nə qədər yardım istəsə də, heç kəs ona kömək etmədi”.

Buyurdu: “Məgər o qadın nə etmişdi ki?”.

Dedim: “İnsanların dediyinə görə, qadın yolda gedən zaman ayağı büdrəyir və deyir: “Allah sənin zalımlarına lənət etsin, ey Fatimə!””.

İmam (ə) bu sözləri eşidən zaman ağlamağa başladı. Dəsmalı və saqqalı göz yaşından islandı. Buyurdu: “Bəşar! Qalx Səhlə məscidinə gedək və o qadının nicat tapması üçün dua edək”.

Bir nəfəri də saraya göndərdi ki, o qadının halından xəbər tutsun.

Səhlə məscidinə gəldik və iki rükət namaz qıldıq. Həzrət (ə) o qadının nicat tapması üçün dua etdi və səcdəyə getdi. Başını səcdədən qaldırıb buyurdu: “Hərəkət edək, onu azad ediblər”.

Məsciddən çıxdıq və İmamın (ə) saraya göndərdiyi həmin şəxs geri qayıtmışdı. Yolda Həzrəti (ə) görüb dedi: “Onu azad etdilər”.

İmam (ə) soruşdu: “Necə azad etdilər?”.

Həmin şəxs dedi: “Bilmirəm, mən saraya gedən zaman qadını həbsdən azad edirdilər. Onu sultanın yanına apardılar və o qadından soruşdu: “Nə etmisən ki, məmurlar səni həbs ediblər?”. Qadın da başına gələnləri danışdı.

Sultan da ona 200 dirhəm verdi, ancaq o, qəbul etmədi. Onu azad etdilər.

Həzrət (ə) buyurdu: “200 dirhəmi götürmədi?”.

Dedi: “Allaha and olsun ki, yox”.

İmam (ə) buyurdu: “Bəşar, bu yeddi dinarı o qadına ver, çünki çox ehtiyacı vardır və mənim də salamımı ona çatdır”.

Mən bu pulu qadına verdim və İmamın (ə) salamını ona çatdırdım, qadın sevinərək dedi: “İmam (ə) mənə salam göndərir?”.

Dedim: “Bəli”.

Qadın huşdan getdi və yerə yıxıldı. Özünə gələndə dedi: “İmam (ə) mənə salam göndərdi?”.

Dedim: “Bəli”.

Üç dəfə bu sualı verdi və mən də cavab verdim. Sonra dedi ki, mən də onun salamını İmama (ə) çatdırım və deyim ki, İmamın (ə) kənizidir və duasına ehtiyacı vardır.

Qayıdıb qadının sözlərini İmama (ə) danışdım. İmam (ə) ağlayan halda o qadına dua etdi”.

Allah Təala bizləri imaməti dərk edənlərdən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930