DİNDARLIQDA MÖHKƏMLİYİN, DÜZLÜYÜN SƏMƏRƏLƏRİ
İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, əgər bizim şiələrimiz möhkəm olsalar mələklər onlarla görüşər, buludlar onlara kölgə salar, başları üstündən və ayaqları altından onlara ruzi göndərilər, bütün istədikləri onlara əta olunar».
Bütün insanlar səadət sorağındadırlar. Onlar çətinlikdən sıxılır, xilas olmaq üçün yol axtarırlar. Amma hər zaman səadətə can atan insan həqiqi xoşbəxtliyi tanımaqda çətinlik çəkir. Çoxları belə təsəvvür edir ki, onların fitri istəyi olan xoşbəxtlik ötəri dünya ləzzətlərindədir. Ona görə də həqiqi səadəti tanımamış öz təsəvvürlərinin əmri ilə dünya ləzzətləri dalınca qaçırlar. İkinci bir qism insan isə anlayır ki, ötəri dünya ləzzətləri səadət ola bilməz. Onlar açıq-aşkar görür ki, hər hansı dünya ləzzətini xoşbəxtlik bilən insan bu ləzzətə çatdıqdan bir müddət sonra nəinki özünü xoşbəxt hiss etmir, hətta bədbinliyə qapılır. Bu insanlar səadəti nədə görürlər? Bu sualın cavabında onlar da iki qrupa bölünür: Birinci qrupa mənsub olanlar öz ağılları və ilahi peyğəmbərlərin köməyi ilə həqiqi səadəti Allaha yaxınlıqda tapırlar. Onlar əmin olurlar ki, əbədi xoşbəxtlik yalnız Allaha yaxınlıqdır. İkinci qrupa mənsub insanlar isə gecə-gündüz baş sındırır, mübahisə edir, şəkk-şübhəyə düşür və ömürlərinin son nəfəsinədək əzab çəkirlər. Həqiqi səadəti tanımaq istəyənlər və onu Allahla yaxınlıqda görənlər əvvəlcə bu məqama aparan yolu tanımalıdırlar. Amma səadəti Allahla yaxınlıqda görənlərin əksəriyyəti bu səadət yolunu tanımaq üçün lazımınca səy göstərmirlər. Onlar cəmiyyətin təsiri altına düşərək həqiqi təkamül yolundan uzaqlaşırlar. Əlbəttə ki, bu sahədə müvəffəqiyyətlər də fərqlidir. Kimi fərdi, kimi ictimai, kimi də siyasi məsələlərdə zəruri agahlığı əldə edə bilmir. Amma doğru yolu tanımaq da azdır. Bu yolu tanıdıqdan sonra hərəkətə başlamaq lazımdır. Doğru yola düşmüş insanın səadətə çatması onun iradəsindən, ifratla təfrit arasında orta həddi tuta bilməsindən çox asılıdır. Oxşar xəbərlər
|