Nəbi ilə rəsulun fərqi nədir?
Qurani-Kərim bəzən Peyğəmbəri (s) nəbi və bəzən də rəsul adlandırmışdır. Nəbi ilə rəsulun arasında fərq vardırmı?
Nəbi, lüğətdə xəbər verənə deyilir. Rəsulun isə lüğətdəki mənası göndərilən deməkdir. Ona görə də belə görünür ki, nəbi ilə rəsulun arasındakı fərq, vəhyin nazil olmaq keyfiyyəti ilə bağlıdır. Belə ki, nəbi o kəsdir ki, İlahi vəhyi yuxuda qəbul edir. Ancaq rəsul o kəsdir ki, İlahi vəhy ona Allahın mələkləri vasitəsilə nazil olur. İmam Muhəmməd Baqir (ə) bu ayənin təfsirində buyurmuşdur: “(Allahın) elçi(si və xalqa) xəbər gətirən idi”. (“Məryəm” 54). Rəsul – o kəsdir ki, Cəbrayil (ə) qarşısında mücəssəm olar. O, Cəbrayili (ə) görər və onunla söhbət edər. Nəbi o kəsdir ki, yuxular görər, necə ki, İbrahim Xəlil (ə) görürdü. Allah Rəsulunun (s) risalətdən əvvəl gördüyü yuxular kimi”. Həzrət Muhəmməd Baqir (ə) başqa yerdə buyurur: “Peyğəmbər o kəsdir ki, yuxuda görər və səs eşidər. Mələyi gözü ilə görməz. Rəsul o kəsdir ki, mələyin səsini eşidər və gözü ilə görər”. İmam Baqirdən (ə) gələn başqa hədisdə oxuyuruq: “Həqiqətən, Allah İbrahimi (ə) peyğəmbəri etməzdən əvvəl Öz bəndəliyinə qəbul etmişdir. Onu rəsul etməzdən əvvəl peyğəmbərliyə götürmüşdür. Xəlil etməzdən əvvəl risaləti üçün seçmişdir. İmam etməzdən əvvəl Xəlil etmişdir. O zaman ki, bütün bu məqamlar onun üçün hazır oldu, ona buyurdu: “Ey İbrahim! Həqiqətən Mən səni insanlar üçün İmam etdim””. Beləliklə deyə bilərik ki, İslam Peyğəmbəri (s) həm nəbi və həm də rəsul olmuşdur. Hər ikisi də Həzrətə (s) aid edilmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|