Hansı halda güzəşt etmək məsləhət görülmür?
İslam dini hər bir şeydə ifratı və ya təfriti bəyənmir və qəbul etmir. Dinimiz başqalarının səhvini bağışlamağı və əfv etməyi həmişə tövsiyə edən dindir. Ancaq bəzən elə insanlar vardır ki, onların səhvini bağışlamaq həmin şəxsi daha cürətli edir və pis işlərə meylini artırır. Belə olan halda həmin şəxsi asanlıqla əfv etmək heç də məsləhət görülmür. Əksinə, ona cəza verilməsi tövsiyə olunur.
Bəzən şəxsiyyətli insanlara qarşı tətbiq etdiyimiz əfvin səviyyəsi alçaq insanlarda əks təsir göstərir. Əmirəl-möminin (ə) bu haqda buyurur:“Böyük insanları islah edən həddə olan əfv və güzəşt, alçaq insanları məhv edər”. Yəni, alçaq insana güzəştin həddi və səviyyəsi daha aşağı olmalıdır. İnsan onu asanlıqla əfv etməməlidir, çünki onun özünə ziyan vurur. İmam Səccad (ə) buyurur: “Sənə pislik edən kəsin haqqı odur ki, ondan keçəsən. Ancaq əgər onu əfv etməyi ziyanlı bilərsənsə, onu cəzalandıra bilərsən”. İmam Əli (ə) o kəsi ki, elmi olaraq xata etmişdir, əfv etməyə layiqlibilməmişdir. Həzrət (ə) buyurur: “O kəs ki, günahın çirkinliyinə bəsirət ilə düçar olar, əfvə layiq deyildir”. İmam Baqir (ə) nəql edir: “Bir gün Əmirəl-möminin (ə) insanlara Quran və əhkamı öyrətdiyi dərslərin birindən sonra məsciddən çıxır və yolda bir kişiyə rast gəlir. O, İmama (ə) çirkin sözlər deyir. İmam (ə) tez bir zamanda məscidə qayıdır və əmr edir ki, insanları xəbərdar etsinlər. Özü də minbərə çıxır və kifayət qədər insan gəlir. Ədəbsiz həmin kişi də hazır olur. İmam (ə) Allaha həmd və sitayiş etdikdən sonra buyurur: “O kəs ki, bir saat əvvəl danışırdı, haradadır?”. Həmin kişi özünü tanıdır. İmam (ə) ona buyurur: “İndi əgər mən istəsəm, insanların hüzurunda dediklərini deyərəm”. Kişi deyir: “Əfv et və bağışla, çünki sən güzəşt əhlisən!”. İmam (ə) buyurur: “Əfv etdim və keçdim””. İmamın (ə) əfv etmək üsulu onu göstərir ki, ilk olaraq həmin kişi öz sözləri ilə İmamın (ə) əfv etmək səlahiyyətini isbat edir. Ondan sonra İmam (ə) onu bağışlayır və onu cəzalandırmaqdan əl çəkir. Beləliklə deyə bilərik ki, insan ona pislik edən tərəfin insanlıq dəyərlərini qiymətləndirərək onu əfv və güzəşt etməlidir. Əgər böyük və ali dəyərlərə malik insandırsa, onun səviyyəsinə uyğun əfv etməlidir. Yox, əgər alçaq insandırsa, onu asanlıq əfv etmək olmaz. Yaxşı olar ki, əvvəl onu cəzalandırsın və səhvini başa düşməsinə şərait yaratsın. Ondan sonra əfv etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|